Yuxarı

Üçüncü devalvasiya qapıda

Üçüncü devalvasiya qapıda

Qadir İbrahimli:“Neftin qiymətlərində artma-azalma...”

Natiq Cəfərli:“Mərkəzi Bankın apardığı siyasət öz neqativ nəticəsini verir”

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna qarşı keçirdiyi uğurlu hərbi əməliyyatlar cəmiyyətdə eyforik vəziyyət yaradıb. Ordumuzun uğurlarının davamını istəyən xalqda ölkəni cənginə almış total-iqtisadi böhranın yaratdığı problemlərə səthi münasibət formalaşıb. Əməliyyatların davam edəcəyinə dair hakimiyyət tərəfindən mesajlar isə başqa bir iddianı ortaya çıxarıb.

Gələn məlumatlara görə, cəmiyyətin eyforiyaya qapılmasından istifadə edərək, Mərkəzi Bank növbəti devalvasiyaya getməyə hazırlaşır. Artıq qərarın elan olunacağı ilə bağlı məsləhətləşmələrin aparıldığı da iddialar arasındadır. Bir sıra iqtisadçılar da bunu istisna etmirlər. Bildirilir ki, növbəti kəskin devalvasiya Azərbaycanda soyğunçu bahalaşma tendensiyasının əsasını qoya bilər ki, bu da iqtisadiyyatdakı inflyasiyanı dərinləşdirə bilər. Növbəti devalvasiyanın ölkəni defolta aparacağı da istisna olunmur.

Qeyd olunur ki, Mərkəzi Bank “üzən məzənnə” siyasətinə keçdiyini bildirsə də, faktiki olaraq valyutadəyişmə məntəqələrinin və bankların məzənnə ilə bağlı qərarlarına müdaxilə edir. Yəni elan olunmuş qərarın əksinə olaraq, məzənnə yenə də Mərkəzi Bank tərəfindən müəyyən olunur. Manatı stabil məzənnədə saxlamaq üçün isə kifayət ədər valyuta ehtiyatları yoxdur.

Neftin dünya bazarlarında ucuzlaşma trendi və xarici ticarət dövriyyəsinin kəskin şəkildə azalması, iqtisadçılara görə, devalvasiya riskini daha da artırır.

“İqtisadi göstəricilər dəyişməyib”

İqtisadçı-ekspert Qadir İbrahimli “Cümhuriyət”ə Azərbaycanda heç vaxt növbəti kəskin devalvasiyanın olmayacağını bildirib. Q.İbrahimli fikrini Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsilə əlaqələndirib: “Mərkəzi Bankın bu kursu kəskin devalvasiya qərarlarını inkar edir. Digər yandan ölkədə konkret iqtisadi göstəricilər dəyişməyib ki, kəskin devalvasiyaya ehtiyac yaransın. Neftin qiymətlərində artma-azalma, xarici ticarət dövriyyəsində kəskin sıçrayışlar baş verməyib. Bu nöqteyi-nəzərdən devalvasiyanın olacağı ilə bağlı ciddi əsas yoxdur”.

“Dolların məzənnəsi 1.65 manat ola bilər”

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında kəskin devalvasiyanın olması ehtimalının aşağı olduğunu bildirib. N.Cəfərli qeyd edib ki, iqtisadiyyat iki devalvasiyadan sonra hələ də özünə gəlməyib: “Bank və idarə sektorlarında çox ciddi problemlər var. Bank sektorundakı problemlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı da çox açıq bəyanatlar verib. Amma son günlərdə Mərkəzi Bankın heç bir əsaslandırma olmadan manatın möhkəmlənməsi prosesinə start verməsi, məzənnəni addım-addım yüksəldəcək. İl ərzində ən yüksək məzənnə dollar-manat nisbətində 1.64 olmuşdu.

Yaxın zamanlarda həmin səviyyəyə doğru bir hərəkətlənməni görəcəyik. Təxminən, dolların məzənnəsi 1.65 manata qədər yüksələ bilər. Çünki neftin qiymətləri də çox aşağıdır. Perspektivdə də neftin qiyməti ilə bağlı ciddi problemlər yaranacağı görünür.

Mərkəzi Bankın apardığı sərt monetar siyasət də artıq öz neqativ nəticəsini verir. Bank sektorunda, kreditləşmə ilə bağlı ciddi problemlər yaranıb, ticarət dövriyyəsi zəifləyib.

Hətta Neft Fondunun büdcə qarşısında manatla öhdəliyinin yerinə yetirilməsində problem yaranıb. Fond valyutanı satışa çıxarır, amma banklarda manat yoxdur ki, onu alsınlar. Mərkəzi Bank da Neft Fondunun satdığı dolları almağa başlayıb. Bu baxımdan yaxın gələcəkdə manatın məzənnəsində ciddi oynamalar olacaq. Kəskin devalvasiyanın olması ehtimalı isə çox aşağıdır”.

Mənsur

 





Həftənin ən çox oxunanları