Yuxarı

Üçüncü devalvasiyanın təhlükəsi

Üçüncü  devalvasiyanın  təhlükəsi

 

Fuad İbrahimov: “İmitasiya siyasətinin axırı yoxdur”

Manatın bir ildə iki dəfə dəyər itirməsi yaranmış iqtisadi böhran bədbin proqnozlara yol açır. Baş verənlər tezliklə üçüncü devalvasiyanın ola biləcəyi ehtimalını artırır. Ekspertlərin fikrincə, hal-hazırda manatın məzənnəsi real dəyərindən aşağıdır. Mərkəzi Bank bunu süni şəkildə tənzimləyir. Ancaq neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Mərkəzi Bankın da maliyyə resuslarına mənfi təsir göstərir. OPEC-in Dohada keçirilən son iclasında neft ölkələrinin razılığa gələ bilməməsi neftin qiymətinin ucuzlaşmasına səbəb olub. Artıq neftin qiyməti 7 faiz ucuzlaşıb.

Bu manatın məzənnəsinə necə təsir göstərəcək? Mərkəzi Bankın süni iqtisadi alətlər hesabına saxladığı “sabitlik” davamlı olacaqmı?

Azərbaycan iqtisadiyyatının birbaşa neftdən asılı olması heç kimə sirr deyil. Neftin dəyər itirməsi ölkə gəlirlərinə də birbaşa təsirini göstərir. Maliyyə resurslarının kəskin azalması, manatın məzənnəsinin sabit qalmasını mümkünsüz edir. Çünki bir yandan gəlirlər azalır, digər tərəfdən isə artıq Mərkəzi Bankın da maliyyə resursları tükənmək üzrədir.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət”ə şərhində görülən işlərin imitasiya olduğunu bildirib. Onun sözlərinə görə, bu imitasiyaların axırı yaxşı bitməyəcək:

“Manatın məzənnəsinin sabit saxlanılıması üçün verilən proqnozların özü də heç bazar iqtisadiyyatının prinsiplərinə cavab vermir. Deyirlər üzən məzənnəyə keçmişik, ancaq iqtisadi sabitliyimiz çox zəifdir. Manat haqda proqnozlar onu göstərir ki,  üzən məzənnəyə keçməmişik. Yenə də inzibati yolla bunu idarə edirik. Bu onu sübut edir ki, biz manatın məzənnəsini süni şəkildə saxlayırıq. Hal-hazırda da manatın məzənnəsi süni iqtisadi alətlər hesabına saxlanılır. İqtisadiyatımızı, maliyyəmizi formalaşdıran dövlət qurumları artıq bir-biri ilə bəhsə giriblər. Ölkə rəhbərliyinə sübut etmək istəyirlər ki, kim kimdən yaxşı işləyir. Maliyyə Nazirliyi büdcədə müsbət pofisid yaradır. Mərkəzi Bank manata qıtlıq yaradır ki, dollara tələbat azalsın və yeni yaradılmış palata dollarla verilən kreditləri dayandırır. Bunlar görüntü yaradırlar ki, proses davam edir. Bu kompleks şəkildə vəziyyətdən çıxmaq üçün imitasiya siyasətidir.  Bu görülən işlərin heç birinin axırı yaxşı qurtarmayacaq. Bazar iqtisadiyyatı, bazar demək deyil. Biz hal-hazırda sanki qumar oynayırıq. Neftin qiyməti qalxsa manatın məzənnəsi sabitləşəcək. Bizim makroiqtisadi tarazlığımız pozulub. Bizim maliyyə ehtiyatlarımız sürətlə tükənir. Bu yaxşı nəticə verməyəcək”.

Ekspertin fikrincə, vəziyyət çıxmağın yolları var, ancaq tətbiq olunmur: “Neftdən asılığımız göz qabağındadır. Biz nefti bir kənara qoysaq, hansı sektordan gəlir əldə edə bilirik? Heç birindən, belə bir sektor bizdə yoxdu. Açılan fabriklərin, zavodların, vergi ödəyicilərinin hamısının hesabatları var. O hesabatlardan görünür ki, bu müəssisələrin hamısı tənəzzülə doğru gedir. Tənəzzül dövründə makroiqtisadiyyatı necə tarazlaşdırmaq olar? Bunun yollar var, sadəcə olaraq biz bunu tətbiq etmirik. Tətbiq etmək yolunda imitasiyalar aparırıq”.

Fuad İbrahimov hökumətin üçüncü devalvasiya getməyəcəyini bildirib: “Üçüncü devalvasiya ehtimalı artır. Ancaq hökumət nəyin bahasına olursa-olsun buna  imkan verməyəcək. İqtisadiyyatın siyasi və sosial yönümlü bağlılıqları da var. Hesab edirəm ki, üçüncü devalvasiya olsa sosial narazılıqlar olacaq. İdarəolunmaz sosial partlayış baş verə bilər. Çünki istehlak olunan malların 70-80 faizi ölkəyə idxal olunur. Devalvasiya  qiymətlərə təsir edəcək. Bu amili nəzərə almaq lazımdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları