Yuxarı

Azərbaycanda kredit kartı dövrü başa çatdı

Azərbaycanda kredit kartı dövrü başa çatdı

“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək. Devalvasiyanın zərbəsinin fasadları aradan qalxmamış Maliyyə Bazarlarına Nəzarət Palatası nağdsız ödənişlərə növbəti zərbəni vurdu”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

S.Əliyevin sözlərinə görə, palata əvvəlcə xarici valyutada istehlak kredit verilməsini bir aylıq dayandırdı, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi:

“Proses belə davam edərsə, kredit kart istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır. İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə düşüb. Əhalinin hər 12 nəfərinin cəmisi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartı sahibinə malik ola biləcək. Halbuki devalvasiyadan əvvəl hər 7-ci şəxs kredit kartına malik idi. Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də onlarına sayına mənfi təsir göstərib. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin I rübündə 644 milyon AZN olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon AZN-ə düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olduğu halda bu ilin ilk üç ayında 2737-yə düşüb”.

Samir Əliyev qeyd edib ki, devalvasiya ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib:

“2015-ci ilin yanvar ayından, devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon AZN olsa da, aprelin 1-i tarixinə 611 milyon AZN-ə düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon AZN-i milli, 248,3 milyon AZN-i isə xarici valyutaların payına düşür. Palatanın qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın misal üçün 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı, həm də təhlükəlidir. DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və s. kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin II rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Palata qaydalara yenidən baxmalı nağd kreditləşmədən fərqli olaraq ödəniş kartlar vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları