Yuxarı

Amerikadan gələcək sürpriz

Amerikadan gələcək sürpriz

“İyun ayı dünya iqtisadiyyatına, o cümlədən bizim primitiv, bir borudan asılı qalan iqtisadiyyatımıza təsir edəcək çoxlu sayda hadisələrlə zəngin olacaq”.

Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib.

N.Cəfərli qeyd edib ki, OPEC-in 2 iyun toplantısında bazar iştirakçıları ciddi qərarların verilməsini gözləmirlər, yəni, nə hasilatın azaldılması, nə də dondurulması ilə bağlı qərar çıxmayacaq, tam tərsinə, İran, İraq və Liviya öz hasilat kvotalarının artırılmasının gündəmə gəlməsi gözlənilir:

“Əsas da İran bu təkliflə çıxış edəcək, çünki 2011-ci ildə sanksiyalar tədbiq ediləndə İranın kvotası digər ölkələr arasında bölünmüşdü, indi də İran öz bazar payını bərpa etməyi düşünür və bunun üçün də ona məxsus kvotanın bərpa edilməsini tələb edir. Gözləntilərimə görə OPEC toplantısında kvotaların artırılması qərarı qəbul edilə bilər ki, bu da neft bazarının korreksiyasına səbəb ola bilər. Bu həftə Avropa Mərkəzi Bankının da toplantısı var, “Super Marionun” (AMB rəhbəri Mario Dragi) kəskin qərarlar verməsi gözlənilmir, ən yaxşı halda bu günə qədər alınmış qərarlar qüvvədə qalacaq. Bazarlar Draginin mətbuat konfransında deyəcəyi cümlələrə, səs tonuna, vurğularına köklənəcək. İyun ayının 14-15-də isə ABŞ-da FED toplantısı olacaq, bütün dünyanın maraqla gözlədiyi hadisə, məhz budur. Çox güman, FED uçot dərəcəsini 0,25% artıracaq, bu baş verərsə, dünyada dollar inteksi yüksələcək, dolların digər valyutalara nisbətən bahalaşmasını görəcəyik. “Baha dollar – ucuz əmtəə” formulu da işə düşəcək, qızıldan, əlvan və sənaye metallarından tutmuş, neftə qədər qiymətlərdə korreksiya, ucuzlaşma müşahidə ediləcək. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu yaxınlarda dedi ki, FED qərarının bizə heç bir təsiri yoxdur, manata əsas neft qiymətləri və qonşu ölkələrin valyutalarının məzənnələrinin ucuzlaşması təsir göstərir. Elman müəllimin qəribə məntiqinin olması artıq heç kəsə sirr deyil, yaxşı, tutalım, FED qərarı manata təsir göstərməyəcək, amma qonşu ölkələrdə məzənnənin və neft qiymətlərinin ucuzlaşması təsir göstərəcəksə, FED uçot dərəcəsini artırsa, qonşu ölkələrdə dollar bahalaşacaq, neft də ucuzlaşacaq. Yəni, “Keçəl Həsən – Həsən Keçəl”, nə fərqi var ki?! Başqa sözlə, əgər FED qərarı neftə, qonşu ölkələrə təsir edəcəksə və bu da manatın məzənnəsində öz əksini tapacaqsa, “FED-in bizə aidiyyatı yoxdur” demək nəyin nəsidir?”

Mənsur





Həftənin ən çox oxunanları