Yuxarı

Paytaxtdan sosial evlərə böyük köç

Paytaxtdan sosial evlərə böyük köç

Ramil Osmanlı: “Bu layihə ilk olaraq Bakıdan başlamalı idi”

Sosial evlərin inşasına bölgələrdən başlanacaq. Regionlarda sosial evlərin inşa olunmasını ekspertlər müxtəlif cür dəyərləndirirlər. Bəziləri bu layihənin ilkin olaraq regionlarda reallaşdırılmasının sosial-iqtisadi əhəmiyyəti olduğunu bildirirlər. Həmçinin bunun başlıca faydalarından biri də ondan ibarətdir ki, regionlardan paytaxta axın azalacaq. Bəzi ekspertlər isə ilkin olaraq sosial evlərin inşasının paytaxtdan başlanılmasını məqbul sayırlar.

Qeyd edək ki, ilkin olaraq, sosial evlərin tikilməsinə Gəncədən start veriləcək və bu rayonda 40-a yaxın çoxmərtəbəli sosial bina tikiləcək. Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı “Cümhuriyət” qəzetinə deyib ki, bu layihənin bölgələrdə də nəzərdə tutulması müsbət addımdır:

“Düşünmürəm ki, daha çox evsiz insanlar Bakıdadır. Bölgələrdə də evsiz ailələr çoxdur. Amma sosial evlərin tikilməsinin bölgələrdən başlanılması hesab edirəm ki, müəyyən qədər layihəyə olan marağı azaldacaq. Azərbaycanda məskunlaşma ilə bağlı ciddi problemlərdən biri məhz Bakıdadır. Nəzərə alsaq ki, Bakı paytaxtdır və meqapolisdir. Əhalinin məskunlaşması ilə bağlı problemin domenetli şəhər infrasrukturuna çox ciddi ziyanları var. Hesab edirəm ki, bu layihə ilk olaraq Bakıdan başlamalı idi. Ola bilər ki, hökumətin bununla bağlı hər hansı bir proqramı və açıqlaması var.Burada əsas məqsəd əhalinin məskunlaşması ilə bağlı problemin həm də bölgələrdə həll olunmasıdır. Xatırladım ki, 90-cı illərin əvvəllərində əhalinin bölgələrdən şəhərə axını prosesi baş verdi. Bu prosesin ilkin olaraq Gəncədən başlanılması nəzərdə tutulur. Bu da ola bilsin ki, paytaxtda əhali sıxlığının aradan qaldırılması məqsədi daşıyır. Yaxşı olardı ki, paralel şəkildə aztəminatlı ailələr həm də işlə təmin olunsunlar. Bu yöndə də addımlar atılmalıdır”.

Ekspert qeyd edib ki, layihənin əsas vacib əhəmiyyətlərindən biri mənzili olmayan, evə ehtiyacı olan insanların təminatıdır:

“Hesab edirəm ki, bu istiqamətdə hüquqi-normativ aktlarda da müəyyən dəyişikliklər olacaq”.

Ramil Osmanlının sözlərinə görə, bu prosesin ilkin olaraq Gəncədən başlanılması nəzərdə tutulur:

“Hələlik Gəncədən başqa digər regionların adı açıqlanmır. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması bilavasitə sosial evlərin, mənzil fondunun yaradılmasına xidmət edəcək. Yəqin ki, yaxın vaxtlarda sosial evlərin inşası ilə bağlı marketinq və müəyyən statistikalar aydın olacaq və müəyyənləşəcək ki, hansı regionlarda məskunlaşmada ciddi problemlər var. Məsələn, elə rayonlar var ki, orada əhalinin məskunlaşma ilə bağlı problemi daha ciddi və qabarıqdır. Bundan da asılı olaraq həmin bölgələrdə işlərin aparılması nəzərdə tutulacaq”.

Ekspert dövlət büdcəsindən sosial evlərin tikilməsinə xərclənəcək vəsaitdən danışıb. O deyib ki, ilkin olaraq sosial evlərin inşasına 10 milyon manat vəsait ayırılıb:

“Bu layihə bir illik layihə deyil və müəyyən dövrlər ərzində icrası nəzərdə tutulur. İcra mərhələsində əlavə vəsaitlərin ayrılması da mümkün olacaq. Vəsaitlərin bölüşdürülməsi əsasən tenderlər vasitəsilə həyata keçəcək. Mənə elə gəlir ki, bu məsələdə şəffaflıq nümayiş olunacaq və mediaya da bu barədə bilgilər açıq olacaq”. Qeyd edək ki, sözügedən qərar prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən sosial mənzil tikintisinin vacibliyi vurğulandıqdan dərhal sonra verilib. İclasda prezident İlham Əliyev sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini bildirib: "Bu yeni təşəbbüsdür. Bəzi ölkələrdə bu praktika var. Biz müsbət praktikanı öyrənirik, öyrənmişik. Buna böyük ehtiyac və tələbat var. Sosial mənzillərin tikintisi prosesi yaxın zamanlarda başlanacaq".

Alçina Amilqızı





Həftənin ən çox oxunanları