Yuxarı

Qəpiklərdən sonra qızılı: Evlərdən köhnə rus qızılları yığılır

Qəpiklərdən sonra qızılı: Evlərdən köhnə rus qızılları yığılır

Dünya bazarında qızıl xeyli bahalaşıb. Qlobal iqtisadiyyatın yavaşlaması, böhran, "Brexit"in mənfi nəticələri kimi fundamental səbəblər qızılın qiymətinə də təsirsiz ötüşməyib. Belə ki, iyunun 24-də "Brexit"in nəticələri məlum olan kimi, qızıl 100 dollardan çox, yəni 8,1 faiz bahalaşaraq 1 355 dollar unsiyaya qədər yüksəlib. Qızılın bahalaşmasının artan tempdə davam etməsi demək olmaz ki, bu qiymətli metala tələbatı artırıb.

Cebhe.info paytaxtda fəaliyyət göstərən bir neçə qızıl mağazasında müşahidə aparıb. Aparılan araşdırmadan bu qənaətə gəlmək olur ki, qlobal proseslər Azərbaycanın qızıl bazarında da kəskin yüksəlişə səbəb olub. Alıcı qıtlığı da öz yerində. Laçın Ticarət Mərkəzində yerləşən qızıl dükanının satıcıları da qiymətlərin artdığını təsdiqləyirlər.

Bazarda 1 qram türk qızılının alışı 37,50-40 manat arasında dəyişilir. Həmçinin 1 qram əldən alınan türk qızılının satışı isə 45 manatdır. Amma eyni modelin Türkiyədən yeni gətirilən variantlarına bu qiymətlər şamil edilmir. Qızıl istehsalı ilə məşğul olan istənilən ölkənin nə qədər əzik qızılı varsa, hamısının alışı 37.50 qəpikdir.

Bazarda demək olar ki, Rusiya qızılına rast gəlmək olmur. Bazar tələbata bağlı olan bir şeydir. Satıcılar hazırda Rusiya qızılına tələbatın o qədər də çox olmadığını desələr də digər tərəfdən öz ölkəsində qızılın çox ucuz olduğunu əsas gətirərək bu qiymətli metalın satışına o qədər də maraq göstərmədiklərini deyirlər. Yəni qazanc baxımından bu qiymətli metal satıcılar üçün mövcud durumda o qədər də əlverişli deyil. Hətta piştaxta arxasında duran qızıl satıcıları alıcılara evlərində istənilən vəziyyətdə olan rus qızılını götürdüklərini də elan edirdilər. Hətta bunun üçün bəzən israrçı və çaşdırıcı təkliflər də səsləndirirdilər. Rusiya qızılının satışı 40-45 manat arasında dəyişilir. Demək olar ki, Rusiya qızılı da Türkiyə qızılı ilə eyni qiymətdədir. Amma əyarı 750 olan rus qızılın alışı 48-50 manat arasında dəyişilir.

Alıcısı az da olsa, (heç yoxdur da demək olar) ərəb qızılının 1 qramı isə 80-100 manat arasında dəyişir. Ərəb qızılından hazırlanmış 10 qramlıq sırğa 1000 manata yaxındır. Halbuki həmin qızıl öz ölkəsində olduqca çox ucuz başa gəlir. Satıcılar onu da xüsusi qeyd etdilər ki, ərəb qızılı ilə düzəlmiş 5 qramlıq sırğanı çox nadir halda tapmaq olar. Ərəb qızılının əyarı da, qiyməti də çox yüksəkdir. Bu qızıl çox baha olduğu üçün alıcısı da azdır. Əldən alınanı ərəb qızılının qıramı isə 55 manata satılır. Eyni məmulatın yenisi ilə köhnəsi arasında 15 manata qədər fərq var.

İtaliya qızılının 1 qramının alışı 50-65 manat arasında dəyişir.

Bir sözlə, bahalaşmadan alıcılar da narazıdır, satıcılar da. Satıcılar alıcı sarıdan, alıcılar da pul sarıdan korluq çəkirlər. Reallıq ondan ibarətdir ki, müəssisə rəhbərlərinin normal hesab etdikləri 1 aylıq əmək haqqı uşaq könlü sevindirməyə belə qadir deyil. Yəni körpə yaşlı qız üçün satılan 1.5-2.0 qramlıq sırğalar 150-300 manat civarındadır. Yuxarı yaş həddi üçün təklif olunan qızılın qiymətlərindən danışmaq belə istəmirəm. Qızıl almağa gələn paytaxt sakini deyir ki, hazırda qiymətlər əvvəlki aylarla müqayisədə çox bahalaşıb:

“Oğlumu evləndirmək üçün qızıl almağa gəlmişdim, amma qızılın ikiqat baha olmasından narazıyam. Çox güman ki, istədiyim bir şey ala bilməyəcəm. Qiymətlər cibimizə uyğun deyil”.

Buradan da belə bir nəticəyə gəlmək olar ki, müqayisədə qızıl “qara qızıl”ı üstələyib. Vəziyyətin düzəlib-düzəlməcəyi isə heç kəsə məlum deyil.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları