Yuxarı

Dollar neçə manat olacaq?

Dollar neçə manat olacaq?

Natiq Cəfərli: “Ən yuxarı hədd 1.65 manat olacaq”

Vüqar Bayramov: “Dolların möhkəmlənməsi davam edəcək”

Fuad İbrahimov: “Dolların real məzənnəsi 3 manatdır”

Akif Nəsirli: “Sentyabrda dolların məzənnəsi 2 manat civarında olacaq”

Son günlər manatın dollar qarşısında dəyər itirməsi  geniş müzakirə olunur. Manatın tezliklə yenidən kəskin dəyər itirməsi, üçüncü devalvasiyanın baş verəcəyi ehtimalları getdikcə daha da yüksəlir. “Cümhuriyət” qəzeti iqtisadçılar arasında “manatın maksimum ucuzlaşma həddi nə qədər olacaq” mövzusunda sorğu keçirdik.

Sorğuda iştirak edən iqtisadçı-ekspert Natiq Cəfərli ən yüksək həddin 1.65 olacağını proqnozlaşdırır: “Yaxın həftələrdə dolların məzənnəsi 1,65 manat dəyəri ən yuxarı hədd ola bilər. Sonrası bir çox amillərdə, o cümlədən FED-in qərarlarında və neftin qiymətindən asılı olacaq”.

İqtisadçı-alim Vüqar Bayramov isə hər hansı bir rəqəm göstərməsə də dolların möhkəmlənəcəyini də istisna etmədi. Onun sözlərinə görə, Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın müdaxiləsindən asılı olacaq: “Manatın məzənnəsi Mərkəzi Bankın müdaxiləsilə aşağı düşə bilər. Manatın məzənnəsi həm də digər faktorlardan, neftin qiyətindən və ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Ona görə də, indiki məqamda manatın real məzənnəsini proqnozlaşdırmaq mümkün deyil. Dollar tələb var və əvvəlcədən may aylarının sonlarında manatın məzənnəsi möhkəmlənən zaman mənim verdiyim proqnozda da qeyd edirdim ki, manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Həmin müddətdən sonra manatın məzənnəsi dollara nisbətdə 11 manat ucuzlaşıb. Tendensiyaları proqnozlaşdırmaq mümkündür. Çünki tələb və təklif bəllidir. Ancaq manatın məzənnəsi birbaşa olaraq daxili tələbatdan, neftin qiymətindən və Mərkəzi Bankın müdaxiləsindən asılı olacaq. Əgər Mərkəzi Bank sərbəs bazar təmin edərsə, o zaman manatın məzənnəsinin gözlə görünəcək qədər aşağı düşməsi mümkün olacaq. Çünki tələb çoxdur. Hərraclarda sifarişin yalnız 10 faizi təmin olunur. O baxımdan da hələ ki, dolların möhkəmlənməsi davam edəcək. Nə qədər ki, kommersiya banklarının tələbləri tam ödənilməyib o qədər Azərbaycanda dolların möhkəmlənməsi davam edəcək”.

İqtisadçı-ekspert Fuad İbrahimov  isə hökumətin məzənnəyə müdaxiləsi olmasa, dolların 3 manata qədər bahalaşacağını bildirdi. F.İbrahimov qeyd etdi ki, hazırkı vəziyyətdə hökumət məzənnənin 1.65 manatdan yuxarı qalxmasına imkan verməyəcək: “Mən bu məsələyə əsasən dövlət və dövlətçilik prizmasından yanaşıram. Düşünürəm ki, hökumət bütün varlığı ilə real və qeyri-real alətlərindən istifadə edərək manatın səviyyəsini qoruyub saxlayacaq. Ancaq düşünürəm ki, bu dövr ərzində maksimum 1.65 səviyyəsindən yuxarı qalxmasına imkan verməyəcəklər. Əslində, biz manatın real dəyərini hesablamışıq və bizim göstəricilərimiz var. Manatı tam sərbəst buraxsaq 3-4 ay ərzində dolların məzənnəsi 3 manata qədər yüksələ bilər. Ancaq bu o demək deyil ki, bu gün manat o qədər ucuzlaşacaq. Düşünürəm ki, hökumət imkan verməyəcək ki, dolların məzənnəsi 1.65 manatdan yuxarı qalxsın. Söhbət 4 rübün əvvəlinə qədər gedir. Amma 4-cü rübdən sonra yanaşma tamam başqa cür olacaq. Çünki büdcə kəsirlərimiz əmələ gələcək və büdcə mexanizmində boşluqlar yaranacaq. Düşünürəm ki, ondan sonra proses ağrılı olacaq. Bundan sonrasına isə proqnoz vermək çətindir. Əsas məsələ hökumətin bu məsələyə necə yanaşmasıdır. Amma düşünürəm ki, hökumət 1.65-dən yuxarı olmasına imkan verməyəcək, çünki bu sosial partlayışın baş verməsinə səbəb ola bilər”.

İqtisadçı-ekspert Akif Nəsirli isə manatın kəskin dəyər itirəcəyini deyir: “Hesab edirəm ki, dolların məzənnəsi sentyabr ayının sonuna qədər 2 manat civarında olacaq”. Qeyd edək ki, hökumət rəsmiləri də manatın yaxın zamanlarda kəskin dəyər itirəcəyini bildirmişdilər. Belə ki, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov mətbuata açıqlamasında dolların yaxın zamanda 1.65 manat olacağını vurğulayıb. Milli Məclisin üzvü Vahid Əhmədov isə manatın daha kəskin ucuzlaşacağını proqnozlaşdıraraq dollara nisbətdə 1.80 civarında olacağını qeyd edib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları