Yuxarı

Mərkəzi Bank iflas yolunda

Mərkəzi Bank iflas yolunda

Natiq Cəfərli: “Hökumət ölkəni və iqtisadiyyatı “yola verməklə” məşğuldur”

Mərkəzi Bankın 2016-cı il iyul ayının 29-na rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 162,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2015-ci ilineynidövrünənisbətən 4 milyard 338,6milyon dollar vəya 51 faizazdır. İyun ayı ilə müqayisədə ötən ay valyuta ehtiyatları 121 milyon manat və ya 2,8 faiza zalıb. Bu o deməkdir ki, Mərkəzi Bank 7 ay ərzində 854 milyon dollar itirib. Dolların məzənnəsinin günü-gündən bahalaşması vəziyyətin heç də yaxşı olmadığını göstərir. Xüsusilə də ikinci devalvasiyadan sonra nəinki Mərkəzi Bank, ölkədə fəaliyyət göstərən kommersiya banklarında da müsbət saldo qeydə alınmayıb. 7 ay ərzində 12 bankın lisenziyasının ləğv olunması da məhz maliyyə sıxıntılarının olması ilə izah edilir. Digər tərəfdən də neftin qiymətinin dünya bazarında ucuzlaşması ölkəyə daxil olan xarici valyuta kütləsinin azalmasına səbəb olur. Biz bunu Dövlət Neft Fondunun hərraca çıxardığı xarici valyutanın həcmində də görə bilərik. Bəs hal-hazırda Mərkəzi Bankda gedən mənfi tendensiya Dövlət Neft Fonduna sirayət edə bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ölkədə azalan xarici valyuta nəinki Mərkəzi Bank, Dövlət Neft Fondu, digər dövlət strukturlarını da əhatə edəcək. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunmasına hələ ki Neft Fondu yardım edir, ancaq bu da uzun çəkməyəcək:

“Əslində, Mərkəzi Bankın rezervləri daha sürətlə azalmalı idi. Sadəcə olaraq, fevral ayından sonra dövriyəyə Neft Fondu girdi və həftəlik hərraclarda 100 milyon büdcəyə keçirəcəyi manat ekvivalentini dollar şəklində satışa çıxardı. Mərkəzi Bank yox, məhz Neft Fondu maliyyə ehtiyatlarını satmağa başladı və təqribən artıq 1.5 milyarda yaxın Neft Fondu valyuta ehtiyatlarını satıb. Bir anlıq təsəvvür etsək ki, Mərkəzi Bank əvvəlki illərdə olduğu kimi bu prosesləri həyata keçirsəydi, artıq Mərkəzi Bankın 3 milyarddan aşağı ehtiyatı qalardı. Bu tendensiya gedir və bunun qarşısını alan Neft Fondunun satdığı valyutadır ki, ancaq bu Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasının qarşısını alır. Maraqlı məqam ondadır ki, Neft Fondu bu templə getsə noyabr ayında büdcə qarşısında olan manat öhdəliklərini yerinə yetirmiş olacaq. Bu baxımdan da noyabr və dekabr ayında Mərkəzi Bank yenidən bazara daha çox dollar çıxarmalı olacaq ki, bu da valyuta ehtiyatlarına kəskin şəkildə mənfi təsir göstərəcək. İlin sonu bu anlamda daha gərgin keçəcək və manatı bugünkü səviyyədə saxlamaq çox çətin olacaq. Sadəcə, Mərkəzi Bank və hökumətin tutduğu yol odur ki, ikinci kəskin devalvasiya iqtisdiyyatı tarmar etdi və indi kəskin addımlarla yox, gündəlik 0.31-0.32 manat məzənnəni artırmaqla manatı bəlli bir səviyyəyə gətirmək istəyirlər. Hesab edirəm ki, yaxın həftələrdə ilkin olaraq dolların 1.65 manat səviyyəsini görəcəyik. Sonradan isə ilin sonuna qədər bu daha da arta bilər, ən azından ilin sonunda bu tendensiya davam etsə və neftin qiyməti də ucuzlaşmaqda davam etsə, dolların məzənnəsini 1.85-1.90 manat civarında görə bilərik”.

Ekspert hesab edir ki, hökumət hal-hazırda ölkəni və iqtisadiyyatı “yola verməklə” məşğuldur. Onun sözlərinə görə, böhrandan çıxmağın yeganə yolu idarəetmə və struktur islahatlarıdır:

“Bu gün yaşanan böhranın pik nöqtəsi deyil. Hələ ki, köhnə ehtiyatlar hesabına hökumət atdığı addımlarla ölkəni və iqtisadiyyatı “yola vermək”lə məşğuldur. Kəskin böhran o zaman yaşanacaq ki, ehtiyatların sərhədi və tükənmək ehtimalı yaşanacaq. Biz kəskin böhranla qarşı-qarşıya qaldığımızı o zaman görəcəyik. Bunun olmaması üçün ciddi struktur və idarəetmə islahatları lazımdır ki, hələ ki bunu da görmürük. Görünən isə odur ki, hökumət islahata getmək istəmir və yaxud da bunu heç bacarmır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları