Yuxarı

Mərkəzi Bankdan aldadıcı gediş

Mərkəzi Bankdan aldadıcı gediş

Qubad İbadoğlu: “Manat hər gün dəyər itirir” Taliyət Əliyev: “Mərkəzi Bankın açıqlamasında heç bir iqtisadi əsas yoxdur”

İqtisadi proqnozlar ilin sonuna qədər növbəti devalvasiyanın olacağını göstərir. Bu günlərdə isə yayılan məlumatlara münasibət bildirən Mərkəzi Bankın rəsmisi qeyd etdi ki, Azərbaycanda 3-cü devalvasiya baş verməyəcək. Ancaq ikinci devalvasiyadan bu günə qədər artıq manat öz dəyərini 8-10 faiz itirib. MB bunu üzən məzənnə ilə əlaqələndirsə də nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsi iqtisadi deyil, inzibati yollarla tənzimlənir. Əgər manatın dəyəri iqtisadi yollarla tənzimlənsəydi, bu gün biz daha fərqli mənzərənin şahidi olardıq.

Belə ki, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsinin neftdən asılı olduğunu və neftin dünya bazarında qiymətinin aşağı düşdüyünü nəzərə alsaq, bu gün 1 dollar 2-3 manat civarında olacaqdı. Ancaq MB süni yollarla bunun baş verməsinə imkan vermir, manatın məzənnəsini inzibati qaydada müəyyənləşdirir. Gündəlik olaraq manatın ucuzlaşma tempini nəzərə alsaq ilin sonuna qədər dollar 1.95-2.00 manat səviyyəsinə qədər yüksələcək. Bu da növbəti devalvasiya deməkdir. Ancaq MB bunu hər bir vəchlə inkar edir və devalvasiyanın baş verməyəcəyini deyir. MB bunu növbəti dəfə manatın 1 gündə kəskin dəyər itirməyəcəyi mənasında deyir, ancaq bu gündəli, ucuzlaşan manatın dəyər qazanacağı anlamına gəlmir. MB hər zaman olduğu kimi bu dəfə də ölkənin iqtisadi vəziyyətini düzgün dəyərləndirmir və baş verən problemləri inkar etməkdə davam edir. Bu halla həm birinci, həm də ikinci devalvasiyada qarşılaşmışıq.

“Cümhuriyət”ə şərhində iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib ki, manat gündəlik dəyər itirir və bu da elə devalvasiya deməkdir: “Əslində devalvasiya onsuz da var. Devalvasiya - dəyər itirmək deməkdir. Manat da hər gün dəyər itirir. Bizdə həqiqətən də baş verən birinci və ikinci devalvasiyanın təkrarlanmasına indiki vəziyyətdə zərurət də yoxdur. Hesab edirlər ki, manat 1 gündə dəyərini 30-50 faiz itirəcək. Düşünürəm ki, Mərkəzi Bank bunu nəzərdə tutur ki, məhz bu baş verməyəcək. Devalvasiya hər gün var və davam edəcək. İndi şəraitdə nə qədər ki, iqtisadiyyatda böhran var bir o qədər də manat ucuzlaşacaq”.

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Taliyət Əliyev isə qeyd edib ki, Mərkəzi Bankın verdiyi açıqlamanın heç bir iqtisadi əsası yoxdur. Onun sözlərinə görə, bu cür açıqlamalar cəmiyyətdə ajiotajı yatırmaq üçün hesablanmış addımlardır: “Mərkəzi Bank və digər dövlət strukturları tərəfindən zaman-zaman bu cür açıqlamalar olub. Hətta birinci və ikinci devalvasiyadan qabaq da cəmiyyətdə olan ajiotajı yatırmaq üçün bu məsələni hər zaman Mərkəzi Bank təkzib edirdi. Amma gecə yatıb səhər ayılırdıq ki, devalvasiya baş verib. Hesab edirəm ki, Mərkəzi Bankın verdiyi bu açıqlamanın heç bir iqtisadi əsası yoxdur. Sadəcə olaraq cəmiyyətdə yaranan bu ajiotajı yatırmaq məqsədi daşıyır. Son günlər bankların dollar satışını məhdudlaşdırması məsələsi cəmiyyətdə bir ajiotaj yaradıb. Bu da “qara bazar”ın aktivləşməsinə və dəllalların fəaliyyətə keçməsinə şərait yaradır. Eşitdiyimə görə artıq “qara bazarda” dolları 1.70 manata alırlar. Bu da çox ciddi problemlər yaradır və əhalinin güzarinə ciddi şəkildə mənfi təsir edir. Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın bu açıqlaması da məhz bu ajiotajın qarşısını almağa hesablanıb. Biz hər birimiz bilirik ki, dollar bahalaşmaqda davam edir. İkinci devalvasiyadan sonra artıq 1 dollar 0.10-0.15 manata qədər bahalaşıb”.

T.Əliyev vurğulayıb ki, ölkənin büdcəsinin böyük hissəsi neftdən gələn gəlirlər hesabına təmin edilir. Onun fikrincə, neftin qiymətində ciddi artım olmayacaqsa, manat sabitləşməyəcək: “İqtisadçıların da analizlərini oxuyanda görürünür ki, Azərbaycanda iqtisadi vəziyyət ürəkaçan deyil. Həm dünya bazarında neftin qiymətində artım yoxdur və bu çox ciddi bir faktordur. Hər bir ölkənin arxasında onun güclü iqtisadiyyatı dayanır. Bizdə isə bu günki iqtisadiyyatın gücü ancaq neftə söykənir. Azərbaycan büdcəsinin böyük bir hissəsi neftdən gələn gəlir hesabına formalaşır. Əgər dünya bazarında neftin qiyməti ciddi şəkildə bahalaşarsa, o zaman manatın məzənnəsi nisbətən sabitləşə bilər. Amma biz bunu müşahidə etmirik və yaxın gələcəkdə də proqnozlar ümidverici deyil. Bu baxımdan da devalvasiyanın baş verməsi sadəcə olaraq zaman məsələsidir. Hakimiyyət bunu nə qədər sıxıb saxlayacaq onu gözləmək lazımdır. Mərkəzi Bank deyir ki, üzən məzənnədir, ancaq hər birimiz bilirik ki, manatın dəyəri inzibati qaydada tənzimlənir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları