Yuxarı

Banklar dollar satışına başladı: Manat bahalaşacaq, yoxsa?

Banklar dollar satışına başladı: Manat bahalaşacaq, yoxsa?

Vüqar Bayramov: “Dollara tələb yüksəkdir və manatın möhkəmlənməsi müzakirə olunmur”

Bəzi banklar dollar satışına qoyduqlarını məhdudiyyətləri götürüb, limitsiz dollar satışına başlayıblar. Bu da maliyyə bazarında dolların nisbətən ucuzlaşmasına səbəb olub. Amma ekspertlər də qeyd edirlər ki, bu proses manatın möhkəmlənməsinə səbəb olmayacaq. Bankların dollar satışına tətbiq etdiyi qadağalar maliyyə bazarında bir çox çətinliklər yaradırdı. Bu, əsasən də xırda sahibkarlıqla məşğul olan şəxslərə bir sıra problemlər yaradırdı ki, onlar lazım olan dolları banklardan ala bilmirdilər. Bu günlərdə isə bu problem nisbətən aradan qaldırılıb.

Bankların dollar satışına qoyduğunu məhdudiyyətlər hərraclara çıxarılan vəsaitin tələbatdan xeyli az olması ilə əlaqədar idi. Bu baxımdan banklar öz dollar tələbatını ödəyə bilmir və məhz bu səbəbdən də dollar satmaqdan imtina edirdilər. Amma ötən gün Mərkəzi Bankın və Dövlət Neft Fondunun hərraca çıxardığı 300 milyon dollar bankların tələbinin 85-90 faizini ödəməyə kifayət edib. Buna görə də bəzi banklar dollar satışına qoyduğu məhdudiyyətləri aradan qaldırıb.

Digər bir məsələ isə Mərkəzi Bankın maliyyə resurslarının azalması ilə bağlıdır. Bir müddət öncə ekspertlər Mərkəzi Bankın 4 milyard dollar vəsaitinin qaldığını bildirirdilər və buna görə də hərraca həftədə bir dəfə 50 milyon dollar çıxarırdı.

Qeyd edək ki, bir müddət Mərkəzi Bankı hərraclarda Dövlət Neft Fondu əvəzləyirdi. Amma DNF büdcə qarşısında öz öhdəliklərini tam ödədikdən sonra bazardan çəkildi və MB bazarda tək qaldı. Bunu nəzərə alan iqtisadçılar hesab edirdilər ki, MB öz maliyyə resurslarını qorumağa çalışır və ona görə də hərraca 50 milyon dollardan artıq vəsait çıxarmır. Əgər MB kommersiya banklarının tələbinə uyğun olaraq bazara dollar çıxarsa o zaman ilin sonuna qədər iflas həddinə çatar. Ancaq MB bu dəfə DNF ilə birlikdə bazara 300 milyon dollar çıxardı və qeyd etdiyimiz kimi bununla da kommersiya banklarının tələbini böyük ölçüdə qarşılamış oldu. Atılan bu addım gözlənilməz olsa da maraq kəsb edən məsələdir. Belə ki, maliyyə resursları tükəndiyi bir vaxtda MB-ın hərraca 300 milyon dollar çıxarması əslində düzgün, ancaq maraqlı addım oldu. Maraqlıdır, bu qərar nəyə hesablanmış addımdır? Bu addımın müsbət nəticəsi nə olacaq?

Cebhe.info-ya  şərhində iqtisadçı-alim Vüqar Bayramov deyib ki, bəzi bankların məhdudiyyətləri aradan qaldırması hərracdan əldə etdikləri dolların həcmi ilə bağlıdır. Onun sözlərinə görə, MB və DNF-nun bazara çıxağdığı dollar bankların tələbini böyük ölçüdə ödəyib:

“Dollar qıtlığı əslində kommersiya banklarının hərraclardan daha az dollar əldə etməsilə bağlı idi. Banklar hərraclardan nə qədər az dollar əldə edirsə, o qədər də az dollar təklif edir. Bəzi kommersiya bankları sekulyativ olaraq çalışırdılar ki, “qara bazar”la işləsinlər. Çox təəssüflər olsun ki, bəzi kommersiya hərraclardan əldə etdiyi dollarları məhz “qara bazar”a ötürürdülər. Dollar məhdudiyyətinin aradan qaldırılması birbaşa olaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun birlikdə 300 milyon dolları hərraca çıxarılması ilə bağlıdır.

300 milyon dolların hərraca çıxarılması nəticə etibarı ilə kommersiya banklarının daha çox dollar əldə etməsinə imkan yaratdı. Kommersiya banklarının isə dollar sifarişi cəmi 340 milyon dollar idi. Hərraca çıxarılmış 300 miyon isə demək olar ki, bankların tələbini ödədi. Bu baxımdan da hal-hazırda bəzi kommersiya bankları məhdudiyyəti aradan qaldırıblar. Ona görə də bundan sonra dolların satışına məhdudiyyətlərin tətbiq olunması birbaşa olaraq hərraclara çıxarılan dolların tələbi ödəyib-ödəməməsindən asılı olacaq. Əgər banklar hərraclardan daha çox dollar cəlb edəcəklərsə, məhdudiyyət olmayacaq, əks halda isə məhdudiyyətlərin yaranması halları davam edəcək”.

Atılan bu addımın manatın möhkənməsinə necə təsir etməsinə də toxunan ekspert vurğulayıb ki, manatın möhkəmlənməsi müzakirə mövzusu deyil və gələcəkdə də dollara tələb yüksək olacaq:

“Proqnozlar ondan ibarətdir ki, dollara tələbat artacaq. Dollara tələb yüksəldiyi üçün manatın möhkəmlənməsi müzakirə olunmur. Mən güman etmirəm ki, manatın məzənnəsi kəskin möhkəmlənsin. İndiki halda bu gündəmdə olmayan məsələdir. Bütün hallarda dollara tələbin artması müşahidə olunacaq. Qısa müddət ərzində hərraclar vasitəsilə vəziyyət stabilləşə bilər. Amma orta və uzun dövrlərdə dollara tələb yüksək olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları