Yuxarı

Banklara inam itib

Banklara inam itib

Yanlış maliyyə siyasəti bankları çıxılmaz duruma salıb Əhalinin milli valyutaya (manata) və onun timsalında ölkədə fəaliyyət göstərən banklara etibarı qalmayıb. Bunun əyani sübutunu “Bank Standart”ın ləğvetmə prosesində də gördük. Qeyd edək ki, bank əmanətçilərə kompensasiya ödənişinə başlayıb. Bankın baş ofisinin qarşısında yaranan ajiotaj olay yerinə polisin və təcili tibbi yardım maşınlarının cəlb olunması ilə nəticələndi. Bu isə əhalinin banklara inamsızlığının göstəricisidir. Banklar kompensasiya ödənişlərini 3 ay davam etdirəcəklərini bəyan etsələr də bu gün demək olar ki, əmanətçilərin 99 faizi banka axın etdilər və əmanətlərini çəkməyə çalışdılar. Prosesin bu yöndə inkişafı isə əslində ölkədə iqtisadi göstəricilər haqqında deyilənlərə, verilən rəqəmlərə heç kimin inanmadığını ortaya qoydu. Demək olar ki, ikinci devalvasiyadan sonra artıq ibtidai biliyi olan hər kəs manatın aqibətinin necə olacağını başa düşür. Son zamanlarda süni ucuzlaşdırılan dolların məzənnəsilə də əhaliyə psixoloji təsir edə bilmədilər. Nəzərə alsaq ki, ikinci devalvasiyadan sonra mütəmadi olaraq yüksək gəlir əldə etmək üçün süni şəkildə məzənnə ilə oynamaq siyasəti bu dəfə effekt vermədi. Məzənnə oyunu da banklara kömək etmir İkinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da dollar ifadəsində dəyərsizləşdirib. Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği kifayət qədər azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə aşağı düşüb. Hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlər qalmaqdadır. Xüsusən də 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasətinin bu sektorda ciddi problemlərin əsasını qoyub. Yüksək faizlərlə verilən kreditlər və əldə olunan gəlirlər hesabına əmanətləri rahat şəkildə ödəyən banklar artıq bu imkanlarını tamamilə itirib. Zamanında balanslaşdırılmış maliyyə siyasəti aparılmadığı üçün indi banklar çıxılmaz vəziyyətə düşüb. Aparılan məzənnə oyunu da bankları vəziyyətdən çıxarmır. Digər tərəfdən isə ölkədə fəaliyyət bütün banklar iflas səviyyəsindədir. Sadəcə olaraq hökumətin dəstəyilə bəzi banklar ayaqda qalırlar. Digər banklar isə növbəli şəkildə bağlanacaq. Manatın möhkəmlənməsi nisbidir Hökumətin bankları birdəfəlik bağlamamasının səbəbi isə əslində sadədir. Çünki banklarda olan əmanətləri ödəmək üçün hökumətin də kifayət qədər maliyyə resursları yoxdur. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə hökumət yaxşı başa düşür ki, manat dollar qarşısında ciddi şəkildə möhkəmlənə bilməyəcək. Ən azından bu yaxın zamanlar üçün qeyri-mümkün görünür. Manatın dayanıqlığını təmin etmək üçün ən azı 2-3 il lazımdır ki, daxili istehsal və sahibkarlığın inkişafı təmin edilsin. Əslində bu da mücərrəd məsələdir. Çünki bütün bu addımlar zamanında atılmalı idi. Əgər zamanında iqtisadi riçaqlardan düzgün istifadə edilsəydi, manat iki dəfə devalvasiyaya uğramazdı. Manatın möhkəmlənməsi də nisbidir. Qeyd edək ki, bir müddət öncə dollar bolluğuna düşən banklar açıq şəkildə valyuta satışı həyata keçirdi. Amma bankların dolları artıq bitir. Çünki həm əhali təkrar dollarlaşmaya getdi, həm də bankların xarici borclarının ödəniş vaxtı gəlib çatıb. Valyuta bazarında dollar qıtlığının yaranması isə artıq müşahidə olunmağa başlayıb. Belə ki, bəzi banklar artıq dollar satışından imtina edib və bankda dollar ekvivalentinin olmadığını deyiblər. Bu da manatın artıq yaxın zamanlarda yenidən ucuzlaşacağı anlamına gəlir. İqtisadçılar da manatın ucuzlaşacağını deyir və ölkənin iqtisadi durumunun heç də ürəkaçan olmadığını vurğulayırlar. Vilayət Muxtar





Həftənin ən çox oxunanları