Yuxarı

SOCAR-da pul çatışmazlığı

SOCAR-da pul çatışmazlığı

Şirkət xarici ölkələrdəki hissələrini satışa çıxarır Zəfər Vəliyev: “Əlavə məsrəf tələb edən köməkçi sahələr ya özəlləşdirilməli, ya da ləğv edilməlidir” Büdcə xərclərilə bağlı ARDNF-in qarşısında mühüm vəzifələr dayanır. Hər ötən gün ölkədə dollara olan tələbat artmaqdadır. Son günlərin tendensiyası göstərir ki, SOCAR dövlət qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün dəridən-qabıqdan çıxır. Aydındır ki, ölkədəki bankların dollara olan tələbatını Mərkəzi Bank ödəyə bilmir. ARDNF banklarının dollara olan tələbatını ödəmək missiyasını da öz üzərinə götürüb valyuta hərracı keçirir. Vəziyyəti o dərəcədə ciddidir ki, SOCAR hətta xarici ölkələrdəki hissələrini satışa çıxarır. Bəzi ölkələrdəki nümayəndəliklərini bağlayır. Azərbaycanda istiqrazlar çıxarır. Təbii ki, bütün bu proseslərə müsbət don geyindirən şirkət rəsmiləri bir ağızdan bunu müsbət addım kimi qiymətləndirirlər. Son iki ayda SOCAR-ın verdiyi qərarların xronologiyasına nəzər salsaq, görərik ki, vəziyyət elə də ürəkaçan deyil. Belə ki, sentyabrın 20-də SOCAR-ın istiqrazları satışa çıxarılıdı. Məlumat üçün qeyd edək ki, SOCAR istiqrazları 5 illik müddətə, ümumilikdə 100 milyon dollar dəyərində olacaq və illik 5 faiz divident ödəniləcək. Bu istiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək. Şirkət rəsmiləri SOCAR istiqrazlarını Azərbaycanın maliyyə bazarlarının inkişafı baxımından böyük addım kimi qiymətləndirir. Eyni zamanda oktyabrın 5-də SOCAR mərkəzi ofisi Vyanada yerləşən Avstriyadakı rəsmi nümayəndəliyini bağlayıb. Şirkət rəsmiləri nümayəndəliyin bağlanmasının SOCAR-da islahatların aparılması ilə bağlı olduğunu bildirib. Eyni zamanda “SOCAR Trading” şirkətinin, həmçinin SOCAR-ın xarici ofisləri normal iş fəaliyyətini davam etdirəcəyi də vurğulanıb. Qeyd edək ki, SOCAR-ın bütün xarici nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar 2015-ci ilin dekabrında qəbul edilmişdi. Bundan əlavə oktyabrın 10-da “SOCAR Türkiyə Enerji” “Petkim Petrokimya Holding”dəki 1,67%-lik payını satıb. Birjada satılan səhmlərin nominal 4,57 lirə, səhmlərin sayı isə 25 milyon ədəddir. Şirkətin açıqlamasında qeyd edilir ki, “SOCAR Türkiyə Enerji”nin payını 56,32%-dən 54,65%-dək azalıb. Proseslər nə vəd edir? Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət”ə bildirib ki, neft şirkətinin rəhbərliyi SOCAR istiqrazlarının satışa çıxarılmasını başqa aspektdən qələmə verir: “Məsələ burasındadır ki, SOCAR istiqrazlarının satışından əldə olunan vəsaitlər şirkətin xarici kredit öhdəliklərinin bir hissəsinin ödənilməsində istifadə olunacaq. Bu, müsbət haldır. Çünki SOCAR istiqrazlarından əvvəl ARDNŞ referans məsələsi ilə bağlı iki mərhələdə beynəlxalq maliyyə bazarlarında xarici investorların yerləşdirilməsi layihəsini həyata keçirir. Bu da beynəlxalq təcrübədən irəli gəlir. Neft şirkəti bundan sonrakı fəaliyyətini tam ciddi qənaət rejimində həyata keçirməlidir. Neft şirkəti axtarış, kəşfiyyat, hasilat, emalla bağlı sahələrin inkişafına fikir verməlidir. Əlavə məsrəf tələb edən köməkçi sahələr ya özəlləşdirməyə verilməlidir, ya da ləğv edilməlidir. Çünki hazırda dünyanın aparıcı neft şirkətləri öz fəaliyyətlərində həm maliyyə, həm texnoloji məsələlərin tətbiqində qənaət rejiminə keçib. Bütün beynəlxalq neft şirkətləri əməliyyat xərclərinin və istehsalın optimallaşdırılması, xərclərin azaldılması ilə bağlı ciddi layihələr həyata keçirir. Çünki qarşıdakı illərdə beynəlxalq bazarlarda neftin qiymətinin hansı səviyyədə olmasını əvvəlcədən proqnozlaşdırmaq çətindir”. ARDNF-nin Avstriyadakı rəsmi nümayəndəliyinin bağlanmasına gəlincə, ekspert bunun başadüşülən olduğunu qeyd edib: “Onsuz da SOCAR-ın Avropada törəmə şirkəti İsveçrədə fəaliyyət göstərir. SOCAR ən yaxşı halda o dövlətlərdə özünün nümayəndəliyini təsis etməlidir ki, ya həmin dövlətlərin ərazisində enerji layihələrin həyata keçirir, ya da birbaşa həmin ölkələrin enerji daşıyıcılarının tədarükü ilə bağlı uzun müddətli kontraktı var. Bu mənada Avstriyada, Belçikada neft şirkətinin nümayəndiliyinin saxlanması əlavə məsrəflərdən başqa bir şey deyil. İsveçrədə ARDNŞ-nin treyder şirkəti fəaliyyət göstərir. Avropa dövlətləri ilə bütün əlaqələri məhz həmin şirkət həyata keçirir. Həmçinin Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində böyük meqa layihə həyata keçirir. Təbii ki, dövlət neft şirkətinin bu layihənin həyata keçirilməsi ilə bağlı həm Yunanıstan, həm Albaniya, həm də İtaliyada nümayəndəliyinin açılması başadüşülən olardı. Dünya bazarlarında neftin qiymətinin aşağı düşürülməsi ilə bağlı əlavə məsrəflərə yol verməmək üçün dövri fəaliyyətlərinin əmsalı aşağı olan nümayəndəliklərini saxlamağın mənası yoxdur”. Neft bir az da ucuzlaşarsa... Ekspert SOCAR-ın Türkiyədəki 1,67 faizlik payını satmasını da başadüşülən hesab edir. Onun qənaətincə, əlavə perspektiv layihələrin maliyyələşməsi ilə bağlı hissələrin satılması problemli hal deyil: “Qarşıda SOCAR-ın həm Türkiyə ərazisində, həm də Azərbaycanın enerji layihələri ilə bağlı öz iştirak payının maliyyələşdirilməsi durur. Bu da həmin sıradan bir haldır. Əgər dövlət neft şirkəti aktivində olan beynəlxalq layihələri maliyyələşdirməkdə çətinlik çəkirsə, eyni zamanda xarici investorları öz layihələrinə cəlb edirsə, bu addımlar normaldır. Bütün layihələrin həyata keçirilməsinin təməlində maliyyə dayanır.  Buna görə də ARDNŞ eləcə də digər ölkələrin milli neft şirkətləri bu addımları atırlar. SOCAR Azərbaycanda fəaliyyət göstərən dövlət şirkətlərinin birincisidir ki, o, potensial büdcə ödəyicisidir. İkincisi, ARDNŞ Azərbaycana kifayət qədər dönərli valyuta gətirən bir strukturdur. SOCAR-ın 2017-ci il büdcə proqnozlarında gəlirlərin vaxtında yerinə yetirilməsi, qlobal neft bazarlarında neftin qiymətilə bağlıdır. ARDNŞin büdcə öhdəliyi ortalama 1.3 milyard manatdır. Əgər qlobal bazarlarda neftin qiyməti aşağı düşərsə, deməli, dövlət neft şirkətinin büdcəyə ödənişlərinin həcmi də aşağı düşəcək”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları