Yuxarı

Qəpiklər dövriyyədən çıxarılır?

Qəpiklər dövriyyədən çıxarılır?

qepikZaman-zaman milli pulumuza edilən hörmətsizliklərin şahidi oluruq.  Küçədə gedəndə çoxunun qarşısına yerə atılmış 1, 3, 5 qəpik sikkələri çıxır. Heç kəs də bu xırda pula əhəmiyyət vermir, özünə əksiklik bilib əyilib yerdən götürməyə maraq göstərmir, hətta pulqabında varsa, bu qəpiklərdən, necə deyərlər, canının  "qurtulmağa" çalışır. Bazarda alış-veriş zamanı bu qəpiklər heç bir məhsulun dəyərini ifadə etmir. Mağaza və dükanlarda, marketlərdə malların yuvarlaq qiymətdə olması da belə deməyə əsas verir ki, 1, 3, 5 qəpikləri dövriyyədə heş bir dəyərə malik deyil. Yəni 10 qəpikdən aşağı pul vahidləri nominal dəyərini itirib. Axı bu qəpiklərin bu qədər hörmətsiz olmasına səbəb nədir? Dəyərinin olmaması, ya ölçüsünün digər qəpiklərə nisbətdə daha kiçik olmasımı? Gündəlik həyatda da alış-veriş zamanı bu qəpiklərin yerinə bir nəfərlik çay və ya kibrit verilməsinin şahidi oluruq. Mərkəzi Bankdan həmin qəpiklərdən ticarətdə istifadə olunduğu bildirilsə də, gündəlik həyatda belə qəpiklərin dövriyyəsi demək olar ki, reallaşmır. Bəzi ekspertlər isə kiçik qəpiklərin iri supermarketlərin rəqabət bazarı üçün vacib olduğunu bildirirlər. Hər alıcıdan 3, 5 qəpik mənimsəməklə, onların gündəlik əlavə qazancı artır. Alıcılar bəzən həmin 3, 5 qəpiyi tələb etməyə həvəsli olmurlar, işbazlar da bu xüsusiyyəti yaxşı bilirlər. Belə olan təqdirdə  istifadə olunmayan 1,3, 5 qəpiklərin dövriyyədə olmasına ehtiyac varmı? Məsələn ABŞ-da 1 sent var, amma istifadə edilmir. İstifadə olunmaması da onunla bağlıdır ki, inkişaf etmiş ölkələrdə nəğdsız hesablaşmalardan daha çox istifadə olunur. Bu isə ümumilikdə nəğd pulların dəyərinin kəskin azlamasına gətirib çıxarır.   Qəpiklərin ölçüsü çox kiçikdir... Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli hesab edir ki, 1, 3, 5 qəpiklərin ölçüsü çox kiçik olduğundan istifadəsi azdır: “5 qəpiyə qədər olan bütün qəpiklər, yəni 10, 20, 50 qəpiklərin hamısı istifadə olunur. Amma 3 və 5 qəpiklər nadir hallarda işlənir. Bəzən mağazada pulun qalığı olaraq 5 qəpiyin yerinə kibrit və ya bir nəfərlik çay paketi verilir. Qəpiklər çox kiçik olduğundan istifadəsi də azdır. Amma 10 və ondan yuxarı qəpiklər normal işləyir.  Bunun alternativ üsullarını həll etmək mümkün deyil”. İqtisadçının sözlərinə görə, sözügedən qəpiklər dövriyyədə o qədər az istifadə olunur ki, bunun dövriyyədə qalıb-qalmamasnın artıq əhəmiyyəti qalmır: “Ona görə də bu məsələnin müzakirəsinə də ehtiyac qalmır. Çünki dövriyyədə çox azdır”.   Qəpiklərin nominal dəyəri niyə itir? Mərkəzi Bankın Kommunikasiya şöbəsinin əməkdaşı Ruslan Şükürovun fikrincə, ümumiyyətlə pul nişanlarının zaman keçdikcə tədricən, yaxud sürətlə dəyərinin itirilməsi inflyasiya prosesləri ilə bağlıdır. İqtisadiyyatın dinamik inkişafı şəraitində aşağı templi inflyasiya prosesi iqtisadi qanunauyğunluqdur və iqtisadi inkişafın stimullaşdırıcı amili kimi çıxış edir: “Bu baxımdan Azərbaycanda da iqtisadi inkişafı təqib edən mülayim inflyasiya prosesi pul nişanlarının əmtəə və xidmətlər bazarında dəyərinin tədricən itirilməsi ilə nəticələnir. Bu, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir iqtisadiyyat üçün təbii prosesdir”. Xırda qəpiklərin dövriyyədən çıxarılması ilə bağlı  məsələyə gəlincə, R.Şükürov deyir ki, tədavüldə xırda nominallı pul nişanlarına tələbin qalması inflasiyanın məqbul səviyyədə olması,  xırda nominallı metal pul nişanlarının pərakəndə ticarətdə və qiymətlərin formalaşmasında istifadəsinin genişlənməsi ilə izah etmək olar.   1 qəpik üçün israr edənlər kimdir? Xırda qəpiklərin dövriyyədə qalıb-qalmaması ilə bağlı bəzi satış mərkəzlərinin satıcıları və alıcılar arasında apardığımız sorğunun nəticələri də maraqlı olub. Satış mərkəzlərindən birinin xəzinədarı Aysel Məmmədova 1, 3, 5 qəpiklərin cüzi hallarda istifadə olunduğunu deyir. Onun sözlərinə görə, xəzinədar olaraq alıcılara pulun qalığı olaraq həmin qəpiklər qaytarılır: “Mən həmişə pulun qalığında 3, 5, hətta 1 qəpik olanda belə qaytarıram. Bunu götürənlər də, götürməyənlər olur. Hətta alıcılar arasında pulun qalığı kimi 1 qəpik üçün israr edənlər də var”. Alıcı Seyidağa Ağayevin fikrincə, həmin xırda qəpiklərin dövriyyədə qalmasının əhəmiyyəti yoxdur: “Onsuz o qəpikləri nə marketlər, nə də alıcılar götürür. Demək olar ki, istifadə olunmur”. Səlimə Babayevanın sözlərinə görə, evində xeyli vaxtdır yığılıb qalmış 1 qəpiklər var: “Onsuz dükanlarda bu qəpikləri götürmürlər. Saxlamışam ki, bir qədər də üstünə əlavə olunsun, böyük marketlərə təhvil verim. Amma alış-veriş edəndə 5 qəpik qalıq pulumun əvəzinə kibrit alıram”. Həsən Məhərrəmov isə hesab edir ki, 3-5 qəpiyə bazarda heç nə almaq mümkün olmadığı üçün həmin qəpiklərin istifadəsi də mənasızdır. Qeyd edək ki, bu yaxınlarda Balaxanı rayonu ərazisindəki zibil qutularından birinin içərisində məişət tullantılarını daşıyanlar tərəfindən 1,3 və 5 qəpikliklərlə dolu bir kisə tapılmışdı. Həmin fakt milli pula hörmətsizliyin nəticəsi olaraq qiymətləndirilir. Qeyd edək ki, “Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycanın bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir. Alçina Amilqızı        





Həftənin ən çox oxunanları