Yuxarı

Böhrandan çıxış yolu

Böhrandan çıxış yolu

Banklar öz yanlış siyasətinin qurbanına çevrilib İdarəçilikdə beynəlxalq təcrübədən imtina olunur Ölkədə baş verən ağır böhrandan sonra bankların vəziyyəti kəskin pisləşib. Əsasən ikinci devalvasiyadan sonra ciddi problemlərlə üzləşən bankların demək olar 95 faizi müflis olmaq həddinə çatıb. 13 bank isə bu böhrana “dözə” bilməyib və bağlanıb. Amma bu məsələdə təkcə ölkə iqtisadiyyatının deyil, həm də bank rəhbərlərinin yanlış maliyyə siyasəti böyük roll oynadı. Azərbaycanda ən böyük banklardan biri olan “Access Bank” belə demək mümkündürsə heç bir problemlə üzləşmədi. Çünki bankın hissələrinin 51 faizi xarici investor şirkətlərin, daha dəqiq desək, Almaniyanın payına düşür. Əsasən xarici donorlar hesabına maliyyələşən bank böhrandan da yan keçə bildi. Bəs fərq nədədir? Eyni ölkədə, eyni iqtisadi vəziyyətdə fəaliyyət göstərən banklar niyə müflis olurlar? Burada bir çox məqamlar diqqət çəkir. Birincisi, ondan ibarətdir ki, bəzi banklar monopolist məmurların əlindədir. Onlar da heç bir şirkətlə əməkdaşlıq etmirlər. Cəlb etdikləri investisiyalar isə əsasən fərdi biznesmenlər və əhalidən cəlb olunan əmanətlərdən ibarətdir. Həmin banklar yanlış maliyyə siyasəti hesabına büdcə formalaşdıran banklar devalvasiyadan sonra müflis olmaq həddinə çatdılar. İnvestorlar banklara inanmır Digər bir məsələ isə yerli banklara xarici investorların inamsızlığıdır. Belə ki, hər hansı bankın xarici investorlardan valyuta alması və ya hissələrinin bir hissəsinin satması üçün ilk öncə etibarlı bir tərəfdaş tapmalıdır. Qeyd edək ki, Azərbaycan bankları bunun üçün adətən, Türkiyə banklarından istifadə edirdilər. Amma belə görünür ki, hal-hazırda Türkiyə bankları da Azərbaycan banklarına etibar etmir. Bu səbəbdən də Azərbaycan bankları xarici investorların maraqlarına cavab vermir. Milli valyutanın dəyərdən düşməsindən sonra bu cür məqamlar daha çox gündəmə gəlir. Ancaq vəziyyət əvvəllərdə bu cür olub. Sadəcə olaraq, bir müddət öncəyə qədər bankların təqdim etdiyi yanlış maliyyə hesabatları onların ayaqda qalmasına səbəb olurdu. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatasını bu hesabatları daha da dərindən yoxladılar və nəticədə bütün banklarda vəziyyətin nə yerdə olduğu ortaya çıxdı. Bankların vəziyyətini uzun zaman ictimaiyyətdən gizlətsələr də, bunu xarici investorlardan gizlədə bilmədilər. Çünki xarici investorların (donorların) Azrbaycan banklarına yatırdıqları pullar riskli hesab olunur. Milli valyutanın dəyərdən düşməsi, bankların gəlirlərinin azalması xarici borcların qaytarılmasını çətinləşdirir. İslahatlar zəruridir Azərbaycan bankları hissələrini xarici investorlara satmaq niyyətində görünmürlər. Çünki xarici investorlar bunun üçün şəffaf hesabat  və maliyyə siyasətini beynəlxalq təcrübələrə uyğun aparılmasını tələb edir. Bu isə Azərbaycan banklarının marğında olan məsələ deyil. Çünki Azərbaycanda banklar aşağı faizlə əmanət cəlb edir və həmin əmanətləri yüksək faizlə əhaliyə kredit şəklində verir. Azərbaycanda bank sektorunun maliyyə siyasəti bundan ibarətdir. Bu gün yaranan problemlərin də kökundə dayanan əsas məsələ məhz bundan ibarətdir. Əgər banklara dövlət dəstək verməsə, hal-hazırda fəaliyyət göstərən banklardan bir çoxu bağlanar. Çünki bir çox banklarda vəziyyət eynidir. Yalnız bəzi banklar var ki, onlar hələ də öz aktivlərini qoruya bilirlər. Təsadüfi deyil ki, ikinci devalvasiyadan sona Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunan maliyyə hesabatlarında yalnız 4 bankda müsbət saldo qeyd olunub. Bu da bütövlükdə bank sektorunun çox az hissəsi deməkdir. Müsbət saldoya sahib olan banklar isə xarici investorların hissədarı olduğu, beynəlxalq təcrübədən istifadə edən və dövlətə məxsus olan banklardır. Digər “özəl” banklar isə belə demək mümkündürsə, artıq “batırlar”. Bank sektorunda islahatların aparılması zəruridir. Əks halda, vəziyyət düzəlməyəcək. Bank sektoru dünya ölkələrində iqtisadiyyatın “sütunu” hesab olunur. Buna görə də dünya ölkələri hər zaman bank sistemində şəffaflığın təmin edilməsində maraqlı olublar. Ölkədə baş verən böhran zamanı banklar demək olar ki, zərər çəkmirlər. Ancaq bizdə vəziyyət tamamilə fərqlidir. İqtisadçılar hesab edirlər ki, ölkədə fəaliyyət göstərən bankların sayı həddindən artıqdır. Buna görə də bankların sayının azadılması və fəaliyyətinin şəffaflaşdırılması vacib hesab olunur. Ancaq bankların sayının azaldılması heç də onların lisenziyasının ləğv olunması demək deyil. Bunun üçün ən yaxşı yol bankların birləşdirilməsidir. Vilayət Muxtar





Həftənin ən çox oxunanları