Yuxarı

Milyardların axırına çıxan rayonlar milyona həsrət qaldı

Milyardların axırına çıxan rayonlar milyona həsrət qaldı

2004-cü ildən 2014-cü ilədək regionlarının sosial-iqtisadi inkişafına dair iki dövlət proqramı həyata keçirilib. Hazırda 2014-2018-ci ili əhatə edə 3-cü proqram icradadır. Rəsmi məlumatlara görə, birinci proqramın icrasına 16 milyard manat, ikinci proqramın icrasına isə 14,5 milyard manat, ümumilikdə bu məqsədlər üçün 2004-cü ildən 2014-cü ilədək 30,5 milyard manat və ya həmin dövrün məzənnəsi ilə 39,1 milyard dollardan çox vəsait xərclənib. Bundan əlavə 3-cü proqramı çərçivəsində 2014-cü ildə 4,5 milyard manat və ya 5,76 milyard dollar, 2015-ci ildə 3,5 milyard manat və 3,33 milyard dollar, beləliklə də 3-cü proqramın ilk iki ilində bütövlükdə regionların inkişafına bütün mənbələrdən manatla 8 milyard, dollarla 9,1 milyard vəsait yönəldilib. Cebh.info-nun məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu qeyd edib ki, rəsmi məlumatlar əsasında aparılmış hesablamalar 2004-2015-ci illərdə regionlarının sosial-iqtisadi inkişafına 38,5 milyard manat və ya 48,2 milyard dollar vəsait xərcləndiyini göstərir: “Göründüyü kimi, son 11 ildə on milyardlarla sərmayə yatırılmasına baxmayaraq hazırda əksər rayonlar üçün ən xarakterik hallar kütləvi işsizlik, sürətlə artan yoxsulluq və gündən-günə çoxalan borc vəsaitlərindən asılılıqdır. Külli miqdarda investisiyaların müqabilində indiyə qədər yalnız Bakı, Sumqayıt, Mingəçevir, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları öz gəlirləri ilə xərclərini ödəmək iqtidarındadır. 2016-cı ilin büdcəsindən yerli xərclərini tənzimləmək üçün ən çox dotasiya alan şəhərlər arasında Lənkəran, Şəki və Gəncə, rayonlar arasında isə Ağdam Şəmkir və Cəlilabad olub. Bu il ərzində bütün rayonlara yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin 775 milyon manat olacağı gözlənilir. Bundan əlavə, 2016-cı ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 282,35 milyon manat proqnozlaşdırılıb. Növbəti ildə bu istiqamətdə vəziyyətin kəskin şəkildə dəyişiləcəyi gözlənilir. Belə ki, 2017-ci ildə respublika tabeli bütün şəhərlər, eləcə də Ağcabədi, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qubadlı, Qusar, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şabran, Siyəzən Şamaxı rayonları yerli xərclərini yerli gəlirləri hesabına maliyyələşdirməlidir. Gələn il dotasiya ayrılacaq rayonların yalnız sayında deyil, həm də bu məqsəd üçün nəzərdə tutulan vəsaitin məbləğində kəskin azalma proqnozlaşdırılır. Belə ki, 2017-c ildə yerli xərclərinin tənzimləmək üçün mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən ayrılacaq vəsaitlərin yuxarı həddinin məbləği 76 milyon manat və ya bu illə müqayisədə 91,2 faiz az proqnozlaşdırılıb. Bu qədər kəskin azalmanı rayonda yerli gəlirlərin əhəmiyyətli artımı ilə kompensasiya etmək istəyən hökumət həmçinin təhsilin maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq etməklə yerli səviyyədə xərcləri azaltmaq siyasətini də yürüdür. Belə ki, 25 yanvar 2016-cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri üzrə xərclərin mərkəzləşdirilmiş maliyyələşdirilməsi Qaydaları”na görə Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən maliyyələşir. Yeri gəlmişkən onu da qeyd edək ki, aparılan dəyişiklər və gözlənilən yeniliklər Naxçıvan Muxtar Respublikasının (MR) büdcəsinin formalaşması mənbələrində dəyişikliyə səbəb olmayacaq. Hətta, əksinə 2017-ci ildə Naxçıvan MR-in büdcəsinə veriləcək dotasiya bu illə müqayisədə az da olsa artırılaraq 290 milyon proqnozlaşdırılıb”. Qubad İbadoğlunun sözlərinə görə, gələn ilin büdcəsindən ən çox dotasiyanın Ağdama, Qaxa, Şəmkirə ayrılması nəzərdə tutulsa da bu rayonlar üzrə də azalma cari ilə nisbətən 5-6 dəfə olacaq: “Dotasiya ayrılacaq digər rayonlar üzrə bu proporsiya daha yüksək proqnozlaşdırılıb, yəni onlar yerli xərclərini tənzimləmək üçün bu illə müqayisədə gələn il mərkəzləşdirilmiş qaydada büdcədən 5-10 dəfə az vəsait alacaqlar. Gələn il rayonlara ayrılacaq dotasiyanın bu illə müqayisədə 91,2 faiz və 700 milyon manata qədər azalması ilk növbədə regional idarəetmə xərclərinin kəskin ixtisarına gətirib çıxaracaq. Çünki 2017-ci il üçün regionlar üçün proqnozlaşdırılan cəmi xərclər 718,27 milyon manat və ya bu illə müqayisədə 53 faiz azdır. Beləliklə də növbəti ilin büdcə proqnozlarına görə, 2017-ci il bir tərəfdən gəlirləri artırılan, digər tərəfdən də xərcləri azaldılan rayonlar üçün çətin keçid ili olacaq. Əvvəlki illərdən dəfələrlə az büdcəyə sərəncam vermək məcburiyyətində qalan icra hakimləri rayonu ənənəvi deyil, yeni tələblərlə idarə etməlidirlər. Yəqin ki, bir çoxları, xüsusilə də uzun illərdir şişirdilmiş xərclərlə israfçılıq hesabına külli miqdarda vəsait qazananlar üçün növbəti il həm çətin, həm də sınaq ili olacaq”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları