Yuxarı

“Azərsun” uşaqları istismar edir

“Azərsun” uşaqları istismar edir

Məktəb yaşlı uşaqlar nar yığmağa göndərilir

Dadaş Əhmədov: “Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır”

İmişlinin Aranlı kəndindəki orta məktəblərdə oxuyan yuxarı sinif şagirdləri kütləvi olaraq məcburi əməyə cəlb edilir. Məktəb şagirdlərinin bəziləri yeni dərs ilində hələ də məktəbə getməyiblər. 14, 15 və 16 yaşlı məktəblilər "Azərsun holdinq"in Biləsuvardakı "Natural Green Land" kənd təsərrüfatı kompleksindəki bağlarda nar yığırlar.

Məsələ burasındadır ki, şagirdlər nar bağlarına yığıma könüllü deyil, müəyyən şirnikləndirmə yolu ilə cəlb edilir. Onlara vəd edilir ki, yığdıqları məhsul qarşılığında müəyyən qazanc əldə edəcəklər. Bu səbəbdən şagirdlər qazanc əldə etmək üçün dərsdən yayınaraq nar yığmağa gedirlər. Mütəxəssislər azyaşlı uşaqların əməyə cəlb edilməsi, məcburi istismar olunması hallarını uşaq hüquqlarının pozulması kimi dəyərləndirirlər.

Azərbaycan Uşaqlar Birliyi nəzdində yaradılmış "Uşaq sığınacağı"nın direktoru Dadaş Əhmədov “Cümhuriyət” qəzetinə bildirib ki, bütün hallarda azyaşlı uşaqların əməyə cəlb edilməsi düzgün deyil. Onun sözlərinə görə,  belə şəxslər inzibati cəzalarla məsuliyyətə cəlb olunmalıdırlar: “14-15 yaşında uşaqların əməyə cəlb olunması düzgün deyil. Bu nə qanuni, nə də məntiqi cəhətdən əsassızdır. Bütün hallarda məktəbli məktəbdə olmalıdır. Məktəb şagirdinin 16 yaşı tamam olmayıbsa, o işləyə bilməz. Əgər 16 yaşı tamam olubsa, yarım günlük işləyə bilər və aldığı əməkhaqqı bütün gün üçün müəyyən olunmalıdır. Bu məsələ qanunvericilikdə də nəzərdə tutulub. Bir məsələ də var ki, uşağın ən yaxşı maraqları təmin olunmalıdır. Onların ən yaxşı maraqları ilk növbədə məhz təhsildir. Əgər sosial durumu çətin olan ailənin uşağı işləyirsə, bu halda müəyyən güzəştlər ola bilər. Ailə uşağına ayaqqabı belə ala bilmirsə, həmin şagirdin işləməsi başa düşülən və qəbul ediləndir. Ailədə işləyəcək kimsə yoxdursa, uşaq işləyib ailəsinə müəyyən yardım göstərə bilər. Bizim özümüzü də sovet dövründə pambıq, üzüm yığmağa cəlb edirdilər. Amma o sovet dövründəydi və heç bir hüquqdan söhbət gedə bilməzdi. İndi dövr başqadır və tamamilə başqa bir dövlət qurulub. BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında da göstərilib ki, uşağın ən yaxşı maraqlarının təmin olunması onun təhsilinin davam etdirilməsidir. Bu nöqteyi-nəzərdən nar yığmağa cəlb edilən uşaqların hüquqları pozulur”.

QHT sədri onu da əlavə edib ki, azyaşlı uşaqları müxtəlif tipli sahələrdə məcburi əməyə cəlb edənlər inzibati cəzalarla cəzalandırılmalıdır: “Belə şəxslərə inzibati cəzalar tətbiq oluna bilər. Ola bilər ki, uşaq dərsdən sonra bir saat valideyninə kömək etmək məqsədilə hansısa işə cəlb edilirsə, o qəbahət deyil. Uşaq həm də əməyə alışmalıdır. Amma bütün günü, hətta dərsdən qalmaqla işləyirsə, o halda uşaqların hüquqları pozulur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları