Yuxarı

Rüsumlar artdı, qiymətlər bahalaşdı

Rüsumlar artdı, qiymətlər bahalaşdı

Rəşad Həsənov: “Qiymət artımı müəyyən müddətdə davam edəcək”

Noyabrın 3-dən Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib. Dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə bir müddət öncə imzalayıb. Qərar iki il müddətində qüvvədə olacaq.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər, rənglənmiş və ya rənglənməmiş, hazır və ya klinkerlər formasında sement üçün 0,07 dollar, 1 kq gips, anhidrit, gipsli bağlayıcıların (susuzlaşdırılmış gips və ya kalsium sulfat olan) üçün 0,07 dollar, 1 kq kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatları (məsələn, kizelqur, tripolit və ya diatomitdən) üçün 0,04 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar,  1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar  gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük-idxal rüsumu alınacaq. Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15 faizini həcmində standart gömrük idxal rüsumu tətbiq edilir.

“Sahibkarlar  yaranmış situasiyadan sui-istifadə etməməlidir”

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında rüsum siyasətinə dəyişikliyə ehtiyac olduğunu bildirib: “Əvvəlki dövrlərdə ölkədə rüsumlar işləmirdi. Broker şirkətlər və onların qeyri-qanuni fəaliyyətləri var idi. Bu şirkətlər aradan qaldırdıldıqdan sonra müəyyən ziddiyyətli məqamlar ortaya çıxdı. Bu səbəbdən də rüsumların üzərində yenidən işlənilməsinə ehtiyac yaranmışdı. Xüsusilə, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkədən valyuta çıxışının məhdudlaşdırılması məsələsi də hökumətin gündəmində idi. Problemə kompleks baxaraq çalışıblar ki, yerli istehsal olan məhsulların gömrük rüsumunu artırsınlar. Artıq həmin məhsullar üzrə bazarlarda qiymət qalxıb.

Bundan sonra da qiymət artımı müəyyən müddətdə davam edəcək. Amma orta və uzunmüddətli dövrdə istehsal şaxələri üçün əslində normal şərait yarandığını da deyə bilərik. Sahibkarlar çalışıb yaranmış situasiyadan sui-istifadə etməməlidir. Daha çox istehsalın genişləndirilməsi yolu ilə gəlirlərini artırmağa çalışmalıdırlar. Qiymətin süni şəkildə artırılması son nəticədə istehlak qabiliyyətini zəiflədən faktordur. Hökumət də çalışıb çevik siyasət həyata keçirməlidir. Hansısa sahədə nəzərdə tutulan hədəflərə nail olunması, müəyyən qrup sahibkarların sürətli varlanmasına və qiymət bahalaşmasına gətirərsə, bu istiqamətdə müəyyən üsullara əl atmaq lazımdır”.

Ekspert onu da qeyd edib ki, tikinti materiallarının bahalaşması mənzillərin də qiymətinin artmasına imkan verəcək: “Bahalaşma faktiki olaraq siyahıda olan məhsullara şamil olunur. Gələcəkdə bu siyahının genişləndirilərək başqa məhsullara da yeni qaydada gömrük rüsumunun tətbiqi məsələsinin gündəmə gəlməsi mümkündür”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları