Yuxarı

Azərbaycan bazarında erməni malı?

Azərbaycan bazarında  erməni malı?

 

Fazil Talıblı: “Məhsulun Ermənistana aid olduğunu iddia etmək düzgün deyil”

Azərbaycanda satışa çıxarılan “Nutella” şokolad yağı ilə bağlı maraqlı fakt aşkarlanıb. Belə ki, məhsulun üzərində olan etiketlərdə məhsulun Ermənistana aid olduğu qeyd edilib. Hətta bu faktla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən bəllidir ki, "Nutella”nın şüşə qabının üzərində "Engin LTD” MMC-nin bu məhsulları Azərbaycana idxal etdiyi bildirilir. Yəni həmin şirkət sözügedən şokolad yağlarını Azərbaycana gətirir. Məsələ burasındadır ki, qablaşdırmanın üzərindəki Engin LTD şirkətinin adı yazılan etiket sonradan yapışdırılıb.

Etiketi qopardıqdan sonra "Nutella”nın Ermənistana idxalı ilə məşğul olan "Slav Group” şirkətinin adı qeyd olunur. "Slav Group” həmin şokolad yağlarının Ermənistan ərazisinə gətirilməsi ilə məşğul olan şirkətdir.

Alıcılar məhsulun alt tərəfində erməni dilində etiket yazıldığının fərqinə varandan sonra məhsul barədə ciddi narahat olmağa başlayıblar. Bundan əlavə bu tip başqa məhsuların da düşmən ölkədən Azərbaycana gətirilməsi haqda məlumatlar yayılıb. Bildirilir ki, düşmən ölkə həmin məhsulların içərisinə müəyyən zərərli qatqı maddələri qatmaqla Azərbaycan uşaqlarında müəyyən xəstəliklərə yol aça bilər. Ən azı bu qatqılar onları şikəst qoymaq təhlükəsi ilə üzbəüz qoya bilər.

“Mətbuat məsələni kontekstdən çıxarır”

Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Cümhuriyət” qəzetinə bildirib ki, bu məhsulu Ermənistan məhsulu kimi qəbul etmək düzgün deyil: “Biz də sizlər kimi “Nutella” şokolad yağları barədə görüntüləri və videonu sosial şəbəkələrdən izləmişik. Bu heç də elə qəbul edilməli deyil. Yəni, bu məhsulun Ermənistana aid olduğunu qəbul etmək düzgün deyil. Bunun öz istehsalçısı var və  ölkəyə bu məhsulu idxal edən şirkət də onu Rusiya və Polşadan gətirir. Bunu məhsulun bəyanatına istinadən deyirik. İdxalçılar sırasında Ermənistan şirkətinin də adının yazılmasına gəlincə, bu məhsullar təkcə Azərbaycana deyil, eyni zamanda Ermənistana da idxal olunur. O baxımdan sırada Ermənistan idxalçılarının da adının olmasında heş bir qəbahət yoxdur. Bunu vətəndaşlar, istehlakçılar və daha çox mətbuat konteksdən çıxarır. Qanunvericiliyə əsasən Ermənistan Gömrük Şurasının üzvüdür. Məhsulun üzərində idxal olunan firmaların ölkəsinə aid olması və hər dildə etiketi var”. Qurum rəsmisi qeyd edib ki, bəzi məhsulların etiketində Azərbaycan dilində məlumatın olmaması çaşqınlıq yaradır: “Bu səbəbdən Azərbaycan dilində məhsulun üzərinə yapışqanlı etiket yapışdırılır. Bütün zəruri məlumatlar da orada qeyd olunur. Bu qanunvericiliyin pozulması deyil, qanunauyğundur. O məhsul hansı ölkəyə idxal olunursa, qanunvericiliyə görə məhsulun etiketi həmin ölkənin dilində yazılmalıdır. İdxalçı ölkələr sırasında Ermənistanın da olması qeyd olunursa, bu o demək deyil ki, bu məhsul Ermənistan məhsuludur. Düşmənlə heç bir əlaqə olmadığı halda iqtisadi əlaqə, həmçinin məhsulların idxalı mümkün deyil. Bu cür həssas bir məqamda biz istehlakçıları da anlayırıq. Onlar bu məsələdən narahat olurlar. Amma bununla bağlı həmin şirkətin nümayəndəsinin də açıqlaması var. Məlum oldu ki, Avropa istehsalı olan o məhsul Rusiya və Polşada idxal olunur və üzərində erməni firmasının adının yazılması onun üçündür ki, bu məhsul təkcə Azərbaycana deyil, Ermənistana da idxal olunur. Yəni ki, məhsul tək bizə gəlmir, bədnam qonşular da bu məhsuldan qidalanır. Orda da onların adı qeyd olunub. Azərbaycan dilində orijinal etiketin yazılmaması və üzərinə yapışqan markanın vurulması normaldır. Yaxşı olardı ki, idxalçı şirkət öz adını orada qeyd etsin. Lakin bunu edə bilmədiyi halda üzərində  stiker yapışdırıb, Azərbaycan dilində qeydləri aparmaqla məlumatları yerləşdirməsi standartlara və qanunvericiliyə uyğundur”.

“Erənistan məhsulu Azərbaycana gətirilə bilməz”

Ermənistan məhsulunun Azərbaycana gətirilməsinə rəsmi qadağanın olması məsələsinə toxunan Fazil Talıblı deyib ki, düşmən ölkənin istənilən məhsulunun Azərbaycana gətirilməsi mümkünsüzdür: “Ermənistan məhsulunun Azərbaycanda nə işi var? Fərqi yoxdur... Ermənistanla münasibət, əlaqə  yoxdursa,  istənilən məhsulunun Azərbaycanda işi yoxdur”.

Alçina Amilqızı

 





Həftənin ən çox oxunanları