Yuxarı

2 milyardı bazarda kim və necə “fırladır”?

2 milyardı bazarda  kim və necə “fırladır”?

 

Batan banklar lombardlara meydan açdı

“Hər ay lombarda 123 manat faiz ödəyirəm. 4-cü aydır ki, hər dəfə əsas məbləğdən bir az verməyi düşünürəm, amma qiymətlər günbəgün qalxır, aldığımız maaş ancaq gündəlik yeməyə və kommunal xidmətə güclə çatır. Qızımız universitetə daxil olanda təhsil haqqını ödəmək üçün kredit götürmək istədik. Ancaq yayda heç bir bank bizə kredit vermədi. Məcbur qalıb lombarda girov qoyub pul götürdük. O elə zaman olur ki, adam çarəsizlikdən bilmir nə etsin. Ona görə də necə ödəyəcəyini heç düşünmürsən də. 11 il oxuyub, müəllimlərə hazırlığa nə qədər pul tökmüşük, indi 1700 manat təhsil haqqına görə uşağı gələcəyindən məhrum etmək olmazdı ki... 1-ci kurslara ödənişdə heç bir güzəşt edilmir. Heç düşünmürlər ki, bu valideyn hazırlığa nə qədər pul xərcləyib, heç olmasa bir-iki ay fürsət verəydilər ki, özümüzü toparlayıb ödəniş edəydik. Məcbur edirlər ki, qeydiyyat başa çatana qədər təhsil haqqını ödəyəsən. Yoxsa tələbənin qeydiyyatını aparmırlar və o, oxumaqdan imtina etmiş kimi görünür. Buna görə məcbur qalıb lombarda getdik”. Bunu “Cümhuriyət”ə paytaxtın lombardlarından birinin müştərisi Təranə Vəliyeva deyib.

Onun bildirdiyinə görə, əvvəlcə kredit üçün banka müraciət edib, ancaq rədd cavabı alıblar: “3 gün getmədiyimiz bank qalmadı. Dollar bahalaşırdı, məzənnə hər gün dəyişridi. Hamısı dedi ki, kredit verilməsini dayandırıblar.Əvvəl də bir bankda ödəməmizdə problem olmuşdu, 2 ay gecikməmiz vardı, amma sonra ödəyib bağlamışdıq. Onu da çıxartdılar ortaya, dedilər ki, siz problemli müştərisiz. Kredit vermədilər. Məcbur qalıb qohumlardan qızıl götürüb lombarda getdik. İndi həm lombarda borcluyuq, həm də qohumların qarşısında utanırıq. Götürəndə demişdik ki, 2 aya qaytaracağıq. Ancaq qaytarmaq olmur. Həyat yoldaşım xəstəliyinə görə təqaüd alır. Mən də mühasib işləmişəm, amma iş yerim bağlanıb, indi bir neçə mağazanın mühasibat işini götürmüşəm, onlardan da hərəsindən ayda 50 manat alıram. Üst-üstə toplayanda krediti qaytarandan sonra yeməyimizə güclə çatır, heç kommunal pulunu vaxtında verə bilmirik. Lombardı ödəməliyik, çünki qohumlaırn qızılları girovdur, əgər 2 ay ödəməsək, qızılı satışa çıxaracaqlar. Adam qohum-qardaş yanında biabır olar”.

Banklar bağlandı, lombardlar açıldı

Devalvasiya, dolların günbəgün bahalaşması, iqtisadi böhran, işsizlik , bunların yaratdığı problemlər, bankların bağlanması insanları bankların cəngindən qurtulmamış indi də lombardlara tərəf itələyir. Bunu lombardlar da təsdiqləyir. Müşahidələr də paytaxtda lombardların sayının günbəgün artdığını göstərir. Bir zamanlar fəaliyyətini dayandırıan lombardlar da müştəri çoxluğunu görərək təkrar fəaliyyətə başlayıblar. Əsasən qızıl müqabilində ssuda verən lombardlar müştəri azlığından yox, çoxlu-ğundan əziyyət çəkir. Belə lombardlardan birinin əməkdaşının dediyinə görə, bəzən hətta nahar fasiləsində də işləməli olurlar. Sizə elə gəlməsin ki,söhbət böyük məbləğlərədn gedir. Heç də belə deyil. Həmsöhbətimiz deyir ki, hətta 60 manat üçün da lombarda müraciət edən olub: “200, 300, 500 manat üçün gələn var. Bu yaxınlarda bir qadın gəlmişdi, dedi ki, ona 60 manat pul lazımdır. Qızıl üzük gətirmişdi. Hesablayıb dedilər ki, üzük bahalıdır, ona azı 250 manat vermək olar. Çox düşündü, dedi ki, 60 manatlıq resept yazıb, maaş almağa da hələ çox var, ona görə kredit götürmək istəyir. Sonra kiminləsə telefonda danışdı, məsləhətləşdilər ki, 100 manat götürsün. Çünki telefonda danışmasından aydın olurdu ki, evə də bazarlıq etmək lazımdır. 100 manat alıb getdi. Müqaviləni biz əsasən bir aylıq bağlayırıq, ancaq çox nadir hallarda kimsə bir ay sonra girovunu çıxarır. Aybaay müqaviləni uzadırıq. O qadın da 1 aylıq bağlamışdı, ümid edirdi ki, maaş alanda gəlib qızılını geri götürəcək. 3 aydır hələ də ayda 12 manat ödəyir, hələ də girovunu götürməyib. Yəqin imkanı yoxdur”.

Müqavilələr dollarla bağlansa da kredit manatla verilir

Müştərilərin artması və üçüncü devalvasiya təhlükəsi lombardların da iş sisteminə təsirsiz ötüşməyib. Əvvəllər ancaq manatla ssuda verən lombardların bir çoxu indi manata güvənmir. Buna görə də müqavilələr dollarla bağlanır. Yaxud əvvəlcədən manatla bağlanan müqavilələrə dəyişiklik edilir. Müştərilər xəbərdar edilir və manatın kəskin dəyər itirməsi müqabilində müqaviləyə də dəyişiklik ediləcəyi deyilir. Adının çəkilməsini istəməyən lombard sahibi bu addımı özlərini sığortalamaq məqsədilə atdıqlarını deyir: “Bizim də qazancımız burdan çıxır. Manat öldükcə bizim də qazancımız xərcimizə müvafiq olmur. Buna görə də müqavilələri dollarla bağlayırıq”. Amma maraqlıdır ki, müqavilələr dollarla bağlansa da,ödəniş manatla aparılır. Yəni, girov sahibinə ssuda dollarla verilmir, günün məzənnəsinə uyğun olaraq manatla verilir. Hətta girov sahibi müqavilədə göstərilən kimi dollar tələb etdiyi təqdirdə belə ona dollar ödənişinin mümkün olmadığı bildirilir. Həmsöhbətimiz olan lombard sahibi bunun səbəbini tam açqılamasa da, sözündən məlum olur ki, əllərində olan dolları vermək istəmirlər. Çünki bu xarici valyutanın daha da bahalaşacağını gözləyirlər. Banklara dollarla kredit verilməsini qadağan edən qanunvericilik aktlarının lombardlara da şamil edilməsinə gəlincə, etdiklərinin əslində qanunsuz olmasından da xəbərdardırlar. Özləri üçün problem yaratmaq istəməyənlər müqaviləni manatla bağlayır və açıq şəkildə onu dollara çevirmir. Sadəcə, müştəriyə borcunun bundan sonra dolların məzənnəsinə müqabil artacağına dair xəbərdarlıq edilir və ödəniş qəbzlərində aybaay dolların məzənnəsi qeyd olunur.

Yəni, müştəri bilir ki, manat kəskin dəyər itirərsə, o zaman ödəyəcəyi məbləğ də artacaq. Artım aylıq ödənişlərə şamil edilməsə də, əsas məbləğə şamil olunur. Çarəsiz qalan müştərilər isə buna etiraz etməyin faydasız olacağını bilir və çətin anda gedə biləcəkləri yer olan lombard qapılarını da üzlərinə bağlamaq istəmirlər. Digər tərəfdən lombardda olan girovlarını geri ala bilməmək qorxusu müştəriləri bütün tələblərlə razılaşmaq məcburiyyətində qoyur.

Bazarda dolaşan 2 milyard dollar kimindir?

Bazarda qızıl qiymətindəki bahalaşma lombardların verdiyi kreditin məbləğinə təsir etməsə də, ucuzlaşma dərhal təsir göstərir. Başqa sözlə desək, qızılın dəyərinin 90 faizi həcmində ssuda verdiyini iddia edən lombardlar qızıl bahalaşdığı təqdirdə ümumi məbləği orta hesabı, qızıl ucuzlaşdığı təqdirdə isə son qiyməti əsas götürür. Başqa sözlə desək, bütün hallarda uduzan ancaq müştəri olur. Sadəcə, banklardakı süründürməçilik, kredit verilməsi qaydalarının sərtləşdirilməsi, ödəmələrdə gecikmə olduğu təqdirdə məhkəmə və ya əmlaka həbs qoyulması kimi məsələlər müştəriləri lombarda istiqamətləndirir. Burda götürülən ssudanın geri ödənişində 2 ay fürsət verilməsi, arayış tələb olunmaması, banklardakı kollektorların lombardlara hələ kütləvi şəkildə ayaq açmaması, banklardan fərqli olaraq lombardın ödəmə ilə bağlı ortaya çıxan problemi yoluna qoymaq üçün müştəri ilə dil tapmaq cəhdi də lombardların müştərilərini artıran əsas səbəblərdir. Mütəxəssislər isə deyir ki, Azərbaycanın bank sektorunda cərəyan edən hadisələr lombardların fəaliyyətini artırıb. Əslində isə lombardların banklar tərəfindən himayə olunduğu və vəsaitin də məhz banklar tərəfindən qanunsuz olaraq təmin edildiyi deyilir. Bəzi mütəxəssislərin dediyinə görə, söhbət bu sektorda “dolaşan” 2 milyard manatlıq vəsaitdən gedir. Banklar özləri vermədikləri krediti lombardların əli ilə verir, çünki burda vəsaitin geri qaytarılmadığı təqdirdə girovu mənimsəmək daha asandır. Bunun üçün lombardlar hətta müştəriyə yazılı xəbərdarlıq belə etmədən girovu özününküləşdirirlər.

İldə 150 faizlə kredit

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, əslində lombardlar qanunsuz fəaliyyət göstərir. Mütəxəssisin fikrincə, lisenziyasız fəaliyyət növü olan lombardlar qanunsuzluq edir. Mülki Məcəllənin 741-ci maddəsinə görə, verilən borc üzrə faiz ildə bir dəfə tutulmalıdır. Amma lombardlar faizləri ayda bir dəfə tuturlar. Hətta lombardların illik faizləri 100, bəzən də 150 faizə kimi gedib çıxır. Bunu da aylara böləndə hər aya ən azı 7-8 faiz düşür.

Lombardlar krediti ödəyə bilməyən vətəndaşa əşyanı qaytarmır və bir çox halalrda şifahi xəbərdarlıqla özünə götürürlər. Yəni mənimsəyirlər. Hətta girovları götürərək ölkədən qaçma halları da var. Girovu hərraca çıxararaq birinci müştərinin özünə təklif etmədən mənimsəmək qanunsuzdur və bu, bir çox lombardın iş prinsipidir”. Ekspert bildirir ki, lombardlar girov müqaviləsini də tam aydın yazmadığına görə müştərinin hüquqlarını pozmaq imkanı artır. Belə ki, sənəddə girov qoyulan zinət əşyası ilə bağlı bütün məlumatlar təm dəqiqliklə göstərilmir.

Digər tərəfdən banklar öz kreditlərinin ödənilməsi üçün insanları lombardlara istiqamətləndirir ki, bu da ikiqat problem yaradır. Ekspert hesab edir ki, bank sektorunda baş verənlərdən sonra maliyyə bazarına ayaq açan lombardların fəaliyyətini tənzimləmək üçün ayrıca qanun layihəsinə ehtiyac var. Əks təqdirdə bankların himayə etdiyi lombardlar əhali üçün böyük problemlər yaradacaq.

Sevil Ağazadə

 





Həftənin ən çox oxunanları