Yuxarı

Bakıda dollar satışı dayandırıldı

Bakıda dollar satışı dayandırıldı

Dolların məzənnəsi qalxdıqca bəzi banklar yalnız dollar yığmaqla məşğul olur. Açıq dollar satışı həyata keçirən banklar isə istənilən məbləğdə dollar satışı üçün şəxsiyyət vəsiqəsi tələb edir.

Cebhe.info əməkdaşı bu gün bankların dollar satıb-satmadığını öyrənmək üçün bir neçə bank filialında olub.

İlk olaraq “BTB Bank”ın Fizuli küçəsində yerləşən filialında söndürülmüş valyuta mübadilə tablosu ilə qarşılaşdıq. Bankın kassaları isə, ümumiyyətlə, işləmirdi. “Dollar satışı varmı?” sualına isə “kassir yoxdur, kassa işləmir” cavabını aldıq. Daha sonra elə həmin küçədə yerləşən “Unibank”ın filialının kassalarına yaxınlaşdıq. “Unibank”ın kassiri maksimum 500 dollar ala biləcəyimizi, ancaq bütün məbləğlər üçün şəxsiyyət vəsiqəsi təqdim etməli olduğumuzu dedi.

Digər banklarda da bənzər mənzərə vardı. Belə ki, “Yapıkredi” Bank, Bank Respublika, “Atabank”ın da valyuta mübadilə tabloları söndürülmüşdü.

Məlum olurdu ki, banklar dollar yığımına yenidən start verib. İlin sonunda Mərkəzi Banka təqdim etməli olduqları hesabatlarda müsbət saldo göstərmək məcburiyyətində olan banklar bu cür sərt addımlara gedir. Bankların atdığı bu addımlar isə əhali arasında ajiotaja səbəb olur.

Qeyd edək ki, “Unibank”da dolların satış qiyməti 1.7543 manat, “BTB Bank”da isə 1.7450 manat təşkil edir. Mərkəzi Bankın bu günə verdiyi rəsmi məzənnə isə 1 dollar 1.6782 manatdır. Bankların dollar satış qiymətlərindən görünür ki, 4 faizli marjadan maksimum istifadə edirlər. Satış qiymətlərinin arasında olan fərq isə təsadüfi deyil. Ümumiyyətlə, dollar satışı həyata keçirməyən banklar qiymətləri aşağı, dollar satışı həyata keçirən banklar isə maksimum marja faizlərindən istifadə edərək yüksək göstərir. Bu, bankların maliyyə siyasətinin “qanunudur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları