Yuxarı

İqtisadi böhran fəlakət həddində

İqtisadi böhran fəlakət həddində

Maaşları artırmaq üçün pul tapılacaqmı?

Fuad İbrahimov: “Maaşlarının qaldırılması ilə paralel onun qorunması prosesi də getməlidir”

Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiya artmaqda davam edir. Neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. Milli valyutanın məzənnəsi isə stabilləşmir. Avropa Yenidənqurma və İnkişaf Bankının proqnozlarına görə, 2017-ci ildə Azərbaycanda 1 faizlik iqtisadi artım gözlənilir. Mərkəzi Bankın verdiyi məlumata görə, orta illik inflyasiya sentyabr ayı üçün 11.2 faizdir.

2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumata görə, ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb. 2016-cı ilin oktyabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri sentyabr ayına nisbətən 1,3 faiz artıb. Ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.

Bu isə o deməkdi ki, Azərbaycanda inflyasiyanın səviyyəsi 12 faizə yaxınlaşıb. Bu vaxta qədər milli valyutaya inam bərpa olunmayıb. İnamı artırmağa cəhdlərin olmasına baxmayaraq hesabat dövründə manata təzyiqlər davam edib. Müstəqil ekspertlərin proqnozlarına görə, inflyasiyanın həcmi böyüməkdə davam edəcək. Maraqlıdır, inflyasiya artan templə dava edərsə, Azərbaycan dünyanın ən kasıb ölkələr siyahısına düşə bilərmi?

“İraqla Suriya da bu cür dağıldı”

İqtisadçı alım Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanın dünyanın ən kasıb ölkəsinə çevrilmə ehtimalının olmadığını deyib: “Birinci, Azərbaycanın strateji mövqeyi ən vacib məsələlərdən biridir.

Yeri gələndə zəngin təbii sərvətləri, bərpa edib lazımi səviyyəyə çatdıra bilsək, hətta qeyr-neft sektorunun zəngin perspektivləri var. Azərbaycan iqtisadiyyatının düşdüyü mövcud böhran vəziyyəti neft amilindən asılılıqdan qaynaqlanıb. İraq, Suriya kimi ölkələr bu siyasət ucbatından dağılıb gedir. Onların da zəngin təbii ehtiyatları var, ancaq onu iqtisadi dövriyyəyə cəlb edə bilmir. Bu nöqteyi-nəzərdən Azərbaycanın müsbət amilləri var.

Təsəvvür edin ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarını iqtisadi dövriyyəyə cəlb edə bilmir. Sadəcə, biz öz gücümüzü düzgün qiymətləndirə bilmədiyimiz üçün mövcud vəziyyətə düşmüşük. Azərbaycanın ən kasıb ölkələr siyahısına düşə biləcəyini qətiyyətlə qəbul etmirəm. Hesab edirəm ki, ortaq məxrəcə gəlib vəziyyətdən çıxış yollarına əl atacaqlar. Çünki bu, daim belə gedə bilməz”.

Əhalinin pul gəlirlərinin artmasına gəlincə, ekspert faktiki iqtisadiyyatda düzgün yanaşmanın olmadığını vurğulayıb: “Əhalinin əməkhaqqını artırmaqdansa, verilən əməkhaqqının effektiv səviyyədə qorunması həyata keçirilməlidir. Əgər maaş 20 faiz qalxacaqsa, paralel olaraq istehlak edilən ərzaq məhsulları və yaxud kommunal xərclər 30-40 faiz qalxacaqsa, bunun heç bir effekti olmayacaq. Əgər əlavə 20 manat vəsait verirlərsə, xərci də 30 manat artırırlarsa, biz olduğumuz vəziyyətdə də qalacağıq.

Ümumiyyətlə, perspektiv yanaşma belə olmalıdır ki, iqtisadiyyatda maaşlarının qaldırılması ilə paralel onun qorunması prosesi də getməlidir. Artırılan əməkhaqqı effekt versin, vətəndaş ondan mənfəət görə bilsin”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları