Yuxarı

Manat “batır”: Son ümidlər də tükənir

Manat “batır”:  Son ümidlər  də tükənir

 

Dolların kəskin bahalaşması qaçılmazdır

2017-ci ildə növbəti 35 faizlik devalvasiya gözləntisi

Dolların bahalaşma tendensiyası davam edir. Bu proses ötən aylara nisbətən daha da sürətlənib. Hökumət rəsmiləri qeyd edirlər ki, Mərkəzi Bank manatın dayanıqlığını saxlamaq üçün təkcə 2016-cı ildə 11 milyard manat vəsait xərclənib. Bu Azərbaycan büdcəsi üçün kifayət qədər ciddi rəqəmdir. Manatın ucuzlaşması isə davam edir və son 1 ayda manat dollara nisbətdə 7 faiz ucuzlaşıb.

Mərkəzi Bankın keçirdiyi son valyuta hərracında 1 dollar 1.71 manata satılıb. Bu isə o deməkdir ki, artıq bu həftə ərzində 1 dollar 1.71 manatdan yüksək olacaq. Mərkəzi Bank həftədə 2 dəfə hərrac keçirir və hər dəfə qəpiyin 80-90 faizi nisbətində dolların məzənnəsini artırır. Dolların bahalaşması bu nisbətdə davam edərsə, ilin sonuna qədər manat daha 1.5 faiz ucuzlaşacaq və məzənnə 1.85 manata qədər artacaq. Manatın bu templə bahalaşması davam edərsə, manat son 2 ayda 8.5 faiz ucuzlaşacaq. Ancaq son iqtisadi göstəricilərə nəzər salsaq, görərik ki, manatın ucuzlaşma prosesi daha da surətlənəcək. Dekabr ayında Mərkəzi Bankın hərraca çıxardığı valyutanın həcmində də azalma müşahidə olunacaq. Bu 2017-ci ilin büdcə layihəsi təsdiq olunana qədər davam edəcək.

35 faizlik bahalaşma

Ötən ilə nisbətən Azərbaycan dövlət büdcəsində azalmaların şahidi oluruq. Bu büdcə layihəsinin ilkin variantında da özünü büruzə verir. Nəzərə alsaq ki, büdcədə azalmalar baş verir, bu da manatın daha surətli ucuzlaşmasına səbəb olacaq. Rəsmilərin dediyi kimi, manatı hələ bu səviyyədə saxlamaq üçün 1 il ərzində 11 milyard manata ehtiyac var. Ancaq ölkədə valyuta qıtlığı hökm sürür və 2017-ci ildə manatın dayanıqlığını artırmaq üçün bu qədər valyutanın ayrılacağı inandırıcı deyil. Bütün bunları nəzərə alsaq, 2017-ci ildə manatın növbəti dəfə 30-35 faiz civarında kəskin devalvasiyaya uğraması qaçılmaz görünür. Manatın növbəti dəfə bu nisbətdə ucuzlaşması isə ölkə iqtisadiyyatını daha da ağır vəziyyətə salacaq.

Manatın ucuzlaşmasına səbəb təkcə ölkədə cərayan edən valyuta qıtlığı deyil. Milli valyutaya təsir edən əsas amillərdən biri də Amerika Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenitinin (FED) uçot dərəcəsini qaldırmasıdır. FED-in dekabrda keçirəcəyi son iclasında uçot dərəcəsinin 0.50 faizdən 0.75 faizə qədər artırılacağı ehtimalı artıq yüksək qiymətləndirilir. Bu isə manatın daha da sürətlə ucuzlaşmasına səbəb olacaq.

İlin sonuna qədər 35 faiz ucuzlaşma

Digər tərəfdən isə ölkədə istehsal demək olar ki, yoxdur. İstehlak mallarının 95 faizi xammal hesabına təmin edilir. Milli valyutanın gücü isə birbaşa olaraq istehsal qabiliyyətindən asılıdır. Bu isə o deməkdir ki, 2017-ci ildə də manatın “gücü”nü görə bilməyəcəyik. İqtisadçılar da bildirirlər ki, manat 2017-ci ildə daha da surətlə ucuzlaşacaq. 2017-ci ilin sonuna qədər manat təxmini 35 faiz nibətində ucuzlaşacaq. Bu da özüylə bərabər istehlak mallarının bahalaşmasına səbəb olacaq.

Manatın möhkəmlənməsində yeganə ümid neftin qiymətinin dünya bazarında artmasıdır ki, ekspertlər bu barədə də ümidlə danışmırlar. 2017-ci ilin büdcəsində neftin baza qiymətinin 40 dollar civarında götürülməsi də təsadüfi deyil. Hökumət rəsmiləri də neftin qiymətinin 45 dollardan yüksək olacağını gözləmirlər. Manata təsir edən bütün bu amilləri nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, dolların kəskin şəkildə bahalaşması qaçılmazdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları