Yuxarı

Hökumətin yeni “pul tələsi”

Hökumətin  yeni “pul tələsi”

 

“Skoro” maşınlarına yol verməyənlər cərimələnəcək

Ərşad Hüseynov: “Məsuliyyət isə kifayət qədər ciddidir. 3 bala 100 manat cərimə var”

Təcili Təxirəsalınmaz Tibbi Yardım maşınlarının önünə kamera quraşdırılması nəzərdə tutulur. Bu üsulla da sanitar avtomobillərə yol verməyənlər daha rahat müəyyənləşdiriləcək və barələrində müvafiq tədbir görüləcək. Bundan əlavə təcili tibbi yardım maşınlarının salonlarında da kameraların yerləşdirilməsi planlaşdırılır. Məqsəd isə Təcili Tibbi Yardım maşınlarına yol verməyən nəqliyyat vasitələrini daha rahat cərimələnməsidir.

Hazırda müvafiq qurumlara təkliflər göndərilib və layihə üzərində iş gedir. Məsələ geniş müzakirələrə yol açıb. Ekspertlər hesab edir ki, bir çox ölkələrdə bu sistemin tətbiqi mövcud olsa da, Bakıda Təcili Tibbi Yardım maşınlarına kamera ilə bağlı sistemin tətbiq edilməsi mümkün deyil. Çünki paytaxtda bu sistemin tətbiqi effekt verməyəcək. Hətta bu məsələdə bəzi sui-istifadə hallarına da yol veriləcək. Hesab edilir ki, əslində Təcili Tibbi Yardım maşınlarına yol verməyənlərin cərimələnməsi üçün nəzərdə tutulan bu sistemin tətbiqi əhalidən daha çox pul yığmaq və itirilmiş büdcə kəsirlərinin bərpa edilməsidir.

Məsələ ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov “Cümhuriyət” qəzetinə bildirib ki, dünyanın çox yerində bu sistem var: “Maraqlı bir sistemdir. Həm təcili tibbi yardım maşınının sürücüsünün öz fəaliyyətinə, həm də onun yolda düşdüyü situasiyalar, başqa sürücülərin, hərəkət iştirakçılarının ona münasibətinə nəzarət olunur. Bu məsələdə hüquqi əsas da olmalıdır ki, o görüntülər təcili tibbi yardım maşınlarında var və ona yol verməyən sürücülər yol polisi tərəfindən cəzalandırılır. Bu məsələnin həm də psixoloji tərəfləri  var. Tutaq ki, yolda nə polis,  nə də onun kamerası var. Amma təcili yardım maşınının özündə kamera var və kimsə məsuliyyətə cəlb olunacaq. Məsuliyyət isə kifayət qədər ciddidir. 3 bala 100 manat cərimə var. Bunun bir qabaqlayıcı tədbiri də var. Amma bütün hallarda bu məsələnin hüququi tərəflərinə əl gəzdirmək lazımdır”.

Ekspertin dediyinə görə, çalışmaq lazımdır ki, yersiz mübahisələr olmasın: “Nəzəri cəhətdən mümkündür ki, təcili yardım maşınının sürücüsü təcili tibbi yardımla bağlı çağırışa getmir, tutaq ki, yanacaqdoldurma məntəqəsinə yanacaq doldurmağa gedir. Yalandan o siqnalın səsini-küyünü qoşur ki, “mənə yol verin”. Bu haldan sui-istifadə edir. Bunun qarşısını ala biləcək tədbirlər olmalıdır. İlk növbədə təcili tibbi yardım maşınının sürücülərinin özlərinə nəzarət olmalıdır. Tutaq ki, qeyd edilir ki, saat 15:20-də filan küçədə buna yol vermədilər. Sürücülərin iş qrafiki, çağırışlar, əhalinin müraciətləri qeydə alındığı üçün bu məsələ jurnal əsasında ciddi yoxlanmalıdır. Ayırd edilməlidir ki, həqiqətən təcili tibbi yardım maşını çağırışa, yanacaqdoldurma məntəqəsinə gedib və ya müdirini evinə aparıb. Eyni zamanda sürücülərin aid olduğu tibb müəssisələri onları elə təlimatlandırmalıdırlar ki, sui-istifadə halları olmasın və üç günlük hüququndan istifadəyə cəhd olmasın. Hər halda maraqlı sistemdir”.

Ekspertin fikrincə, təcili tibbi yardım maşınına yol vermək üçün ölkədəki yollar hələ Türkiyədəki yollardan daha uğurludur: “Sadəcə mədəniyyətimiz, yanaşmamız ona uyğun deyil. Yolla bağlı problemimiz yoxdur. Bəlkə hesab edirsiniz ki, bəzi xarici ölkələrin yollarında təcili tibbi yardım maşınlarının hərəkəti üçün xüsusi zolaqlı yollar var. Əslində bu informasiyanın özündə yanlışlıq var. Bəziləri hesab edirlər ki, digər ölkələrdə belə nəqliyyat vasitələri üçün xüsusi zolaqlı yollar var. Belə deyil. Heç ehtiyac da yoxdur. Məsələn, hansısa yolda heç vaxt təcili yardım maşını keçməyəcək. Belə zolağın ayrılmasına nə ehtiyac var?

Əslində xüsusi avtobus zolaqları var, ki, ora yalnız avtobuslar daxil ola bilər. Ehtiyac olanda trolleybus, təcili yardım maşınları və polisin operativ nəqliyyat vasitələri daxil ola bilər.  Orada təcili yardım maşınına yol vermək söhbəti yoxdur. Bəzi “mütəxəssislər” bu zolağı qarışdırırlar. Bizim dediyimiz məsələ isə adi yollara aiddir. Yəni təcilli tibbi yardım maşını gedir, yol istəyir, amma ona yol verilmir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları