Yuxarı

Bakıda gizli səhm bazarı

Bakıda gizli  səhm bazarı

 

Bağlanan bankların əmlaklarını kimlər satır, kimlər alır?

Manatın 1 il ərzində 2 dəfə kəskin devalvasiyaya uğraması bankların maliyyə durumuna mənfi təsir etdi. Bunun nəticəsi kimi, ciddi maliyyə resurslarına malik olmayan 13 bank bağlandı. Bu günə qədər bağlanan banklarda yalnız “Para Bank” ASC Bank Olmayan Kredit Təşkilatı kimi fəaliyyətini yenidən bərpa edə bildi. Digər banklarda isə hələ də əmanətlərin qaytarılması prosesi davam edir. Bu proses isə bağlanan bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən aparılır.

Qeyd edək ki, əmanətlərin qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu banklara 460 milyon manat maliyyə verib. Təbii ki, bu məbləğ bankların aktivlərinin satılması ilə geri ödənilməlidir. Ancaq hələ ki, hər hansı bir bankın aktivlərinin satışa çıxarılması haqqında heç bir məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, bağlanan bankların hər birinin kifayət qədər borcu və bu öhdəliklərini yerinə yetirə bilmədikləri üçün lisenziyaları ləğv olunub. Ən çox daşınmaz əmlaka sahib olan bank isə “Bank Standardır” ki, həmin bankın da hələ ki, heç bir daşınar, daşınmaz əmlakı satışa çıxarılmayıb. Yalnız kreditləri gecikdirildiyi üçün vətəndaşların əlindən alınan avtomobillərin satışa çıxarılması ilə bağlı müəyyən məlumatlara rast gəlmək olar. Bu isə yalnız görüntü xarakteri daşıyır. Bu prosesin gedib-getməməsi haqqında isə heç bir məlumat əldə etmək mümkün deyil.

Hərrarclar gizli keçirilir

Bu məsələdə də iştirak etmək istəyən “oyunçuların” sayı kifayət qədərdir. Bank monopolistləri bu məsələdə də mübarizə aparırlar və belə demək mümkündürsə, “yağlı tikə”nin sahibi olmaq istəyir. Bu təcrübə yaşanmamış deyil. Gizli hərraclar, qaranlıq satışlar rast gəlmədiyimiz hallar deyil. Hal-hazırda da mübarizə bu yöndə gedir və ona görə də bağlanan bankların aktivlərinin satışı hələ də həyata keçirilmir. Bəzi banklar yeni bağlansa da 6 bankın lisenziyası uzun müddətdir ki alınıb və həmin bankların müflis elan olunması haqqında məhkəmə qərarı da mövcuddur. Ancaq həmin bankların da əmlaklarının satılıb satılmaması haqqında heç bir məlumat yoxdur. Hərracların nə zaman keçiriləcəyi haqqında da informasiyaya rast gəlmək mümkün deyil.

Gizli səhm satışları

Maraqlı məqamlardan biri də odur ki, araşdırmalar zamanı bu günə qədər yalnız bir müflis olan bankın səhmlərinin satışa çıxarılması halına rast gəlmək olur. Bu bank isə 2009-cu ildə müflis elan olunan “Debut Bank”dır. Həmin bankın da satışları ilə əlaqədər informasiyalar yalnız səhmlərinin satışa çıxarıldığı və bununla bağlı yalnız iki investisiya qurumuna müraciət olunması ilə bağlıdır. Belə ki, bu maliyyə qurumlarından biri Fransanın investisiya təşkilatı, digəri isə Azərbaycanın kommersiya banklarından biri olub ancaq o, dövrdə  “Debut Bank”dan bildirilib ki, satış prosesinin gedişi konfidensial saxlandığına görə, hər iki təşkilatın adı açıqlanmır.

Ümumiyyətlə, bağlanan bankların səhmlərinin satışa çıxarılması necə aparılmalıdır? Bu məsələ qanunla nəzərdə tutulan qaydalara uyğun olaraq aparılmalıdır. İlkin olaraq bankın ləğvedicisi kimi çıxış edən qurumun audit komitəsi bankın aktivləri və passivlərini hesablayır və daha sonra həmin aktivlər borcların ödənilməsi üçün satışa çıxarılır. Satış isə hərrac vasitəsilə həyata keçirilir. Hərrac iştirakçılarına isə qaydalara uyğun olaraq ən azı 3 iş günü öncədən məlumat verilməlidir.

Ümumiyyətlə, bank sahibi olmaq müəyyən gücə sahib olmaq anlamına gəlir. Azərbaycanda da bankların bir çoxuna kimlərsə “krişalıq” edir. Bankları qoruyan güclərin kim olması da xüsusi önəm daşıyır. Həmin şəxslərin nə qədər güclü olması, qoruduqların bankın nə qədər uzun yaşamasının bir göstəricisidir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları