Yuxarı

Hər il milyonlar itirən Azərbaycan turizmi

Hər il milyonlar itirən  Azərbaycan turizmi

 

“Niyə Gürcüstanda istirahətə gedirik?

Çingiz İsmayılov: “Azərbaycanlı alın təri ilə qazandığı pulları aparıb Gürcüstan iqtisadiyyatına qoyur”

2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər, 2016-cı ilin 6 ayında isə 9500-dən çox olub. Son 9 ayda Dubaydan Azərbaycana gələn turistlərin sayı 22 minə çatıb. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin iclasında bildirib. O qeyd edib ki, istənilən əcnəbi vətəndaş ASAN Xidmət vasitəsilə 3 gün ərzində viza ala biləcək: “Bu da turizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Ölkə başçısı tərəfinizdən viza məsələsi ilə verilən dəstək yay mövsümündə turistlərin ölkəmizə axınına şərait yaradıb”.

Bu statistik göstəricinin açıqlanması ilə də Azərbaycanın turizminin inkişafına dair məlumatlar bitmiş sayılır.

Region turistləri Gürcüstana axışır

Müqayisə üçün qonşu Gürcüstan dövlətini götürək. Gürcüstanla İran arasında viza rejiminin ləğv olunandan sonra bu ölkəyə gələn turistlərin sayı maksimum artıb. 2016-cı ilin yanvarından sentyabra qədər Gürcüstana İrandan 120.8 min nəfər turist gəlib. Gürcüstan Turizm Milli Administrasiyasının məlumatına görə, bu, ötən illə nisbətə 513 faiz çoxdur. Ötən ilin sentyabrına qədər müqayisədə Gürcüstandan İrandan 28.9 min nəfər turist gəlib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 571.9 faiz artım deməkdir. Gürcüstan Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze İrandan gələn turist sayının artmasını iki ölkə arasında viza rejiminin ləğv olunması ilə əlaqələndirib. Xatırladaq ki, Gürcüstanla İran arasında viza rejimi 2016-cı ilin fevral ayında qaldırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 2016-cı ilin sentyabr ayı ərzində Gürcüstanda ən çox turist Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İrandan gəlib. Gürcüstana sentyabr ayında ən çox Azərbaycandan gələn turistlər üstünlük təşkil edib. Onların sayı 130 min 851 nəfər təşkil edib. Bu, əvvəlki illə müqayisədə 7.6 faiz çoxdur. İkinci yerdə cüzi fərqlə Ermənistan dayanır. Onların sayı 130 min 815 nəfər olub. Bu göstərici əvvəlki dövrlə müqayisədə 4.2 faiz artım deməkdir. Üçüncü yerdə Rusiya dayanır. Gürcüstana eyni ayda 119 min 96 nəfər Rusiya vətəndaşı səyahət edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.1 faiz çoxdur. Rusiyanın Gürcüstanla düşmən münasibətdə olmasına baxmayaraq rusiyalı turistlər bu Cənubi Qafqaz ölkəsinə maraq göstərir. Dördüncü yerdə Türkiyə dayanır. Bu ölkədən Gürcüstana 108 min 372 nəfər turist gəlib. Bu, İranın göstəriciləri ilə müqayisədə 21.5 faiz azdır.

28 min 926 nəfər turist sayına görə, ilk beşliyi İran tamamlayır. Viza rejiminin yenicə ləğv olunmasına baxmayaraq bu ilin ilk 6 ayı ərzində İrandan gələn turistlərin sayı ilə bağlı maksimum göstərici qeydə alınıb. Belə ki, İrandan Gürcüstana 75 min beynəlxalq səfər həyata keçirilib. İran Gürcüstana edilən səfərlərin sayına görə beşinci yeri tutur. Ümumilikdə isə sentyabr ayında Gürcüstana 631 min 302 nəfər əcnəbi səyahət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Amma 2016-cı ilin 9 ayı ərzində Gürcüstana 2 milyon 156 min 731 nəfər turist gəlib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5 faiz artıqdır.

Georgi Çoqovadzenin verdiyi məlumata görə, Gürcüstana gələn turist sayının artması ölkənin gəlirlərinin də yüksəlməsinə səbəb olub. Belə ki, 2016-cı ilin iki kvartalı müddətində Gürcüstan beynəlxalq turizmdən 101 milyon ABŞ dolları əldə edib. Bu isə iqtisadiyyatı Azərbaycandan qat-qat aşağı olan Gürcüstanın turizmlə bağlı əldə etdiyi uğurlu nailiyyətdir. Hər iki ölkə arasındakı statistik rəqəmlərə nəzər salanda çoxsaylı suallar doğur. Ölkə başçısı hər il turizmin inkişafı ilə bağlı sərəncamlar, göstərişlər verib. Ən sadə sualdan başlayaq. Azərbaycanda nə çatışmır ki, Gürcüstan eləcə də özümüzdən zəif olan digər dövlətlərə üz tuturuq?

“Azərbaycan rəqabətə davamlı deyil”

Bunun səbəbləri barədə turizm üzrə ekspert Çingiz İsmayılov “Cümhuriyət” qəzetinə bildirib ki,dövlət Azərbaycanda turizmin inkişafı üçün kifayət qədər vəsait ayırır. Ancaq istər Gürcüstan olsun, istərsə də digər ölkələr, turist üçün cəlbedicilik bir neçə məsələ ilə müəyyən olunur: “Birinci qiymətlər, ikinci təklif olunan servislərin çoxluğu və onun səviyyəsidir. Bu iki-üç məsələ potensial turist üçün cəlbedici olur. Təbii ki, ölkəmizdə turizmin inkişafına dair aparılan siyasət düzdür və məqsədəuyğundur. Lakin turizm şirkətləri və müvafiq qurumlar bu siyasətdən nə qədər tam istifadə edir, rəqabətə davamlılıq baxımından müvafiq addımların, nə dərəcə uğurlu aparır, bu, müqayisə əsasında müəyyən olunur. Əgər Gürcüstanla müqayisədə turistlərin sayına görə geridəyiksə, deməli, Azərbaycan rəqabətə davamlı deyil. Hələ bir neçə il əvvəl 350 min azərbaycanlı Gürcüstanda istirahətə getmişdi. Ancaq ondan dəfələrlə az sayda Gürcütsandan Azərbaycana turist gəlmişdi. İlk öncə turist üçün cəlbedici ölkə müəyyən qiymətlərlə təklif olunan servis sahələri və xidmətlərin səviyyəsindən asılıdır. Eyni zamanda ölkəyə məxsus iqlimin üstünlükləri, ərazini təqdimetmə bacarığı, reklamı çox vacib məsələlərdir. Azərbaycan həm qiymət, həm də xidmətlərin səviyyəsi baxımından uduzur. Ona görə də potensial turist seçim edəndə Gürcüstana üstünlük verir.

Təsəvvür edək ki, bir turist həm Azərbaycana, həm də Gürcüstana gedir. O görür ki, hansı ölkədə hansı üstünlüklər var. Elə həmin turist də gedib səyahətdə olduğu ölkələrin reklamın edir. Əfsuslar olsun ki, Azərbaycanda qiymətlər çox yüksəkdir. Xidmət müxtəlifliyi yoxdur. Gəlin təhlil edək. Tutaq ki, bir turist istirahət üçün Azərbaycanın hər hansı bir bölgəsinə gedir.Kabab yeməyindən və yatmaqdan başqa o turistə nə təklif olunur? Təbii ki, bu zaman müxtəlif xidmətlər təklif olunmalıdır. O, asudə vaxtını necə keçirməlidir, turist velosiped yürüşü etməyimi xoşlayır, yoxsa atla gəzməyə üstünlük verir? Yaxud ona hansısa tarixi məlumatlar maraqlı ola bilər. Xarici ölkəyə gedən turistə vaxtını necə keçirdə biləcəyi barədə elə hava limanında paket şəklində təkliflər təqdim olunur. Ancaq Azərbaycanda turizm şirkətlərinə getsək, görərik ki, turist özü soruşmasa, ona heç kim heç nə təklif etmir. Şirkət üçün vacibdir ki, turist gəldi, istirahət kotecinin pulunu ödədi və yedi. O özü maraqlanmalıdır və təkliflərini irəli sürməlidir. Şəxsən xarici ölkəyə turist kimi gedəndə bukletlər də o qədər təkliflər təqdim edirlər ki, axırda onları atıram. Azərbaycandakı bukletlərdə iki dağın şəkili, qiymət və bir də yemək nə veriləcəyi barədə məlumatlar əks olunur. Bununla da işlərini bitmiş hesab edirlər”.

Ekspert turizmin çox ciddi sahə olduğunu və burada rəqabətin önəmli rol oynadığını vurğulayıb: “Qəşəng bina da tikmək olar və onun üzərinə 5 yox, 7 ulduz da vurmaq olar. Ancaq orda servis aşağıdırsa, qiymət yüksəkdirsə, təbii ki, heç kim gəlməyəcək. Nəticədə rəqabətdə uduzacağıq. Dubaydan gələn turistlərin Azərbaycanı seçməsinin kökündə dini amil dayanır. Ancaq görək Azərbaycana Qərbi Avropadan nə qədər turist gəlir? Eyni zamanda onu da müqayisə edək ki, Qərbi Avropadan Gürcüstana nə qədər turist gedir? Təbii ki, burda da dini amil var. Ancaq dini faktorları kənara qoyaq. Azərbaycanlı niyə Gürcüstanda istirahətə gedir? Çünki orda qiymət ucuzdur. İqtisadi böhran şəraitində orta təbəqədə olan insan ilk növbədə vəsaiti necə xərcləməyi düşünür. Birinci il deyil ki, Azərbaycan rəqabətdə Gürcüstana uduzur. Bu, 10 ildir davam edir.

Bundan nəticə çıxarmaq lazımdır. Biz bilməliyik ki, azərbaycanlı alın təri ilə qazandığı pulları aparıb Gürcüstan iqtisadiyyatına qoyacaq. Bu məsələni tənzimləyən şirkətlər, müvafiq qurumlar bunu təhlil etməlidir. Rəqabətdə nə səbəbə uduzuruq? Bir partiya turisti aşağı qiymətlərlə qəbul edək. Qoy Azərbaycanın turizmdən əldə etdiyi gəlir bir il aşağı olsun. Ancaq nəticədə reklam əldə edirik, sonrakı illərdə ölkəyə turist axını olacaq. Əfsuslar olsun ki, bu sahədə araşdırmalar belə aparılmır. Sadəcə, il sonunda rəsmi statistikanı qeyd edirik ki, biz yenə uduzduq. Buna mane olan səbəbləri tapmasaq, faktları mütəmadi qeyd edib oturacağıq. Rusiyadan gələn azərbaycanlıların hesabına yazırıq ki, ölkəyə gələn turistlərin sayı 2 milyondur. Onlar ölkəyə turist kimi gəlmir ki, kəndinə, ailəsinə baş çəkməyə gedir. Onlar isə turist sayılmır. Turizm sahəsində ciddi və elmi əsaslarla təhlil aparmasaq vəziyyət elə bu cür də davam edəcək. Baxmayaraq ki, dövlət turizmin inkişafı üçün kifayət qədər vəsait ayırıb, amma bundan dividentlər almırıq. Bu, isbat olunmuş faktdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları