Yuxarı

Oliqarxların gizli iqtisadiyyatı hədəfdə

Oliqarxların gizli  iqtisadiyyatı hədəfdə

 

Hökumət gəlir deklarasiyasını tətbiq edə bilər

Qubad İbadoğlu: “Qısa müddətdə qanunun icrasına başlanmalıdır”

Məlum oldu ki, bir müddət əvvəl istefaya göndərilmiş, maaşı 1700-2000 manat olan, keçmiş Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aylıq şəxsi problemlərinin həllinə 300 000 manat xərcləyirmiş. Özü etiraf etdi. MTN işi ətrafında açılan faktlarda da bu hal müşahidə olundu. MTN ətrafında cərəyan edən proseslər içindən o faktlar çıxdı ki, Əli Abbasovla eyni məbləğdə maaş alan keçmiş nazir Eldar Mahmudov da fəaliyyətdə olduğu 10 il ərzində ölkədən 9 milyard dollar pul çıxarıb. Keçmiş səhiyyə naziri Əli İnsanovun bağ evindən də xəzinə tapılmışdı. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin də qanunsuz yollarla qurduğu biznesi üzə çıxdı.

Əli Abbasov və Eldar Mahmudov hələlik hakimiyyətin korrupsioner və rüşvəxtxor məmurların əlində olduğunu isbat edən son nümunələrdir. Mütəxəssislər əməliyyatlar davamlı olacağı halda sürpriz adların da gizli və kirli əməllərinin ifşa olunacağını istisna etmirlər. Təklif olunur ki, bu kimi halların qarşısının alınması üçün “Gəlir deklarasiyası haqqında” qanun tətbiq olunsun. Azərbaycan 2004-cü ildən Korrupsiyaya Qarşı olan Dövlətlər Qrupunun (GRECO) üzvüdür. Qrup qarşısında götürdüyü öhdəliklər də bunu tələb edir. Lakin bütün çağırışlara baxmayaraq, “Gəlir deklarasiyası” Qanunun icrasının ləngidilməsi qurum tərəfindən kəskin etirazla qarşılanır. Rəsmi Bakı GRECO-ya tutarlı cavab vermədiyi üçün Azərbaycanın adı korrupsiyanın həddinin ən yüksək olduğu dövlətlər kateqoriyasına salınıb. Hakimiyyət çağırışlara adekvat davranmır. Çünki bu addımın atılması bir sıra məsələləri ortaya çıxaracaq. Ona görə ki, qanunla hökumət rəsmilərinin və məmurların biznes fəaliyyəti qadağandır.

Qanunun tətbiqinə kimlər mane olur?

Qanunvericiliyə görə, vəzifəli şəxslər öz gəlirlərini deklarasiya etməlidirlər. Lakin Azərbaycan Avropada vəzifəli şəxslərin gəlirlərini gizlətdikləri yeganə ölkədir. Qanunun icrası ilə bağlı prezident İlham Əliyev 2013-cü ildə fərman da imzalayıb. Ekspertlər də bildirirlər ki, bu əsasda gəlirlərin deklarasiyası barədə prosedur işlənib hazırlanmalıdır. Millət vəkili Fazil Mustafa da “Cümhuriyət”ə açıqlamasında bu təklifi irəli sürdü. F.Mustafa hesab edir ki, qanunun tətbiq olunmasıyla sistemi şəffaflaşdırmaq mümkün ola bilər. Lakin qanunun icrası nəzəriyyə qədər sadə deyil. Hakimiyyət daxilində korrupsioner və oliqarx məmurların mövqelərinin güclü olduğunu nəzərə alan, mütəxəssislər qeyd edirlər ki, 8 il əvvəl qəbul olunmuş qanunun bu gün tətbiq edilməyə qoymayan da həmin kateqoriyalı məmurlardır. Qanun şəffaf və obyektiv formada tətbiq olunacağı halda bu, məmurların qeyri-rəsmi yollarla gəlir əldə etmələrini, mənimsədikləri dövlət vəsaitləri hesabına özlərini geniş biznes imkanları yaratdıqları faktı ifşa olunacaq.

Eyni zamanda qanunun tətbiqi oliqarxların işinə ona görə də yaramır ki, bu, sahib olduqları biznesdən əldə etdiyi gəlirlərin böyük bir hissəsinin gəlir formasında dövlət büdcəsinə verilməsi deməkdir. Araşdırmalardan da məlumdur ki, dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya, rüşvət, qanunsuz bizneslə məşğul olmaq və bu kimi hallardan əldə etdiyi kifayət qədər gəlirlər var. Ekspertlər bildirirlər ki, qərarın qəbul edilməsini əngəlləyən əsas amillərdən biri də budur.

Dövlət büdcəsi milyonlar qazana bilər

Total böhranın və dünya bazarlarında neftin kəskin ucuzlaşmasının Azərbaycana milyardlarla dollar itki bahasına baş verdiyi vaxt, “Gəlir deklarasiyası” qanununun tətbiqi dövlət büdcəsinə milyonlarla manat qazandıra bilər. Lakin hakimiyyət bunda maraqlı görünmür. Çünki korrupsioner və oliqarx məmurların yaratdıqları “gizli iqtisadiyyat”ın, qeyri-leqal gəlirlərin yüksək səviyyədə olması onları bu imkanlardan məhrum edəcək. Şübhəsiz ki, əksəriyyət dövlət məmurların sahib olduqları sərvət və əmlak aldıqları maaşlarla uyğun gəlmir, buna görə də mümkün vasitələrdən istifadə edərək, qanunun tətbiqinə mane olurlar. Necə ki, bu gün 2 min manat alan Əli Abbasovun hansı formada ayda 300 min manat xərcləməsi şübhələrə yol açıb. Əlbəttə Ə.Abbasov vəzifədən uzaqlaşdırılıb, “vurulacağını” dəqiq bilir, buna görə də etiraf edir. Belə bir vəziyyətdə qanun tətbiq olunsa, sistemdə qalmış məmurlar da maaşları ilə tərs mütənasib olan sərvətlərini hansı yollarla əldə etdiklərinin hesabatını verməli olacaqlar, təbii ki, qanun obyektiv formada tətbiq edilsə. Şübhəsiz ki, məmurların korrupsiya hallarına yol vermələrini bu qanun əsasında ifşa edilməsi şəffaf istintaq araşdırması da tələb edir. Lakin bu halda qanunsuz yollarla əldə etdikləri sərvət və əmlakları özlərini “təmiz”ə çıxarmaq üçün tamam başqa insanların adlarına sənədləşdirmək variantına əl atacaqları da istisna deyil.

“Söhbət yüz milyardlardan gedir”

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, son dövrün gündəmini zəbt edən nazirlərin, yüksək vəzifəli məmurların və onların iş ortaqlarının malik olduqları gəlirlər, sərvətlər və əmlaklar barədə məlumatlar hər kəsdə təəccüb yaradır. Q.İbadoğlu söhbətin yüz minlərdən, miyonlardan yox, yüz milyonlardan və milyardlardan getdiyini deyir: “Açıqlanan məlumatlardan aydın olur ki, dövlətdən və xalqdan oğurlanmış pullar hesabına formalaşmış külli miqdarda sərvətlər və əmlaklar 1 günün, 1 ayın, hətta 1 ilin deyil, uzun illərdəki qanunsuz fəaliyyətin məhsuludur. Qanuna görə vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Bu məlumatlar son 10 ildə yığılsaydı, indi baş verənlərlə heç kimi təəccübləndirmək olmazdı, belə olan halda vaxtında zəruri informasiyalar formalaşar və qərarlar qəbul etmək üçün hüquqi əsaslar yaranardı. Nəticədə də dövlətin büdcəsinə, iş adamlarının qazanclarına bu qədər ziyanlar dəyməzdi.

Dünyanın əksər ölkələrində xeyli vaxtdır gəlir bəyannaməsi “online” şəkildə verilir və bütün bu informasiyaların əhali üçün əlçatanlığı təmin edilir. Hazırda Azərbaycanda baş verənləri və mütərəqqi dünya ölkələrinin təcrübələrini nəzərə alaraq bu məsələnin yenidən müzakirəsini təklif edir, Nazirlər Kabinetini müvafiq sənədlərin hazırlanması öhdəliyini qısa müddətdə yerinə yetirməyə çağırır və qanunun icrasına qısa müddətdə başlanmasını vacib hesab edirəm”.

Mənsur





Həftənin ən çox oxunanları