Yuxarı

Manat 10 il əvvəlki səviyyəsinə qayıdır

Manat 10 il əvvəlki  səviyyəsinə qayıdır

 

İstehsal olmasa, çöküş qaçılmazdır

2006-cı il 1 yanvar  tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası həyata keçirildi. O, dövrdə 1 dollar 4 min manat təşkil edirdi. Milli valyutadan sıfırları ataraq Azərbaycan hökuməti yeni manatı dövriyyəyə buraxdı. Manat 2006-cı ildən sonra dünyanın ən güclü 4-cü valyutası hesab edilirdi. Uzun müddət də bu belə qaldı. Xatırladaq ki, 2015-cı ilin dekabr ayına qədər, yəni, ölkədə baş verən ilk devalvasiyadan öncə 1 dollar 0.78 manat təşkil edirdi. Devalvasiyadan sonra isə manat sürətlə ucuzlaşmağa başladı və fevral ayında ikinci dəfə kəskin devalvasiyaya uğradı. Gündəlik artımları da nəzərə alsaq, bu gün manat dollar qarşısında artıq 100 faiz ucuzlaşıb.

Bu gün ölkə iqtisadiyyatı çox zəifdir, hətta demək olar ki, yox səviyyəsindədir. Milli valyutanın gücü isə istehsaldan, iqtisadiyyatın gücündən asılıdır. Azərbaycanda istehsal yoxdur və istehlak mallarının 95 faizi ölkəyə idxal olunur. Ölkədə iri istehsal müəssisələri adı altında bir neçə şirkət fəaliyyət göstərir. Ancaq həmin şirkətlərin də istehsal etdiyi məhsulların demək olar ki, 99 faizi xaricdən idxal olunur. Bütün bunlar ölkədən valyuta axınını artırır və valyuta bazarında qıtlıq yaradır. Bu da manatın getdikcə daha da surətlə ucuzlaşmasına səbəb olur. İstehsal olmayan ölkədə milli valyutanın güclənməsini gözləmək yersizdir.

Ölkənin valyuta təhlükəsizliyini təmin etməkdə məsul olan Mərkəzi Bankın da valyuta ehtiyatları tükənir. Ötən gün Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə keçirdiyi vaıyuta hərracına cəmi 33 milyon çıxara bilib. Kommersiya banklarının dollar tələbi isə 400 milyon dollar olub. Hər dəfə Mərkəzi Bank hərraclara standart məbləğ, yəni 50 milyon manat çıxarırdı. Bu isə valyuta bazarını müəyyən qədər bu ucuzlaşma tempinə alışdırmışdı. Ancaq görünən odur ki, artıq Mərkəzi Bank həftəlik hərraclara da dollar çıxarmaq gücünü itirir. Bu isə dolların məzənnəsinin daha da artmasına rəvac verəcək.

Digər tərəfdən də baş verən böhran hökuməti qənaət rejiminə keçməyə məcbur etdi. 2017-ci ilin büdcəsində nəzərdə tutulan gəlir və xərclər ötən ilə nisbətdə xeyli aşağıdır. Büdcə dəyərləndirmələrinə görə, 2017-ci ilin büdcəsi 2007-ci ilin büdcəsilə eynilik təşkil edir. Təbii ki, bu manat yox, dollar ekvivalentilə eynidir. Manat hesabına isə bu ilki məbləğ çox 2007-ci ildən qat-qat yüksəkdir. Bu isə o deməkdir ki, manat da artıq 2007-ci ilin səviyyəsinə çatır. Qarşıdan gələn dövrlərdə də manatın daha sürətlə ucuzlaşmasını nəzərə alsaq, ölkənin milli valyutası denominasiyadan əvvəlki vəziyyətə düşə bilər. Bu isə artıq bir növü defolt deməkdir. Vəziyyətdən çıxış yolu isə yalnız ölkədə kiçik və orta sahibkarlığı, istehsalı gücləndirmək və istehlak məhsullarının idxaldan asılığının aradan qaldırmaqdır. Əks halda ölkə iqtisadiyyatı hazırkı templə “inkişaf” etsə, milli valyutanın da vəziyyəti heç də ürəkaçan olmayacaq. Artıq ölkənin büdcəsi 10 il geriləyib. Bu isə iqtisadiyyatın və milli valyutanın “gücü”nün göstəricisidir.

Manatın vəziyyətinin ağır olduğu bir dövrdə daha bir sarsıdıcı qərar Amerika Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamentindən (FED) gələcək. FED-in dekabr ayında keçirəcəyi ilin son iclasında dolların uçot dərəcəsi 0.50 faizdən 0.75 faizə qədər artacaq. Bu barədə FED rəhbəri Canet Yellen noyabrda keçirdiyi iclasdan sonra mətbuata açıqlamasında məlumat vermişdi. Dolların uçot dərəcəsinin artırılması isə manatın vəziyyətini daha da ağırlaşdıracaq.

Nəzərə alsaq ki, manat məhz FED-in uçot dərəcəsini 0.25-dən 0.50 faizə qaldırdığı zaman kəskin devalvasiyaya uğradı, vəziyyət necə olacağını proqnozlaşdırmaq heç də çətin deyil. Bütün bunların fonunda manatın gələcək dövrlərdə nəinki 10-il əvvəlki səviyyəsinə, hətta ondan da dəyərsiz hala gələ bilər.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları