Yuxarı

Azərbaycanın da maraqlı olduğu görüşdə neft oyunu

Azərbaycanın da  maraqlı olduğu  görüşdə neft oyunu

 

Kim qurban verilib?

Zəfər Vəliyev: “Kimlərisə qurban verərək bu oyundan böyük mənfəətlə çıxmaq istəyənlər var”

Noyabrın 30-da OPEC ölkələrinin nazirləri arasında Vyanada rəsmi iclası keçirilib. Görüşdə Səudiyyə Ərəbistanı, Venesuela, İraq, İran, Əlcəzair və Nigeriyanın neft nazirləri, o cümlədən Ekvador və Anqolanın nümayəndələri iştirak edib.  İranın neft naziri Bidcan Nəmdar Zanqane görüşdən müsbət nəticə gözlədiyini açıqlayıb. “İran üçün qəbul edilə biləcək təklif var, lakin biz neft qiymətlərinin cari səviyyələrində hasilatın dondurulması və ya azaldılması ölkəmiz üçün uyğun hesab etmirik”, - deyə nazir bildirib.İranın neft nazirinin OPEC-in Vyanada keçirilən görüşündən müsbət nəticə gözləməsi neftin bahalaşmasına səbəb olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,43 dollar artaraq 46,66 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,13 dollar artaraq 47,51 dollar olub.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, OPEC-in nazirlər toplantısının iclasına qədər təşkilatın yüksək səviyyəli komitəsinin ekspert qrupunun müstəqil hasilatçı dövlətlərin nümayəndələri ilə məsləhətləşməsi nəzərdə tutulmuşdu:  “Burda Rusiyanın energetika naziri Aleksandır Novakın, Səudiyyə Ərəbistanının neft naziri Xalid Al-Falihin, İraq neft naziri Cabbar əl-Laibinin də, İranın neft naziri Bijan Namdar Zangenenin də iştirakı gözlənilirdi. Lakin noyabrın 28-də həmin ekspert qrupunun texniki məsləhətləşmələrinə hədəflənən toplantısı baş tutmadı.Çünki son anda Səudiyyə Ərəbistanı neft naziri toplantıya qatılmaqdan imtina etdi.Bundan sonra OPEC katibliyi təşkilata üzvü olan 14 ölkələrin nazirləri ilə əldə olan layihə ilə bağlı mütəmadi danışıqlar və məsləhətləşmələr apardı. Həmin layihənin tam sərhədləri hələ bəlli deyil.Müxtəlif versiyalar irəli sürülür. Burda OPEC daxilində hasilat həcmlərinin 4-4,5 faiz azalmasından, eləcə də OPEC kənar müstəqil neft ixrac edən dövlətlərə sutkalıq hasilat həcmlərinin 600 min barel aşağı salınması təklif olunacağından söhbət gedir.

İran sutkalıq neft həcmlərinin azaldılmasından birmənalı şəkildə imtina edir.Bəyan edir ki, sanksiyalara qədər olan dövrü əhatə edən hasilat həcmi səviyyəsinə çıxmayana qədər və 2012-ci ildəki kimi əlində olan 27-dən yuxarı müştəri bazarını geri qaytarmayana qədər hasilat həcmlərinin azaldılmasından və yaxud hansısa səviyyədə dondurulmasından söhbət gedə bilməz.İran neft naziri OPEC-ə rəsmi müraciət edib ki, beynəlxalq neft bazarlarında tarazlığın bərqərar olması üçün Səudiyyə Ərəbistanı sutkalıq neft hasilatını 1 milyon barel aşağı salmalıdır.Səudiyyə Ərəbistanı isə İrandan təkidlə tələb edir ki, sutkalıq neft hasilatını 3 milyon 700 min bareldən də aşağı həcmdə saxlamalıdır. Danışıqlar əsnasında OPEC rəhbərliyi İrana 96 min barelə qədər azaltma təklif edib.

Eyni zamanda Səudiyyə Ərəbistanı təkidlə tələb edir ki, İraq da sutkalıq hasilat həcmlərini 4 milyon 744 min bareldən 4 milyon 360 min barelə salsın. Amma OPEC hədəfliləri təklif edib ki, İraq 250-270 min barel sutkalıq hasilat həcmlərini aşağı salsın. Qəribədir ki, İran istisna olmaqla heç kim Səudiyyə Ərəbistanına demir ki, sutkalıq hasilat həcmlərinin nəinki OPEC katibliyindən, eyni zamanda dünyada sutkalıq hasilat həcmlərinə nəzarət edən müstəqil kütləvi nəşrlərdən nə üçün gizlədib?”

Ekspert onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı Vyana toplantısı ərəfəsində bir neçə dəfə neft bazarlarını təhdid altına alan hədələyici bəyanatlar çıxış edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı OPEC daxilində onun dediyinin olmadığı təqdirdə sutkalıq hasilat həcmlərini 11-12 milyon barel civarında artıracağını bəyan edib: “Hazırda Səudiyyə Ərəbistanının sutkalıq hasilat həcmi 11 milyon, Rusiyanın isə 11 milyon 200 min bareldir. Hesab edirəm ki, iki dövlət sutkalıq hasilat həcmlərini azaltmalıdır. Biri Səudiyyə Ərəbistanı, ikincisi Rusiyadır.Qlobal neft bazarlarında belə bir xaotik vəziyyətin yaranmasının günahkarı da məhz bu iki dövlətdir.Məhz bu ölkələr sutkalıq hasilat həcmlərini 1 milyon barel aşağı salmalıdır.Aprel ayında Dohada keçirilən toplantıda Rusiya bəyan etdi ki, beynəlxalq bazarlarda tarazlığın bərqərar olmasının tərəfdarıdır.OPEC kənar hasilatçı dövlətlər üstünlük verdiyi optimal variantla razılaşdığını bəyan etdi. O zaman sual olunur, niyə hasilat həcmlərini durmadan artırır? Bu ilin əvvəlindən Rusiyada sutkalıq hasilat həcmlərində 700 min bareldən yuxarı artım qeydə alınıb”.

Zəfər Vəliyevin qənaətincə, OPEC daxilində oyun gedir. O bildirib ki, kimlərisə qurban verərək bu oyundan böyük mənfəətlə çıxmaq istəyənlər var: “Səudiyyə Ərəbistanı və Rusiya bilir ki, İran sutkalıq hasilat həcmlərini artıraraq onların müştəri bazarlarını təhdid altına alacaq. Bu tendensiya hələ ötən ildən başlamışdı. Onlar bilir ki, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar İranla altılar arasında ortaq fikirlər yaranacaq və saziş imzalanacaq.Hesab edirəm ki, OPEC-in bugünki toplantısında müvafiq razılığa gəlinəcək. Baxmayaraq burda ciddi fikir ayrılığı var, amma ola bilər ki, müəyyən sənədlər imzalansın. Amma həmin sənədin qısa müddətdə nə icrasına, nə də onun beynəlxalq bazarlara uzunmüddətli təsirinə inanıram. Çünki dövriyyədə kifayət qədər statistikadan gizlədilmiş neft həcmləri var. Heç kim də ixracat, emal edilmiş neft həcmləri ilə bağlı və ya sutkalıq hasilatla bağlı dəqiq rəqəm ortaya qoymur”.

Qiymət siyasəti necə yürüdüləcək?

Ekspert OPEC toplantısında bazarda tarazlığın bərpa olmasına yönəlik qərar qəbul edilərsə, neftin qiymətində 4-5 faiz artım müşahidə olunması ehtimalını səsələndirib: “Təxminən 50-55 dollar arşında dəyişiklik gözlənilir. Neftin bu civarda olması bəs edir ki, ABŞ həm qazma aktivini genişləndirsin, həm də kapitalın həcmlərini artsın. Çox qısa müddətdə ABŞ-da sutkalıq hasilat həcmləri 9 milyon barelə çıxa bilər. Bazar elə bir mexanizm üzərində qurulub ki, ABŞ-da daxili hasilat artırdıqca, gündəlik daha az neft idxal edir”. Qəzet çapa hazırlanarkən aldığımız məlumata görə, artıq OPEC-in Vyana toplantısı haqqında qərar açıqlanıb.Belə ki, “Bloomberg” agentliyin məlumatına görə, OPEC-in Vyanada keçirilən toplantısında iştirak edən ölkələr neft hasilatının aşağı salınmasına dair razılıq əldə edib.Qərara əsasən neft hasilatının sutkalıq istehsalı 1.2 milyon barel ixtisar edilərək, 3.5 milyon barel səviyyəsinə endirilib.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları