Yuxarı

Dollar əvəzinə qızıl?

Dollar əvəzinə qızıl?

“Ərdoğanın bəyanatı siyasi populizmdir”

Natiq Cəfərli: “Bu mümkündür. Ancaq bu üsulla keçmişə qayıtmaq olardı”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dolların dövriyyədən çıxarılması üçün verdiyi təklif böyük rezonans doğurub. Prezident Rusiya, Çin və Türkiyə arasında bütün maliyyə hesabatlarının milli valyuta ilə aparılmasını təklif edib. Bu təklifin reallığa çevriləcəyi hələki sual doğuran məsələlərdəndir. Çünki Ərdoğanın bu təklifinə iqtisadçılar, siyasi şərhçilər müxtəlif prizmadan yanaşırlar. Bəzi ekspertlər onun təklifini dəstəkləsələr də, bəziləri bunun mümkün olmadığını vurğulayırlar. Bir sıra ekspertlər hesab edir ki, dünya valyutası hesab olunan dollardan imtina etmək Türkiyə üçün ağır nəticələrə səbəb ola bilər.

Ancaq hal-hazırda dolların milli valyutalara qarşı kəskin bahalaşdığı ölkələr Rusiya və Çin bu təklifə isti münasibət göstərir. Azərbaycan da milli valyutası kəskin ucuzlaşan ölkələr sırasındadır. Dollar 1 il ərzində Azərbaycan manatı qarşısında 110 faizə qədər dəyər qazanıb. Bu da ölkə iqtisadiyyatında kifayət qədər problemlərin yaranmasına səbəb olub. Bəs Azərbaycan dollardan imtina edib, Türkiyənin təklifinə qoşula bilərmi? Əgər Azərbaycan bu təklifi dəyərləndirsə, bundan nə itirər, nə qazanar?

“Azərbaycan dollardan imtina edə bilməz”

“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu cür bəyanatların reallaşmaq şansı yoxdur. Onun sözlərinə görə, Azərbaycan dünyaya neft satdığı üçün dollardan imtina edə bilməz: “Ümumiyyətlə, bu təklifin reallaşıb, reallaşmayacağı maralıqdır. Dünyada gedən proseslər və dünya ticarət qaydalarına baxdıqda görürük ki, bu təklif əslində siyasi populizmdir. Ən azından ona görə ki, iki ölkə arasında gedən ticarətdə həmin ölkələrin digər ölkənin milli valyutasını hardan alacağı sualı hələ də açıq qalıb. Türkiyə əgər Rusiyadan 24 milyardlıq mal alırsa və bunun əvəzinə cəmi 6 milyardlıq mal satırsa, yerdə qalan 18 milyard rublu Türkiyə hardan alacaq? Bunu Türkiyə özü çap etməyəcək ki? Məcburdur ki, dollar satıb rubl alsın və ödənişləri etsin. Bu da sağ qulağı sol əllə qaşımağa bənzəyir. Azərbaycanın da belə bir təşəbbüsə qoşulmaq şansı yoxdur. Azərbaycan İtaliyaya, Sinqapura və yaxud da İsrailə öz neftini dollarla satır. Satmaq üçün başqa məhsulu da yoxdur. İndi Azərbaycan hər ölkəyə onun milli valyutasıylamı neft satacaq? Digər tərəfdən də Azərbaycan hansısa xarici ölkədən manatla heç nə ala bilməyəcək. Çünki Azərbaycan manatı ümumiyyətlə, konvertasiyaya uğramış bir valyuta deyil, dünya miqyasında tanınmayan valyutadır. Bütün bunlar siyasi populizmdir və iqtisadiyyata çox mənfi təsir göstərən bəyanatlardır. Belə bəyanatların fonunda təəssüf ki, türk lirəsinin dəyərdən düşməsinin sürəti artır və Türkiyə iqtisadiyyatına ciddi zərbə vurur. Rusiya və Çin arasında isə uzun illərdir bu istiqamətdə danışıqlar gedir. Bu günə qədər də ortaq məxsrəcə gəlib razılaşma əldə edə bilməyiblər. Çünki bütün ölkələrin milli valyutalarının ortaq məxrəci dollarla olan məzənnə fərqidir. Türk lirəsinin də, Çin yuanının da, Azərbaycan manatının da məzənnəsinin oynaması iş adamlarına ciddi itikilər gətirə bilər. Onlar özlərini sığortalamaq üçün məhz dollar üzərindən müqavilələr bağlayırlar. Bu sığortadan heç kim imtina edə bilməz və etməsi də mümkün deyil. Təəssüf ki, bu cür ideyaların ciddi şəkildə reallaşmaq imkanı yoxdur”.

“Dollara alternativ yaratmaq mümkün deyil”

Dollara alternativ valyutanın yaradılmasına da toxunan ekspert qeyd edib ki, bu cür cəhdlər hər zaman olub, ancaq uğursuzluqla nəticələnib. Onun sözlərinə görə, yaranacaq hər bir valyutanın ortaq məzənnəsi dollarla hesablanacaq: “Bu cür cəhdlər əslində çox olub. Ancaq bu cəhdlər dünyada oturuşmuş müqavilə öhdəliklərindən tutmuş, ticarət dövriyyəsinin qaydalarına, beynəlxalq hüququn normalarına görə baş tuta bilmir. Hətta avronun yaranması belə, dollara alternativ yaratmaq cəhdi idi. Ancaq hal-hazırda Avropanın özündə də ciddi problemlər var. Avrozonadan ayrılmaq istəyən ölkələrin sayı günü-gündən artır. Düşünmürəm ki, belə bir ümumi valyuta səbətinin yaranması mümkün olsun. Hətta yaratmaq mümkün olsa belə, bunun ortaq məxrəci yenə də dollar üzərindən hesablanacaq. Valyutanın məzənnəsi başqa nəyə görə hesablana bilər ki? Məsələn, mən iş adamıyam və çinli həmkarımla hər hansı bir məhsulun alınması və ya satılması üçün müzakirə aparıram. Mən hansı məzənnəni ortaq məxrəc götürüb öz malımın qiymətini hesablamalıyam? Yenə də gəlib dolların üzərində dayanacam. Bu günə qədər dollara alternativ valyuta yaratmaq cəhdləri olub və hamısı da uğursuzluqla nəticələnib. İndiki vəziyyətdə isə belə bir cəhdin olması imkanı ümumiyyətlə, yoxdur. Yeganə olaraq qızıl üzərindən mübadilələrin aparılması mümkündür. Ancaq bu da 21-ci əsrə yaraşmayan addım olardı. Çünki qızıl üzərindən dünya ticarətinə artıq 19-cu əsrdə son qoyulub. Yenidən bu üsula qayıtmaq keçmişə qayıtmaq olardı”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları