Yuxarı

Mərkəzi Bank “qara qutu”sunu niyə açmır?

Mərkəzi Bank “qara qutu”sunu niyə açmır?

“Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, 2017-2018-ci illər hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtiyac olmasıdır”

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O, qeyd edib ki, 2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85%-i xarici borc ödənişləri ilə bağlı olub. 2017-ci ildə büdcəsinin borca xidmət xərclərində bu göstərici 96%-ə çatıb:

“2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 mlrd. ABŞ dolları ayrılmalıdır. Məlumat üçün deyim ki, bu ölkənin səhiyyə büdcəsindən 2.1 dəfə çoxdur.

Əlavə olaraq, SOCAR-ın 2017-ci ildə 600 mln. dollara yaxın xarici borc qaytarmaq öhdəliyi var. Yeri gəlmişkən, yəqin dünyada öz büdcəsinin təxminən 10%-ni borcun qaytarılmasına xərcləyən ölkələr axtarsanız, belə nümunələrlə çox az qarşılaşarsınız və onlardan biri də Azərbaycan olar. Nəhayət, 2018-ci ildə yekunlaşmalı olan TANAP-da Azərbaycanın öhdəliyi 8 mlrd. dollara yaxın qiymətlənidirilir. 2015-2016-da dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu öhdəliyin 2 mlrd. dollara yaxını artıq maliyyələşdirilib. Bu günlərdə Asiya İnkişaf Bankı layihə üçün 1 mlrd. dollar kredit xətti açdı”.

Ekspertin dediyinə görə, 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə təxminən 600 mln. ABŞ dolları ayrılacaq. Yenə də yaxın 2 il üçün ən azı 4-4.5 mlrd. dollara ehtiyac var:

“Bu isə orta hesabla 2017-2018-ci illər üzrə TANAP üçün ən azı 2-2.5 mlrd. dollar valyuta vəsaiti tapılmasına ehtiyacın olduğunu göstərir. Bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəmanəti ilə alınmayan, qaytarılmalı olan borc öhdəliklərini nəzərə alanda, qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar. Heyf ki, ölkənin beynəlxalq investisiya mövqeyinə dair məlumatlar açıqlanmır, o halda ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq olardı. Amma bu məlumatı açıqlamaq öhdəliyi olan Mərkəzi Bank durumu "qara qutu"da idarə etməkdə maraqlıdır...”

Alçina Amilqızı





Həftənin ən çox oxunanları