Yuxarı

ABŞ-dan neft ölkələrinə gözdağı

ABŞ-dan neft  ölkələrinə gözdağı

 

Qabil Hüseynli: “Amerika bağlanmış quyularını aça, yeni böhranlarla neftin qiymətini aşağı salmağa cəhd göstərə bilər”

Hasilatın azaldılmasına dair razılaşmadan sonra dünya birjalarında neftin qiyməti artır. Dünən Nyu-York və London birjalarında “Layt” və “Brent” markalı neftin satış qiyməti 57-58 dollar arasında dəyişib. Beləliklə, 2015-ci ildən bəri ilk dəfə olaraq “qara qızıl”ın ən yüksək satış tarifi qeydə alınıb. Xatırladaq ki, Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik hasilatı 35 min barrel azaltmağa razı olub. İri neft hasilatçılarını birləşdirən OPEK üzvləri ilə kartelə daxil olmayan ölkələrin dekabrın 10-da keçirilən yığıncağında sutkalıq hasilatın 32,5 milyon barrelə qədər azaldılması barədə razılığa gəliblər. Vyana görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edib.

2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Qabon, Anqola, Ekvador, Venesuela hasilatı 1,256 milyon barrel azaldır, Liviya və Nigeriyanın gündəlik hasilatı əvvəlki səviyyədə qalır, İran isə hasilatı 90 min barrel artırmaq imkanı əldə edir.

Mütəxəssislərin fikrincə, tarifləri 58 dollar civarında saxlamaq mümkün olsa, sonrakı mərhələdə bu göstəricini 62 dollara qədər artırmaq mümkün olar.

OPEK-in və və bu birliyə daxil olmayan dövlətlərin kvotanı müəyyən etməsindən sonra dünya enerji bazarında yaranmış bahalaşmanın davamlı olacağına əminlik mövcud deyil. Ekspertlərin fikrincə, 2014-cü ildən başlayaraq xam neftin satış qiymətində müşahidə olunan sürətli eniş hasilat amili ilə bağlı olmayıb. Yaranmış proses daha çox siyasi səbəblə izah edilir. Ona görə də OPEK üzvü olan və kartelə daxil olmayan dövlətlərin birgə razılaşması qiymətlərin formalaşması üçün həlledici rol oynaya bilməz. Son illər beynəlxalq geosiyasi münasibətlərin təsiri neftin ucuzlaşmasına təsir edən başlıca amil olub. Xüsusilə də Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi, ABŞ-ın və Avropa Birlyinin Rusiya ilə münasibətləri, Çinin neft idxalını azaltması, İrana qarşı beynəlxalq qadağaların ləğvi, İranın və ABŞ-ın şist neftinin dünya bazarına çıxarılması, enerji bazarında İranla Səudiyyə Ərəbistanı arasında gərginliyin artması kimi faktlar “qara qızıl”ın tamamilə dəyərdən düşməsinə gətirib çıxarıb. Sadalanan şərtlər demək olar ki, hələ də qalmaqda davam etdiyindən neftin bahalaşacağına ümidlər kifayət qədər yüksək deyil.

2017-ci ilin birinci rübündə qiymətlərin sabit qalacağı proqnozlaşdırılır. Ancaq yanvar ayının 20-də Donald Trampın ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlamasından sonra Rusiya ilə münasibətlərin necə qurulması da neftin qiymətinin formalaşmasına ciddi təsir göstərə bilər. Rusiyaya qarşı sanksiyaların qaldırılması neftin bahalaşması ehtimalını artırır. Lakin ABŞ-ın bu addımı iqtisadi baxımdan, hasilıatın və dünya bazarında təklifin artması üçün şərait yarada bilər. Bu isə yenidən neftin qiymətinin aşağı düşməsi ilə nəticələnə bilər.

“Rusiyanı çökdürməyə çalışırlar”

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hasilatın azaldılmasına dair əldə olunan razılaşmadan sonra neftin qiyməti artacaq və optimal qiymətlər formalaşacaq: “Bundan əvvəlki qiymətlər ədalətli deyildi. Neft demək olar ki, su qiymətinə satılırdı. Neftin satış qiymətinin müəyyənləşməsi onun hasilatı ilə qırılmaz surətdə bağlıdır. Amma bir məsələni unutmaq olmaz ki, ABŞ yeni böhranlarla neftin qiymətini aşağı salmağa cəhd göstərə bilər. İlk növbədə, Amerika bağlanmış quyularını aça bilər və ən iri neftn istehsalçısı kimi özünün aşağı keyfiyyətli karbohidrogen ehtiyatlarını dünya bazarına çıxara bilər. Amerika Rusiya ilə ciddi rəqabətdədir və bu ölkəni çökdürməyə çalışır.

Donald Tramp nə qədər kompliment xarakterli fikirlər söyləsə də ABŞ-ın siyasəti dəyişməz olaraq qalacaq. Ona görə də ABŞ görsə ki, neftin qiyməti artmaqda davam edir, o zaman qiymətləri aşağı salmaq üçün bazara ucuz və keyfiyyətsiz neft cıxaracaq. Amerika yeganə ölkədir ki, onun texnologiyası 12 km dərinlikdən neft çıxartmağa imkan verir. Bu yeni texnologiyanın sayəsində Birləşmiş Ştatlar keyfiyyəti aşağı olsa da Rusiyanın qarşısını almaq üçün dünyanı qane edəcək qədər neft istehsal edəcək. Nə qədər Rusiya silahlanmanı dayandırmayıb və özünün təcavüzkar siyasətindən əl çəkməyib Amerika da bunun qarşısını almaq üçün neftin və qazın qiymətindən istifadə edəcək”.

Qabil Hüseynli hesa edir ki, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edərsə, neftin qitməti qalxa bilər. Ancaq prezident Tramp sanksiyaları təkbaşına ləğv etmək iqtidarında deyil: “ABŞ-ın dövlət orqanları Trampa imkan verməzlər ki, Amerikanın bir nömrəli düşməni olan Rusiya yenidən güclənsin, silah istehsalını artırsın. Ona görə də ABŞ Rusiyaya qarşı əks-tədbirlər görməkdə davam edəcək. Sanksiyalar da qüvvədə qalacaq”.

Müşfiq Abdulla

 





Həftənin ən çox oxunanları