Yuxarı

“1 dollar 2,2- 2, 5 manat intervalında dəyişə bilər”

“1 dollar 2,2- 2, 5 manat intervalında dəyişə bilər”

Mərkəz Bank ötən ilin dekabrın 21-də tənzimlənən (pegged exchange rate) məzənnə siyasətindən tənzimlənən üzən məzənnə siyasətinə (managed or dirty floating regime) qədəm qoyduğunu elan edib.

Bundan sonra manatın ikinci devalvasiyası baş verib. Amma bu manatın bazar dəyərinin tapılmasına imkan vermədi. İndi manatın məzənnəsi hərracda müəyyənləşdirilsə belə hələ də Mərkəzi Bank və ya Dövlət Neft Fondu tərəfindən hərraca nə qədər valyutanın çıxarılması çox önəmlidir. Doğrudur, 2016-cı ildə Mərkəzi Bankın intervensiyası kəskin şəkildə azaldı və bu, daha çox sözügedən bankın rezervlərinin psixoloji həddədək azalması ilə bağlı idi. Praktik olaraq, manatın məzənnəsi bazardakı tələb və eləcə də sözügedən iki qurumun təklifi hesabına formalaşır. Bu isə o deməkdir ki, hələ də təklif bazardan deyil, inzibati qurumlardan gəlir.

Liberal üzən məzənnə nədir?

Cebhe.info-nun məlumatına görə, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, liberal məzənnə manatın bazar müəyyənləşdirilməsi deməkdir: “Bu zaman bazar tarazlığı yaranır və kurs bazardakı tələb və təklifə uyğun olaraq müəyyənləşdirilir. BunU adətən milli valyutanın “bazarda dibi görməsi” kimi xarakterizə edirlər. Mərkəzi Bank daimi bazarda deyil, sadəcə çox kritik anlarda intervensiya edə bilər. Ölkəyə daxil olan valyutanın həcmi və eləcə də tədiyyə balansının vəziyyəti birbaşa milli valyutanın kursuna təsir göstərir”.

Liberal məzənnəyə keçid nə zaman olmalı idi?

İqtisadçının qənaətincə, manatın liberal üzən məzənnə rejiminə keçidi xeyli yubanıb: “Əslində, Mərkəzi Bank 2014-cü ilin sonu və ya ən gec 2015-ci ilin əvvəllərində üzən məzənnə rejiminə keçməliydi. Mərkəzi Bank prosesi yubatdı və nəticədə ötən müddətdə rezervlərinin 75 faizini itirdi, 16 milyard dollardan 4 milyarda düşdü, intervensiya imkanları məhdudlaşdı. Ötən iki il ərzində Mərkəzi Bankın əsas siyasəti manat sterilizasiyası ilə milli valyuta bazasını azaltmaq oldu. Bu müddətdə hər zaman qeyd etdiyim kimi, bu, doğru siyasət deyildi.

Bununla manatın məzənnəsini optimallaşdırmaq mümkün deyildi. Təəssüf ki, iki il müddətində Mərkəzi Bank mövcud siyasəti davam etdirdi və bazarın liberallaşdırılması istiqamətində demək olar ki, addımlar atmadı. Mərkəzi Bankın pul kredit siyasəti real sektora “isti pulların” daxil olmasına imkan vermədi və nəticə də bu xidmət sektoru daxil olmaqla çox fərqli siferalarda iş yerlərinin bağlanmasına səbəb oldu. Mərkəzi Bank gələn il də bu ilki siyasətini davam etdirəcəyi bəyan edib. Belə olan halda isə baş bank manatın problemini 2017-ci ilə daşıya bilər”.

Liberal məzənnə siyasətinə keçid niyə qaçılmaz hala gəlib?

Ekspert qeyd edib ki, iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatlar liberal məzənnə siyasətinin tətbiqini tələb edir: “Manatın bazar kursu müəyyənləşməyincə nə dollarlaşma prosesinin azaltmaq, nə də real sektora investisiyaların cəlb edilməsi mümkün olacaq. Rusiya və Qazaxıstan təcrübəsini nəzərə alsaq əslində, Azərbaycan üçün liberal məzənnə tətbiq etməkdə ən uyğun il 2014-cü il idi. Təəssüf ki, öncə qeyd etdiyim kimi, Mərkəzi Bank gözləməyə üstünlük verdi. Milli valyutanın bazar dəyəri bəlli olmayınca, həm investorlar, həm də vətəndaşlar pullarını dollarda saxlamağa üstünlük verəcəklər. Qısası, milli valyutanın bazar kursu müəyyənləşməyincə uzun müddətli diversifikasiya islahatları aparmaq olduqca çətindir”.

Liberal məzənnə hansı səviyyədə ola bilər?

Vüqar Bayramovun sözlərinə görə, manata həm iqtisadi, həm də psixoloji təsirlər qalmaqdadır: “Neftin dünya bazar qiyməti aşağı olduğu üçün Neft Fondu xərcləmləri sıxır və bazara daxil olan dollar kütləsi azalır. Mərkəzi Bank "qara bazar"ı aradan qaldıra bilmədi. "Qara bazar"ın manata psixoloji təzyiqi olduqca yüksəkdir. Bizim qiymətləndirməmiz göstərir ki, indiki məzənnə siyasəti ilə manatın bazar məzənnəsi 100 dollar üçün 195 manatdır. Amma liberal məzənnə siyasətinə keçid olarsa, Mərkəzi Bank tamamən bazardan çəkilərsə, cari tələb və təklifi nəzərə almaqla o zaman 1 dollar 2 manat 20- 2 manat 50 qəpik intervalında dəyişə bilər. Bununla belə, bu məzənnə siyasətinə hazırlıqsız keçidlə daha aşağı məzənnə ilə və ya hazırlıqlı başlanğıcla daha uyğun kursla keçmək mümkündür”.

Liberal məzənnə keçid zamanı manatın kəskin dəyərsizləşməsindən necə qaçmaq olar?

İqtisadçı 2015-ci ildə təklif etdiyi bir fikrə diqqəti çəkərək qeyd edib ki, ölkəyə 4 milyard dollar rezerv gətirilməsi məqsədəuyğundur: “Təbii sual yaranır ki, rezervlərimizdən böhran zamanı istifadə etməyəcəyiksə nə zaman faydalanacayıq? Bu vəsait 2 mərhələdə bazara transfer edilə bilər. Təklif edirəm ki, bu vəsaitin 2 milyard dolları banklarda konvertasiya edilib, kiçik və orta sahibkarlara kredit formasında verilsin. Hətta kreditlərin verilməsi üçün xüsusi beynəlxalq və yerli ekspertlərdən ibarət xüsusi komissiyanın yaradılmasını təklif edirdim ki, kreditlər şəffaf şəkildə sahibkarlara təqdim edilsin və bu da real sektoru canlandırsın. İkinci mərhələnin sonunda isə cari tələbə təsir edərək Mərkəzi Bank liberal məzənnə siyasətinə keçə bilər. Mövcud cari tələbi ödəyib üzən məzənnə siyasətinə keçərsə, kursu müəyyən qədər optimallaşdıra bilər. Bununla daha az itkilərə liberal məzənnə keçmək və real sektorun mərhələli canlandırılmasına nail olmaq olar”.

Liberal məzənnə siyasətə keçiləndən sonra məzənnə dəyişikliyinin mənfi sosial tərəflərini necə minimumlaşdırmaq olar?

Vüqar Bayramlı təklif edib ki, əgər Azərbaycan liberal məzənnə siyasətinə keçərsə, kompensasiya və ya subsidiya mexanizmi tətbiq etməlidir:

“Əvvəla, dollarla krediti olanlara kompensasiya verilməlidir. Milli valyutanın dəyər itirməsi dollarla krediti olanlara kompensasiyanın verilməsini bir daha gündəmə gətirir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin bu təklifə qarşı çıxmasına baxmayaraq, liberal məzənnə siyasətinə keçiləcəyi halda, kompensasiyaların verilməsi qaçılmazdır. Əks halda vətəndaşların kreditləri ödəməsi ciddi problem olacaq, problemli kreditlərin həcmi kəskin şəkildə artacaq. Dollar krediti olanlara kompensasiyanın verilməsi liberal məzənnə siyasətinə keçiləcəyi halda, artıq qaçılmazdır.

Hökumət də bunu həyata keçirməlidir ki, yeni məzənnə siyasətinin vətəndaşlara mənfi təsiri olmasın. İstehlak mallarının xüsusən də ərzaq məhsullarının qiymət artımlarının baş verməməsi üçün idxalla məşğul olan şirkətlərə həmin idxal yerli istehsal hesabına əvəzlənənədək subsidiyaların verilməsinə ehtiyac var. Bu da nəticə etibarilə həmin idxalçı şirkətlərin xərclərin bir hissəsinin qarşılanmasına və qiymət artımının qarşısının alınmasına gətirib çıxara bilər. Büdcədə sosial olmayan xərclərin optimallaşdırılması yolu ilə bunun maliyyə mənbəsi formalaşdırmaq mümkündür”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları