Yuxarı

“Sovet zamanı da “qara bazar”da dollar 2 rubla satılıb

“Sovet zamanı da “qara bazar”da dollar 2 rubla satılıb

“Qanunsuz valyuta satışı ilə məşğul olan şəxslər üçün qanunvericilikdə inzibati qaydada cəza nəzərdə tutulub. Bank lisenziyası olmadan valyuta alış-verişi ilə məşğul olan şəxslərə cəza tətbiq edilir. Bəzən bu satışla məşğul olan şəxsləri elə təqdim edirlər ki, sanki böyük cinayət törədiblər”.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, bu gün hökumət və Mərkəzi Bank banklar vasitəsilə leqal alqı-satqını həyata keçirə bilmədiyi üçün “qara bazar” fəaliyyət göstərir: “SSRİ dövründə də qanunsuz valyutaya qarşı mübarizə vardı. Belə alış-satışla məşğul olanlara 8 ilədək cəza verilirdi. Rəsmi məzənnə 66 qəpik idi. Lakin “qara bazar”da 1 dollar 2- 3 rubl arasında dəyişdirilirdi. Hələ SSRİ o zamanlar bu fəaliyyətin qarşısını ala bilmədi. Bu səbəbdən düşünmürəm ki, Azərbaycan inzibati yollarla nəsə edə biləcək. Çünki insanlar hər yerdə, hətta evlərində də dollar sata bilər. Banklarda məzənnə aşağı, “qara bazar”da yuxarıdırsa, əlbəttə ki, hər kəs burdakı alış-satışa maraqlı olacaq”.

N.Cəfərli hesab edir ki, normal iqtisadiyyatı olan ölkələrdə “qara bazar” yoxdur. Bu səbəbdən əsas məsuliyyət də məhz hökumətlə Mərkəzi Bankın üzərinə düşür.

Ekspertin sözlərinə görə, camaatda yığılan bu dollarlar uzun illərin bəhrəsidir: “Bəziləri çoxdan yığıb saxladıqları valyutanı çıxarda, bəziləri banklardan aldıqları dolları sata bilərlər. Banklar qanunvericilik əsasında fəaliyyət göstərərək kiməsə müqavilə əsasında dollar satırsa, burda bankın da günahı yoxdur. Bank bu yolla həm də vergidən yayınmağa çalışır”.

N.Cəfərlinin sözlərinə görə, “qara bazar”da dolların baha olması bankda da maraq oyadır ki, dollar alqı-satqısını onların vasitəsilə həyata keçirsin. Xüsusən də yeni il ərəfəsində dollara tələbin artması, bunun müqabilində təklifin olmaması “qara bazar”ın fəaliyyətini genişləndirib.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları