Yuxarı

Dollar “kriz”i

Dollar “kriz”i

Ev, avtomobil alqı-satqısı niyə manatla aparılmır?\\Natiq Cəfərli: “İqtisadiyyata əsas təsir edən məsələ idxaldan asılılıqdır”\\Manatın məzənnəsinin kəskin ucuzlaşması ölkə əhalisinin də milli valyutaya olan etimadını zədələdi. Bu gün hər kəs öz əmanətlərini xarici valyutada saxlamağa üstünlük verir. Çünki milli valyutanın möhkəmlənməsinə inam qalmayıb. Ona görə də bu gün ölkə ərazisində demək olar ki, bütün alqı-satqı əməliyyatları dollarla aparılır. Ev, avtomobil, virtual satışlar və digər əməliyyatların dollarla aparılmasına üstünlük verilir. Bu isə manatın ucuzlaşmasında ciddi rol oynayan faktorlardan biridir.\\Manatın dəyərdən düşməsi isə bahalaşmanın, inflyasiyanın artmasına səbəb olur. Dollarla alqı-satqının surətlə yayılması isə ölkə iqtisadiyyatında daha ciddi problemlərin yaranmasına səbəb olacaq. Çünki artıq bazarlarda demək olar ki, manat işləmir və hər kəs satdığı əmlakın dəyərini dollarla qiymətləndirir. Bu gün isə valyuta bazarında real mənzərə tamamilə fərqlidir. Banklar dollar satmır, məzənnə arasında yüksək fərq var və manat günü-gündən ucuzlaşır. Banklar dollar satmadığı üçün bazarlarda da satış mümkünsüz hal alıb. Maraqlısı isə budur ki, satıcı satdığı əmlakın qarşılığında yalnız dollar ekvivalenti tələb edir. Günün məzənnəsinə uyğun olaraq manat hesabı qəbul edilmir. Bu isə alıcının haqlı etirazına səbəb olur. Çünki bu gün dollar tapmaq mümkün deyil. Dollar almaq üçün vətəndaş məcburdur ki, “qara bazar”a üz tutsun.\\“Qara bazar”da isə 1 dollar 2 manat civarında satılır. Bu isə satılan malın daha baha başa gəlməsinə səbəb olur. Hökumət isə bunun qarşısını almır və ya almaq istəmir. Vəziyyət isə günü-gündən daha da ağırlaşır. Valyuta bazarında yaranan ajiotaj qiymətlərin surətlə artmasına rəvac verir. Qanunvericiliyə əsasən ölkə ərazisində xarici valyutayla əməliyyat aparmaq üçün müvafiq icazə lazımdır. Bu icazə isə yalnız banklara verilir. İstisna hallarda isə xarici ölkələrlə hesablaşmalar aparan dövlət və özəl şirkətlər bu icazələrdən yararlana bilirlər. Ancaq ölkə daxilində aparılan alqı-satqı zamanı dollarla aparılan əməliyyatlar qanunsuz valyuta hesablaşmasıdır və cinayət əməlidir.\\Hökumət bazarda yaranan bu vəziyyətə ciddi şəkildə müdaxilə etməlidir. Ölkənin milli valyutası var və bütün əməliyyatlar da manatla aparılmalıdır. Ancaq belə görünür ki, bazarlarda xarici valyuta ilə hesablaşmaların aparılmasında kimlərsə maraqlıdır. Ona görə də bu qanunsuz hesablaşmaların qarşısını almaq hələ də mümkün olmayıb. Məsələnin digər və ən vacib tərəflərindən biri də bu cür əməliyyatlar ölkəni daha da ağır iqtisadi böhrana sürükləyir. İnflyasiya dərinləşir, valyuta bazarlarında dollar qıtlığı artır və bütün bunların fonunda manat surətlə ucuzlaşır.\\Bu isə istehlak məhsullarını bahalaşdırır. Hazırkı real mənzərə isə onu göstərir ki, artıq valyuta bazarı nəzarətdən çıxıb. Daha doğrusu nəzarətdən çıxması üçün zəmin yaradılıb. Yuxarıda da qeyd etdiyimiz kimi bu məsələdə maraqlı olan şəxslər var və onlar manatın ucuzlaşması üçün bütün addımları atırlar. Həmin şəxslər isə “dollar alverçiləri”dir. Onlar əllərində olan dolları satmaq üçün müxtəlif yollarla vayuta bazarına müdaxilə edir və manat üzərində təzyiq yaradırlar. Nəticədə isə manat ucuzlaşır və onlar daha çox gəlir əldə edirlər. Bu baxımdan “qara bazar”ın fəaliyyətini genişləndirməsi də onların maraqları çərçivəsində olan məsələdir. Hökumətin “qara bazar” əməliyyatının effektsiz olmasının səbəblərinin biri və ən başlıcası da elə bu cür kənar müdaxilələrdir.\\\\İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bunu hökumət təşkil etməyib ki, bir qərarla da ləğv etsin. Vətəndaşlar bu üsulla öz vəsaitlərini qorumağa çalışır: “Bu iki nəfər arasında baş verən bir sövdələşmədir. Hökumət bunu necə ləğv edə bilər ki? Manatın ən azından stabilləşməsi yaranmayıb və normal şəkildə valyutaya çıxış imkanları yoxdur, alqı-satqı normal təşkil olunmayıb təbii ki, insanlar xarici valyutada daşınan və ya daşınmayan əmlaklarını xarici valyutayla satmağa çalışacaqlar. Bu addımı ən azından əldə etdikləri vəsaiti sığortalamaq üçün atacaqlar. Hətta manatla satılmasıyla bağlı qərar verilsə belə, vətəndaş əldə etdiyi vəsaiti həmən valyutaya çevirməyə çalışacaq.”\\Ekspert deyib ki, ümumiyyətlə iqtisadiyyatda qadağalar heç vaxt effektli çıxış yolu sayılmır. Yeganə çıxış yolu manatın dəyərdən düşməsinin surətini azaltmaqdır, valyuta bazarının fəaliyyətini normal təmin etməkdir. İqtisadi inkişaf olduqca, manat stabilləşdikcə alqı-satqılarda da dollardan istifadə azalacaq”.\\Ekspert qeyd edir ki, dollarla aparılan əməliyyatlar iqtisadiyyata ciddi şəkildə təsir etməyəcək: “Təbii ki, bunun da müəyyən qədər təsirləri var. Amma iqtisadiyyata əsas təsir edən məsələ idxaldan asılılıqdır. Biz görürük ki, Azərbaycanın öz ehtiyaclarını ödəməsi üçün təqribən 700-800 milyon dollar lazımdır. Əsasən bu məsələyə görə belə bir ajiotaj yaranır. Valyuta hərraclarına çıxarılan dollar isə kifayət etmir. Hərraclarda 35-40 milyon olmaqla həftədə iki dəfə dollar satılır ki, bu da tələbin yarısını belə ödəmir. Əsas problem də məhz budur. Yəni, kiminsə avtomobilini dollarla satmağı əsas təsir vasitəsi deyil”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları