Yuxarı

Hökumətin aciz qaldığı 1,5 milyardlıq problem

Hökumətin aciz qaldığı 1,5 milyardlıq problem

Problemli kreditlər sosial gərginliyi artırır\\Əkrəm Həsənov: “Müəyyən edilməlidir ki, hansı vətəndaş və sahibkar həqiqətən də müflis olub”\\Problemli kreditlər artır, hökumət isə heç bir addım atmır. Vəziyyət isə kəskin hal alır. Məlumat üçün bildirək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il dekabr 1-nə 1 milyard 442,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 4,85% və yaxud 66,7 milyon manat çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 66,2 milyon manat və yaxud 4,4% azaldığı halda, son bir ildə 17,3% və yaxud 212,7 mln. manat artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən il noyabrın sonuna 8,9%, oktyabrın sonuna 8,7%, ilin əvvəlinə 6,9%, 2015-ci il noyabrın sonuna isə 6,6% olub.\\Bəs problemli kreditlərin artmasının qarşını almaq üçün çıxış yolu nədədir? \\\\İqtisadçı-ekspert Əkrəm Həsənov məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə bildirib ki, yuxarıda elan edilən rəqəmlərə tam inanmır: “Əslində banklarda olan problemli kreditlərin həcmi daha çoxdur. Sadəcə, onu öz maliyyə hesabatlarında göstərmirlər. Çünki banklar problemli kreditlər üzrə ehtiyat yaratmalıdırlar. Ehtiyat isə əlavə vəsait və xərcdir, kapitalı azaldır. Həmçinin bankın maliyyə vəziyyətinin pis olmasını göstərir və bankların müştərilərini qaçırmır. Üstəlik, dövlət də həmin banklara qarşı müəyyən qanunvericilik normalarının pozulmasına görə müəyyən sanksiyalar tətbiq edilə bilər.\\ Bütün bunlar bankları həmişə vadar edir ki, yəni Azərbaycanda belədir. Dünyada belədir ki, banklar həmişə çalışır ki, problemli kreditlərin həcmini olduğundan az göstərsin. Amma bizdə bu daha çoxdur. Bunun ən sadə yolunu deyim: Tutaq ki, mənim kreditimi vaxtında verə bilmirsiz. Mən sizə yeni kredit verirəm və o yeni kreditlə gəlib köhnə krediti bağlayırsız. Əsıində mən problemin həllini etdim? Yox, problem qaldı. Yəni, siz onsuz da krediti vermirsiz. Sadəcə, mən öz maliyyə hesabatında köhnə krediti göstərmirəm. Yeni krediti dünən verdiyim üçün hələki heç bir problem yoxdur. Belə variantlarla banklar problemli kreditlərini azaldırlar”.\\“O kredit verilib ki, qayıtmasın”\\Ekspert qeyd edib ki, bu məsələdə ikinci bir proses də var. Bu da ondan ibarətdir ki, bankların problemli kreditlərinin xeyli hissəsi elə bank sahiblərinin və bankı idarə edənlərin yaxın şəxslərinə verilən kreditlərdir:\\“Elə o məqsədlə verilib ki, qayıtmasın. Elə kreditlər də var ki, həqiqətən də vətəndaşlar və sahibkarlardır ki, onların maliyyə vəziyyətləri pisləşdiyi üçün krediti ödəyə bilmir. Yaxud da dollar kreditidir və ödəmək istəmir. Əsas gətirir ki, krediti götürəndə məsələn, dolların məzənnəsi 1.78 idi, indi isə 1.98 dir. Bu səbəblər də var. Bu problem də yalnız artır. Çünki dolların məzənnəsi artır, qiymətlər qalxır, işsizlik problemi güclənir, sahibkarların işləri pisləşir. \\Ona görə də problemli kreditlərin həcmi yalnız artacaq. Burada nə etmək lazımdır? İlk növbədə vahid dövlət proqramı olmalıdır və müəyyən bir dövlət qurumu yaradılmalıdır. Hansı ki, problemli kreditlərlə məşğul olacaq. Yəni, burada müəyyən bir sistem qurulmalıdır. Müəyyən edilməlidir ki, banklar öz yaxınlarına, tanışlarına külli miqdarda kreditlər verirlər. Belə kreditləri də müəyyən etmək çox rahatdır. \\Gedin istənilən banka, görün ki, kimlər daha sərfəli şərtlər irəli sürür. \\Hansı bank kimə aşağı faizlə, girovsuz kredit verirsə, asanlıqla müəyyən olunacaq ki, bank kreditləri özlərinə verir. Bu kreditləri ilk növbədə dövlət geri tələb etməlidir. Sırf o həddə qədər ki, bank sahiblərini və bankı idarə edən şəxsləri cinayət məsuliyyətinə cəlb edə bilər. Bu yolla ilk növbədə xeyli kreditlər qayıdacaq”.\\“O şəxslərin borcları silinməlidir”\\Ekspert əlavə edib ki, problemli kreditlərin həcminin artmaması üçün çıxış yollarından biri də odur ki, müəyyən edilməlidir ki, hansı vətəndaş və sahibkar həqiqətən də müflis olub: “İstəyirsən bunu as, kəs, öldür, yəni, ödəniş qabiliyyəti yoxdur. Yalnız belə hallar cəmiyyətdə sosial gərginliyi artırır. Amma buna da banklar vaxt sərf edirlər. Bu vaxtın getməsi həm banklar üçün, həm də vətəndaşlar üçün psixoloji cəhətdən pisdir. \\Beləliklə də o şəxslər müflis elan edilməli və onların borcları silinməlidir. Amma həmin şəxslərin də adları elan edilməlidir. Bu edilməlidir ki, onlara kimsə bundan sonra borc versə, ehtiyatlı olsun. Hər halda onların indiyədək olan borcu üzərlərindən götürülməlidir ki, həmin şəxslər bu problemə vaxt sərf etməsinlər. Qaldı digər vətəndaşlar ki, hansı ki, nə bankın şəxsləridir, nə də müflisliyi yoxdur. Yəni, müəyyən əmlakları və gəlirləri var. Onlar üçün kredit şərtləri dəyişdirilməlidir. Nisbətən asanlaşdırılmalıdır. \\Tutaq ki, kredit dollarladırsa, hansısa ortalama bir kurs təyin edilməlidir. Məsələn bu gün məzənnə 1, 90-sa, vətəndaş isə krediti götürəndə doların kursu, 1.70 idi. Müəyyən edilə bilər ki, biz sənin borcunu sayırıq 1.30 qəpikdən... Məbləğin hamısı milli valyutaya keçilir və vaxt verilir ki, vətəndaş başlasın milli valyutada olan borcunu ödəsin. Yəni, şərtləri asanlaşdırıb, vəziyyətə uyğun etmək lazımdır ki, ödənişi edə bilsinlər. \\Bir sözlə, bu məsələdə çıxış yolları bunlardır: Birincisi, bankın sahibləri və bankı idarə edən şəxslərin bankdan oğurladığı pulları qaytara bilmək, ikincisi, ödəniş qabiliyyəti olmayanların kreditdən azad edilməsi, Üçüncüsü, həqiqətən vəziyyəti pis, amma ödəniş qabiliyyəti olanlara müəyyən güzəştlərin edilməsidir. Amma istisna deyil ki, bəzi bankaların bu halda vəziyyəti pisləşəcək. Hansısa bankda bu vəziyyət kəskin hal alsa, dövlət müəyyən qədər köməklik göstərə bilər. Dövlətin bunun üçün hər halda vəsaiti var. Yəni, bu məsələdə müəyyən sağlamlaşdırma etmək olar”.\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları