Yuxarı

Monopolist şirkətlərdən görünməmiş möhtəkirlik

Monopolist şirkətlərdən görünməmiş möhtəkirlik

Ərzaq məhsullarının qiyməti yenidən artırıldı\\Razi Abbasbəyli: “Hökumət süni bahalaşma ilə bağlı daha sərt addımlar atmalıdır”\\Ölkədə ərzaq məhsullarının bahalaşması davam edir. Bir çox ərzaq məhsullarının qiymətində 2 dəfədən artıq artım müşahidə olunub. Qiymət artımı istehlak olunan məhsulun həcmini azaltmaqla yanaşı, alıcılıq qabiliyyətinə də mənfi təsir edib. Əhali kəskin bahalaşma qarşısında aciz qalıb. Gündəlik tələbatı olan məhsulların günü-gündən qiymətinin artması vətəndaşların istehlak səbətinə ciddi şəkildə təsir edir. Vəziyyətdən sui-istifadə edən bəzi oliqarxların isə əlinə fürsət düşüb.\\Bu günlərdə “Azərsun” holdinq ərzaq məhsullarının qiymətini yenidən qaldırdı. Yanvarın 5-dən etibarən bu holdinqin məhsullarında 8 faiz bahalaşma yaşanır. Belə ki, çay, qənd, yağ, şəkər tozu və digər günədlik tələbat mallarının qiyməti qalxıb. Yeni il gəlməmiş “Azərsun” xalqa növbəti zərbəni vurdu. Əsasən un, kərə yağı, düyü, şəkər və süd məhsullarında qiymətlər yenidən artıb. Hazırda ərzaq məhsulları bazarında 8 faiz bahalaşma müşahidə olunur.\\Son günlər bəzi satış mərkəzlərində və iri marketlərdə ərzaq məhsullarının qıtlığı da müşahidə olunur. Ekspertlər qiymətlərdə artım olması üçün bu vəziyyətin məqsədli hazırlandığını da istisna etmirlər. Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir.\Bəs ərzaq məhsullarının bahalaşmasının qarşısını indiki halda necə almaq olar?\\“İnzibati yollarla müdaxilələr labüddür”\\İqtisadçı-ekspert Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda ərzaq bazarında inhisarçılardan biri əsasən “Azərsun”dur. “Azərsun”un iddialarının əksinə olaraq ölkədə yerli istehsal kifayət qədər azdır. Bu şirkət ölkəyə yerli mal adı ilə satdığı məhsulların böyük hissəsini idxal edir. Məhsullar xaricdən gətirildiyinə görə də xarici valyuta ilə hesablaşmalar həyata keçirilir. Bu mənada qiymət artımı başa düşüləndir. Son günlər ABŞ dollarının manata nisbətən ciddi dəyişikliyi baş vermir. \\Xüsusən də, bayram günlərindən bu tərəfə dolların kursunda azalma müşahidə olunur. Bu baxımdan qiymətlərin artırılması başa düşülən deyil. Çünki qiymət artımı son bir neçə aydır ki, çox sürətlə davam edirdi. Hesab edirəm ki, ən azı dekabr ayının sonlarına qədər baş vermiş qiymət artımı yerərli idi. Lakin bu gün də qiymət artımının baş verməsi anlaşılan deyil. Bu məsələdə bir qədər möhtəkirlik, sui-istifadə halları var. Bu mənada müvafiq icra orqanları, xüsusilə də İqtisadiyyat Nazirliyi süni bahalaşma ilə daha sərt addımlar atmalıdır. İnzibati yollarla müdaxilələr labüddür”.\\Ekspert qeyd edib ki, məlumdur ki, prezidentin əmri ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb: “Yalnız istehlakçıların, vətəndaşların, müştərilərin müraciətləri əsasında yoxlamalar həyata keçirilir. Söhbət ölkə vətəndaşının cibinə girməkdən gedirsə, ən azından iri istehsalçılar bu məsələ ilə bağlı profilaktik söhbətlər aparmalıdırlar. Xarici valyutanın Azərbaycan manatına qarşı bahalaşma tendensiyası davam edəcəksə, ərzaq məhsullarının, eləcə də digər məhsulların bahalaşması da qaçılmazdır. Yəni bu birbaşa idxalla bağlı olan məsələ olduğu üçün, sahibkarlar da ölkəyə gətirdikləri məhsulların qiymətini ekvivalent olaraq dəyişməli və artırmalıdırlar. Bu məsələdə böyük ehtimalla dövlət çıxış yolları axtarır. Yaxın ərəfə üçün orta və uzunmüddətli dövlət proqramları həyata keçirilərsə, yerli istehsal hesabına bu tendensiyanın qarşısını müəyyən qədər almaq olar”.\\Ekspert əlavə edib ki, yerli istehsalın yaxın vaxtlarda bərpasına ümid var: “Söhbət böyük investisiya layihələrindən deyil, gündəlik, xırda istehlak malları ilə bağlı kiçik və orta sahibkarlıq subyektlərinin formalaşmasına nail olmaq olar. Daxili bazarın tələbatına 100 faiz dönmək olduğunu demək çətindir. Amma bu baş verə bilər. Əgər daxildə istehsala sürətlə başlasaq, qeyd olunan proqramlar real olaraq həyata keçirilsə, ən azından 30-40 faizi daxili istehsal hesabına təmin edilə bilər. Burada debalansdan balansa keçməsi baş verə bilər. O baxımdan qiymət məsələsinin rəqabətli qabiliyyətini həm də daxili istehsal hesabına həll etmək mümkündür. Amma bu yüz faiz deyil, 30-40 faizdir”.\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları