Yuxarı

Xalqı əzən üzən məzənnə

Xalqı əzən üzən məzənnə

Vüsal Qarayev: “Kommunal ödənişləri bahalaşdırmaqla zərəri xalqın cibindən ödəməyə çalışırlar”\\Sərdar Cəlaloğlu: “Milli valyutanın məzənnəsinin düşməsi ekvivalentində avtomatik olaraq minimum əmək haqqı artırılmalıdır”\\Elman Fəttah: “Hökumət manatı qorumaq imkanlarını itirib”\\Azərbaycan Mərkəzi Bankının üzən məzənnə siyasətinə keçəcəyi yenidən gündəmə gəlib. AMB bundan əvvəl dəfələrlə üzən məzənnə siyasətinə keçildiyini elan etsə də valyutadəyişmə məntəqələri və bankların maliyyə siyasətinə müdaxilələr vardı. Bu da manat və digər valyutaların (əsasən dollar, avro və rubl) sərbəst şəkildə məzənnələrinin təyin olunmasına mane olurdu. İndi isə məsələ növbəti dəfə AMB-nin nəzərindən keçirilir.\\İqtisadçılara görə, üzən məzənnə siyasətinə keçid milli valyutanı dollar qarşısında kəskin şəkildə dəyərdən salacaq ki, bu da ölkədə bahalaşmaya səbəb olacaq. Bahalaşmanın da işsizlik və yoxsulluq səviyyəsinin yüksək, minimum əmək haqlarının aşağı olduğu Azərbaycanda hansı mənzərəni yaradacağını əvvəldən görmək çətin deyil. Bu, iqtisadi böhranı dərinləşdirə və gərginlikdə olan prosesləri siyasi səhnəyə keçirə, sosial partlayışa gətirib çıxara bilər. Baş verənlərin etirazlarla qarşılanması da istisna deyil.\\“Hökumət müxalifətlə məsləhətləşməlidir”\\AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət”ə bildirib ki, bu günə kimi manatın dollarla mübarizəsinə istifadə edilən pulları havaya tullanmış hesab etmək olar. V.Qarayev hökumətin valyuta siyasətinin nəticəsiz olduğunu deyib: “Manat uduzdu. Elə ilk gündən manatı sərbəst buraxmaq lazım idi. O ki, qaldı manatın kəskin ucuzlaşması nəticəsində kəskin bahalaşmaya, manat sərbəst buraxılsa da, buraxılmasa da bu proses gedəcək. Zatən, xalq hər günə bahalaşma xəbəri ilə başlayır. Amma manat üzən məzənnəyə keçsə, xalq da işini bilər, manat real dəyərini tapar. \\Bütün bu baş verənlərə səbəb isə hakimiyyətin yürütdüyü yarıtmaz, bir qrup insanın şəxsi mənafeyinə xidmət edən iqtisadi siyasətidir. Bu siyasət dəyişmədikcə, bunu həyata keçirənlər vəzifələrindən uzaqlaşdırılmadıqca ölkə düşdüyü böhrandan çıxa bilməz. İqtisadi böhran bütün ölkələrdə olur, bu normaldır. Lakin bu zaman hökumətlər dövləti və xalqı böhrandan minimum zərərlə çıxarmaq üçün antiböhran addımları atırlar. \\Azərbaycan hökuməti də belə antiböhran addımları atır. Lakin bu addımlar digər ölkələrdən fərqli olaraq hakimiyyətdə oturanların, oliqarxların zərərlərinin xalqın əziyyəti, zülmü, əzilməsi hesabına kompensasiya edilməsinə hesablanıb”.\\AXCP yetkilisi qeyd edib ki, digər ölkələrdə böhran zamanı vətəndaşın kredit borclarında güzəştlərə gedilir: “Bizdə isə məhkəmələr, yəni, hökumət xalqın yox, bankların vəkillərinə çevrilib. Ölkədə işsizlik artır, qiymətlər günü-gündən bahalaşır, bir yandan da hökumət kommunal ödənişləri bahalaşdırmaqla öz zərərini xalqın cibindən ödəməyə çalışır. Əgər hökumətimizin böhrandan çıxmaq üçün savadlı kadrları, beyin potensialı yoxdursa, ən azından qonşu ölkələrə, məsələn, Rusiya və \\Qazaxıstana nəzər salsınlar, onların təcrübəsindən yararlansınlar. Bütün bunlardan sonra manat “üz”sə, nə olacaq, “üz”məsə, nə olacaq? Heç nə! Təbii ki, AXCP olaraq böhrandan çıxış yolunda mövqeyimiz dəyişməzdir, ya hökumət istefaya getməlidir, ya da hakim komandanın ən azı 80%-i yenilənməlidir, hökumət müxalifətlə bir masa arxasında oturub məsləhətləşməlidir, müxalifət hökumətdə təmsil olunmalıdır. Yəni, vəziyyətdən çıxış yolu birgə müəyyənləşdirilməlidir. Əsas hədəf isə vətəndaşın yaşayışı olmalıdır”.\\“Bu, cinayətkarlıqdır”\\Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə deyib ki, Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçmək hüququ yoxdur. ADP sədri bunu onunla izah edib ki, minimum əmək haqqı sabit saxlanılırsa, bu zaman dövlət milli valyuta üzərində də nəzarəti saxlamalıdır: “Əgər hökumət üzən əmək haqqı siyasətinə keçəcəksə, bu zaman Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməlidir. Məsələn, Türkiyədə lirə istədiyi qədər dəyərdən düşə bilər, amma dövlət bir o qədər də minimum əmək haqqını artırır. Türkiyədə bu gün minimum əmək haqqı 600 dollardır. Bununla həm insanların həyat səviyyəsi yüksəlir, həm də ardıcıl olaraq minimum əmək haqlarına əlavələr olunur. \\Amma Azərbaycanda manat 3 dəfə “ölüb”, amma əmək haqları 1,2, bəzi sahələrdə də cəmi 4% artırılıb, digər sahələrdə isə ümumiyyətlə, artırılmayıb. Hökumət qərar verməlidir ki, milli valyutanın məzənnəsinin düşməsi ekvivalentində avtomatik olaraq minimum əmək haqqı artırılsın. Yəni, əgər minimum əmək haqqı artırılmırsa, üzən məzənnə siyasətinə keçmək iqtisadi cinayətkarlıqdır, vətəndaşların qanunla qorunan iqtisadi hüquqlarına zərbədir”.\\“Manat batdı”\\Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə milli valyutanın dəyərdən düşməsi trendinin davam edəcəyini bildirib. E.Fəttaha görə, hökumət üzləşilən böhrandan çıxmaq barədə heç nə düşünmür: “Manat üzən məzənnəyə keçsə, nə baş verəcəksə, bilmirəm, amma hazırda manat necə deyərlər, sualtı qayıqla “üzür”. Manat “dəniz”in dibindədir, manat batdı. Hökumət milli valyutanı qorumaq imkanlarını tamamilə itirib. Belə bir niyyəti də yoxdur ki, məzənnəni vətəndaşların maraqlarına uyğunlaşdırsın. Manat artıq Azərbaycan iqtisadiyyatında heç bir rola sahib deyil”.\\Müsavat yetkilisinin sözlərinə görə, hazırkı iqtisadi böhran yaxın vaxtlarda siyasi böhranı şərtləndirəcək: “Yalnız bu hökumət dəyişdikdən sonra problemlərin həlli imkanları yaranacaq. Bundan sonra Azərbaycan böhrandan çıxa bilər. Bu hökumət öz yerində qaldıqca, vəziyyətin özünü düzəltməyə doğru meyllənməsi mümkün deyil. Çünki bu sistemin idarəetmə metodu, ənənəvi siyasəti yalnız böhranın dərinləşməsinə səbəb olacaq”.\\Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları