Yuxarı

AZƏRBAYCANA xilas üçün 27 milyard dollar

AZƏRBAYCANA xilas üçün 27 milyard dollar

Azərbaycan iqtisadi tənəzzülü geridə qoydu?\\Oqtay Haqverdiyev: “Böyük bir zavod açılıb, 1000 nəfər işlə təmin olunub? Belə fakt yoxdur axı”\\Azərbaycanda bu il iqtisadi artım 1.2 faiz təşkil edəcək. Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında belə deyilir. Bank 2017-ci ildə, ümumiyyətlə, qlobal iqtisadi artım tempinin 2.7 faizə qalxacağını bildirir. Keçən böhran ilindən sonra inkişaf etməkdə olan ölkələrdə, təzə yaranan bazarlarda əngəllərin ortadan qalxdığını, bunun da iqtisadi artıma təkan verəcəyini deyir.\\“İqtisadi artımla bağlı illərdir davam edən məyusluqdan sonra, nəhayət, üfüqdə çiçəklənməəlamətlərini görürük. Bu fürsətdən yararlanmaq, infrastruktura və əhaliyə sərmayəni artırmaq zamanıdır. Bu, yoxsulluğun kökünü kəsməkdən ötrü vacib olan davamlı iqtisadi artımın təmin olunması baxımından zəruridir”, - Dünya Bankının prezidenti Jim Yong Kim belə deyib. Azərbaycana gəlincə, hesabat müəllifləri bildirir ki, neftin qiymətinin artması və iqtisadi disbalansın azalması inkişafa təkan verəcək. 2017-ci ildə Azərbaycanda iqtisadi artım 1.2 faiz, 2018-ci ildə 2.3 faiz, 2019-cu ildə də 2.3 faiz olacaq. Dünya Bankı milli valyutanın dəyərdən düşməsinin və yüksək inflyasiyanın Azərbaycan, Anqola, Nigeriya, Mozambik və Monqolustanda 2016-cı ilin ikinci yarısında sərt siyasətin gerçəkləşməsi, ya da davam etdirilməsiylə sonuclandığını, ticarətin zəiflədiyini və artım göstəricilərinin düşdüyünü qeyd edir.\\Milli valyutanın zəifləməsi Azərbaycan, Anqola, Qazaxıstan və Nigeriya kimi iri neft istehsalçılarının böyük ehtiyat itkisindən əziyyət çəkməsiylə izah olunur. Hesabatda valyuta və vergi siyasətinin müxtəlif ölkələrdə fərqli yönlərdə aparıldığı, Azərbaycanın sərt valyuta mövqeyini qoruyub saxladığı deyilir. İnkişaf etmiş ölkələrdə, Dünya Bankının proqnozlarına görə, iqtisadi artımın orta hesabla 1.8 faiz olacağı gözlənir. İqtisadi nəhənglər, özəlliklə də ABŞ-da maliyyə stimulu həm daxili, həm də qlobal artıma, özü də gözləndiyindən çox artıma səbəb ola bilər. Hərçənd, artmaqda olan ticarət proteksionizminin zərərli nəticələri də istisna edilmir.\\Bütün bunlara rəğmən, Dünya Bankı nəhəng iqtisadiyyatların siyasi yönüylə bağlı şübhələrin artım perspektivinə kölgə saldığını vurğulayır. Bankın qənaətincə, əminliyin olmaması və bu əhval-ruhiyyənin uzun çəkməsi iqtisadi artımı yubada bilər.\\Həmçinin ötən gün Azərbaycan prezidenti Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edib. O bildirib: “Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək".\\Doğurdanmı Azərbaycan sosial, iqtisadi böhranı arxada qoydu? Dünya Bankının proqnozu həqiqətdirmi, yoxsa, hökumətin verdiyi rəqəmlərə hesablanır?Nə baş verdi ki, il bitən kimi iqtisadi tənəzzül də bitdi və 1.2 faiz artım gözlənilir? 100 mindən çox daimi iş yerinin açılması iqtisadi tənəzzüldən çıxış yolu ola bilərmi?\\“İqtisadiyyat 3.5 faiz aşağı düşüb”\\\\İqtisadçı-ekspert Oqtay Haqverdiyev “Cümhuriyət” qəzetinin sualına sualla cavab verib. O bildirib ki, əgər iqtisadiyyatın səviyyəsi 3.5 faiz aşağı düşübsə, buna necə demək olar ki, vəziyyətdən şərəflə çıxdıq?“Hansısa sənayedə və kənd təsərrüfatında bir balaca artım var. Ümumilikdə iqtisadiyyat 3.5 faiz aşağı düşüb. Hazırda böhrandan çıxmaq üçün lazımi tədbirlər görülür. Dünya Bankını proqnozları və Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsi təsdiq olunanda belə çıxışlar oldu ki, hökumətin hesablamasına görə, bu il iqtisadiyyatda 2 faiz artım olacaq. Kim istəməz ki, olmasın?\\Amma bunun üçün müəyyən baza olmalıdır. Artım nəyin hesabına olacaq, bu, aydın deyil. Hazırda onu görürük ki, büdcədə neftin qiyməti 40 dollardan hesablanıb, amma satırıq 55-58 dollara. Burda müəyyən qədər artım olduğu üçün iqtisadiyyatda da artım ola bilər. Nə qədər deyirlər, desinlər, Azərbaycan iqtisadiyyatı bilavasitə neftlə qaza bağlıdır. Çünki Azərbaycanın dünya bazarına çıxarda biləcəyi başqa bir məhsulu yoxdur”.\\“Balaca sex açıb 50 nəfər işə götürürlər”\\Yeni iş yerlərinin açılmasına münasibət bildirən ekspert qeyd edib ki, yeni iş yerləri açılması boş sözlərdən başqa bir şey deyil: “Konkret deyilsə ki, böyük bir zavod açılıb və 1000 nəfər adam işlə təmin olunub, bu, başqa məsələ. Amma belə fakt yoxdur axı. Hardasa bir sex açırlar 50-60 adam işlə götürürlər. Ancaq bu, o demək deyil ki, problem kökündən həll olunur. Bu məsələnin kökündən həll olunması üçün vaxt lazımdır. Elan edirlər ki, guya Azərbaycanda 5 faiz işsizlik var. Amma hamı yaxşı bilir ki, ölkədə işsizliyin əsil mənzərəsi gizlədilir.\\Hələ rayonları demirəm. Halva-halva deməklə ağız şirin olmur. Ötən ilin sonu iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qəbul edildi. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu layihənin həyata keçirilməsi üçün 27 milyard dollar lazımdır. Bunun üçün investisiyalar olmalıdır. Təbii ki, bunun nəticəsini tez görməyəcəyik. Xarici investorlar Azərbaycana ancaq neft-qaza investisiya yatırır. Demək olar ki, xaricilər qeyri-neft sektoruna investisiya yatırmır. 2016-ci ildə xaricdən Azərbaycana 92 faiz investiya yatırılıb ki, bunun da hamısı “Şahdəniz-2”, “Günəşli” neft-qaz yataqlarına gedib”.\\Yeganə Oqtayqızı\\ 





Həftənin ən çox oxunanları