Yuxarı

Hökumət qənaətdən nə qədər qazandı?

Hökumət qənaətdən  nə qədər qazandı?

 \\Natiq Cəfərli: “İzafi xərclərə qənaət etmək üçün idarəetmə optimallaşdırılmalıdır”\\Ölkədə ağır iqtisadi böhran davam edir. Böhranın təsiri özünü 2017-ci il büdcə layihəsində də qabarıq şəkildə göstərdi. Hökumət büdcədə yaranan kəsirləri müxtəlif yollarla kompensasiya etməyə çalışdı. Enerji daşıyıcılarının  bahalaşması, xırda sahibkarlığa sadələşdirilmiş verginin tətbiqi və digər sahələrdə atılan addımlar məhz büdcə kəsirlərini bərpa etməyə yönəlmişdi. Ancaq ictimaiyyətin əsas gözləntisi olan islahat addımları atılmadı. Büdcə üzərində süni şəkildə yaradılan əlavə yük hələ də qalmaqdadır.\\Bəzi lazımsız, heç bir fəaliyyəti olmayan büdcə təşkilatlarına ayrılan milyonlarla vəsait  əlavə yükdən başqa bir şey deyil. Hökumət bunun da qarşısını almaq üçün müəyyən addımlar atsa da yetərsiz oldu. Belə ki, bir müddət öncə bir sıra büdcə təşkilatlarına “publik hüquqi şəxs” statusu verildi. Ancaq 2017-ci ilin büdcə layihəsində “publik hüquqi şəxs” elan olunan qurumlara da əvvəlki qaydada da vəsait ayrıldı. Maraqlıdır, bəs Azərbaycan hökuməti böhran dövründə hansı xərclərinə qənaət edib?\\Hökumət “qənaət rejimi”nə  ilk tuş gələn İcra hakimiyyətləri oldu. Belə ki, İcra hakimiyyətlərinə büdcədən ayrılan tikinti xərcləri 30-40 faiz civarında azaldıldı. Bu da büdcədən icra orqanlarının “payına” düşən vəsaitin kiçik bir hissəsidir. Daha sonra İcra hakimiyyətlərinin dəfərxana xərcləri azaldıldı və icra orqanlarının bütün xərclərinə nəzarət Nazirlər Kabinetinə verildi. Belə ki, qərar verildiyi gündən etibarən İcra hakimiyyətləri xarici ölkələrdən idxal etdiyi bütün malların hesabatını əvvəlcədən Nazirlər Kabinetinə təqdim etməlidir. Verilən hesabat təsdiq olunduqdan sonra icra orqanları ehtiyacları olan məhsulları ala biləcək. Bu isə İcra hakimiyyətlərinin xərclərinə dövlət nəzarəti deməkdir. Bu günə qədər yalnız ilin sonunda görülən işlərlə bağlı hesabat verən icra orqanları bundan sonra hökumətin birbaşa icazəsilə pul xərcləyəcək. Büdcə vəsaitlərinə qənaət etmək istəyən hökumətin növbəti hədəfinə isə Milli Məclis gəldi. Belə ki, Milli Məclisin xərclər smetasına 551 min manat qənaət edildi. Qeyd edək ki, Milli Məclisin xərclər smetası elə parlament tərəfindən səsə qoyularaq qəbul edilib. 2017-ci ilin büdcə xərclərində isə ən çox qənaət müdafiə xərclərinə edilib. Belə ki, gələn il üçün müdafiə sektoruna 1 milyard 615 milyon 359 min 868 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, indiki məzənnə ilə təqribən 1 milyard ABŞ dolları edir. Qeyd edək ki, 2015-ci ildə müdafiə xərcləri 5 milyard, 2014-ci ildə 3.7 milyard dollar olub. Ancaq hökumətin “qənaət rejimi”ni davam edəcəyi proqnozlaşdırılır. Ehtimal olunur ki, may ayında büdcəyə yenidən baxılacaq və əsasən dövlət xərclərinə qənaət olunacaq. Ancaq hələ ki, bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Ümumiyyətlə ölkənin qənaət rejiminə keçməsilə bağlı da rəsmilər heç bir fikir bildirmirlər. Ancaq görünən odur ki, büdcə vəsaitlərinə qənaət etmək hökumətin qarşısında qoyulan başlıcaq öhdəlikdir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə bir çox büdcə təşkilatlarının ləğvi və ya birləşdirilməsi yenidən gündəmə gələcək.\\İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyir ki, hökumət yaxın gələcəkdə bəzi nazirlikləri və dövlət qurumlarını ləğv edə və ya birləşdirə bilər. Onun sözlərinə görə, hökumət idarəetməni optimallaşdırmaqla izafi xərclərə qənaət edəcək: “Çox güman ki, bu il idarəetmənin təkminləşdirilməsi çərçivəsində müəyyən nazirliklərin, dövlət idarələrinin ya biləşdirilməsini, ya da ləğv olunmasını görə bilərik. Bu istiqamətdə müəyyən danışıqların, söz-söhbətlərin, şayiələrin olduğunu görürük. Amma bunun reallaşacağı çox böyük ehtimaldır. Çünki, idarəetməni həm optimallaşdırmaq, həm də izafi xərcləri azaltmaq lazımdır. Digər bir ehtimal da çoxdan vaxtı çatan regional idarələrin yaradılmasıdır. Artıq ölkənin rayonlarını ləğv etmək, regional idarəetməyə keçmək mümkündür. Rayonlarda nazirliklərin, dövlət orqanlarının ayrı-ayrı nümayəndəliklərinin olması əlavə izafi xərclərin yaranması deməkdir. Əsas qənaət də məhz idarəetmənin optimallaşdırılmasında olacaq. Doğrudan da idarəetmədə ciddi islahatlar aparılacaqsa, bu çox effektli olacaq. Çünki, təkcə iqtisadi addımlarla yaranmış vəziyyətdən çıxmaq mümkün deyil. Mütləq siyasi və idarəetmə islahatları da aparılmalıdır. Əgər belə bir qərar veriləcəksə, o, zaman əsas islahatlar bu yöndə aparılacaq”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları