Yuxarı

Beynəlxalq Bankda yeni həbs dalğası?

Beynəlxalq Bankda  yeni həbs dalğası?

 \\Akif Nəsirli: “Orada hələ də korrupsioner işçilər çalışır”\\Azərbaycan Beynəlxalq Bankı (ABB) hökumətin əsas probleminə çevrilib. ABB üzərində xarici ölkələrə çıxarılan milyardlarla vəsait ölkə iqtisadiyyatına və ümumilikdə dövlət büdcəsinə ciddi zərbə vurdu. Bankın o  zamankı rəhbəri Cahangir Hacıyevin həbsindən sonra ABB-yə rəhbər gətirilən Elmar Məmmədov da “qara bazar”a valyuta ötürdüyü üçün tutduğu vəzifəsindən azad edildi. Bu günlərdə isə ABB-nın haqqında cinayət işi açılmış bir neçə filialı ilə bağlı məsələyə aydınlıq gətirib.\\Bankın mətbuat xidmətindən  verilən məlumata görə, ABB Qazax, Şəki, Şəmkir, Ağdaş, Yevlax və Qaradağ filialları ilə bağlı araşdırmaların aparılması üçün  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Belə ki, Bankın müvafiq nəzarət orqanlarının ötən ilin martından oktyabr ayına qədər olan müddətdə apardığı audit və digər xarakterli yoxlamalar zamanı bu filialların fəaliyyətində müəyyən qüsurlar aşkarlanıb. Bu qüsurlar müvafiq normaları, daxili prosedur qaydaların tələblərinin pozulması nəticəsində Banka ziyan dəyməsi ilə bağlı olub. Həmin pozuntulara yol vermiş əməkdaşlar işdən kənarlaşdırılıb, eyni zamanda bu hallara hüquqi qiymət verilməsindən ötrü müvafiq sənədlər ABB tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilib. Hökumət bütün bu əməliyyatları ABB-nin sağlamlaşdırılması üçün atır.\\Ancaq gedən proseslərə ümumi nəzər saldıqda bankın probleminin təkcə vəsait çatışmazlığı olmadığını görürük. Belə ki, ABB haqqında araşdırmalar gedir və hər dəfə də yeni qanun pozuntularına rast gəlinir. Ekspertlər də iddia edirlər ki, ABB ətrafında gedən araşdırmalar nəticəsində bir sıra bank əməkdaşları həbs dalğasına tuş gələcək. Ümumiyyətlə, ABB ətrafında gedən proseslər nə ilə nəticələnəcək?\\Məsələyə münasibət bildirən iqtisadi-ekspert Akif Nəsirli deyir ki, Azərbaycan Beynəlxalq Bankı haqqında bu günə qədər ictimaiyyətə ötürülən informasiyalar onu deməyə əsas verir ki, bankda çox ciddi qanun pozuntularına və korrupsiya hallarına yol verilib: “Həbs olunanlardan digər əməkdaşları da qanunsuz əməllərin iştirakçıları olub. Ona görə də növbəti dövrlərdə də Beynəlxalq Bankda həbslərin olmayacağına ümid etmək çətindir. Bu gün hökumət çox dar kontingenti cinayət məsuliyyətinə cəlb edib. Bunun da müxtəlif səbəbləri var. Potensial cinayətkarların bir hissəsi hələ də azadlıqdadır və hətta bəziləri Beynəlxalq Bankda öz cinayət əməllərini davam etdirirlər. Ona görə də hesab edirəm ki, Beynəlxaq Bankda həbslər gələcəkdə də davam etdiriləcək”.\\Ekspert vurğulayıb ki, Beynəlxalq Bankın sağlamlaşdırılması üçün isə geniş və ciddi araşdırmalar aparılmalıdır. Onun sözlərinə görə, Beynəlxalq Bankda hələ də bəzi korrupsioner işçilər çalışır və əvvəlki qayda da qanunsuz işlər görürlər: “Bankda yol verilən cinayət əməlləri, qanun pozuntuları tam çılpaqlığı ilə ortaya qoyulmalıdır. Mənimsənilən dövlət vəsaitlərinin mümkün olan hissəsi geri qaytarılmalıdır. Beynəlxalq Bankda mənimsənilən pulların bir hissəsinin geri qayıtması mümkün deyil. Bu gün Azərbaycanın dövlət büdcəsi, o, qədər gərgin vəziyyətdədir ki, Beynəlxalq Bankın sağlamlaşdırılması üçün lazım olan vəsaitin tamamını büdcədən ayırmaq problemlidir. Digər tərəfdən də hesab edirəm ki, Beynəlxalq Bankın sağlamlaşdırılması üçün nəzərdə tutulan vəsait həddindən artıq çoxdur. Beynəlxalq Bank təkcə dövlətə məxsus deyil, onun səhmdarları və ortaqları var. Daha çox həmin səhmdarlar bankın sağlamlaşdırılmasının qeydinə qalmalıdır. Səhmdarlar özlərini sadəcə sahibkar kimi aparmamalıdır. Əlbəttə ki, dövlət tərəfindən də müəyyən köməkliklər göstərilməlidir, amma bu gün görürük ki, bütün yükü dövlət çəkir. Hesab edirəm ki, hökumətin mövcud addımları ilə Beynəlxalq Bank 2017-ci ildə də tam şəkildə sağlamlaşdırılmayacaq. Bu problem 2018, 2019-cu illərə də daşına bilər. Hətta Beynəlxalq Bank müflis də elan oluna bilər”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları