Yuxarı

Şagird intiharlarının artmasında vacib məqam

Şagird intiharlarının  artmasında vacib məqam

 İxtisara düşən rus dili müəllimləri psixoloq olubTünzalə Verdiyeva: “Psixoloqların sayı şagirdlərin sayına uyğun tənzimlənməlidir”Son zamanlar intihar hadisələrində azyaşlı və yeniyetmələrin statistik rəqəmlərinin artdığı diqqət çəkir. Bir müddət öncə 14 yaşlı məktəbli oğlan da heç kəsə bəlli olmayan səbəblərdən intihar etdi. Məktəblinin kifayət qədər normal davranışlı olduğu bildirilirdi. Görünən budur ki, heç kəs intiharı önləyə bilməyib. Məktəblinin sıxıntıda olduğunu, belə bir işə əl atacağı heç kimin ağlına gəlməyib.Mütəxəsssilərin fikrincə, şagirdlərin intiharının qarşısının alınmasında məktəb psixoloqları xüsusi rol oynaya bilərlər. Lakin hazırda məktəblərdə psixoloqların əskəriyyəti formal fəaliyyət göstərir. Cebhe.info Xətai rayonunda yerləşən 230 saylı orta məktəblə əlaqə saxlayıb.Məktəbin direktoru psixoloq ştatının olduğunu, onun uşaqlarla mütəmadi olaraq məşğul olduğunu söylədi. Təəsüflər olsun ki, zəng etdiyimiz ərəfədə (12:00) məktəbin psixoloqu iş başında deyildi. 285 saylı orta məktəbdə isə psxioloq əlavə kursa yazıldığı üçün danışa bilmədik. Məktəb psixoloqları ilə bağlı ən diqqətçəkən və narazılıq yaradan məqam ondan ibarətdir ki, ştat şagird sayından asılı olmayaraq ayrılır. Yəni min, iki min şagirdi olan məktəbə yalnız 1 psixoloq ayrılır. Psixoloq işdə olmadıqda onun əvəzləyicisi olmur. Əlbəttə, bütün bunlar zəruri nüanslardır.Azərbaycan Universitetinin Psixologiya fakültəsinin müəllimi Tünzalə Verdiyeva Cebhe.info-ya açıqlamasında məktəblərdə psixoloqların iş şəraiti haqda danışıb. O qeyd edib ki, məktəblərdə psixoloqların iş şəraiti qənaətbəxş deyil: “Bu psixoloqların çoxunun şəxsi otağı belə yoxdur. Psixoloji xidmət otağı ilə yanaşı lazımi vəsaitlər də olmalıdır. Əslində, ayrıca psixoloji konsultasiya otağının olması şəxsin problemlərinin məxfiliyinin, anonimliyinin qorunması baxımdan zəruridir. Problemli şagird bilməlidir ki, ona kömək edə biləcək, yönləndirə biləcək şəxs psixoloqdur”.Psixoloq qeyd edib ki, konsultasiya zamanı şagirdlə profilaktika, korrektə işləri aparılmalıdır: “Uşağın probleminin həlli üçün təkcə məktəblilərlə deyil, onların valideynləri ilə də işləmək gərəkdir. Çünki məktəb yaşlarında uşaq müqəddəratını həll etmək iqtidarında olmur”.T.Verdiyeva da bu gün məktəblərdə psixoloqlarla bağlı mövcud olan əsas problemə toxunub. O qeyd edib ki, psixoloqların sayı şagirdlərin sayına uyğun tənzimlənməlidir. Lakin təəssüflər olsun ki, mövcud reallıq fərqlidir: “Orta hesabla hər 100 uşağa bir psixoloq düşməlidir. Lakin, təəssüflər olsun ki, 3 min şagirdi olan məktəbdə sadəcə olaraq bir psixoloq fəaliyyət göstərir. Fiziki olaraq psixoloqun imkanı çatmır ki, şagirdlərin hamısına vaxt ayıra bilsin. Məktəblilərin sayı çox olduğundan psixoloq gözləyir ki, şagird ona müraciət etsin. Lakin elə problemli məktəbli var, heç düşünmür ki, psixoloqa müraciət edərək müəyyən həllə nail ola bilər”.T.Verdiyeva qeyd edib ki, psixoloqlar yalnız yeniyetmələrin intihara meyilliliyini deyil, o cümlədən də evdən qaçmaların, pis istiqamətə yönəlməyin, narkomaniyaya qurşanmağının, qumar oyunlarına maraq göstərmələrinin də qarşısını almalıdır: “Əlbəttə, vaxtında çarə tapılmadıqda bütün bu arzuolunmaz davranışlar nəticə olaraq intihara səbəb olur. Hamı ziyalı, təhsilli, savadlı ola bilməz. Hər kəs insan psixologiyasını bilə bilməz. Bəzən ailədə uşaqlara qarşı elə tələblər qoyulur ki, azyaşlı onu yerinə yetirmək iqtidarında deyil”.T.Verdiyeva valideyn hədələrinə də münasibət bildirib. Bu gün bir çox valideynlər övladlarından tələb etdiklərini görmək üçün ən yaxşı variant kimi onları hədələməyi, nəyləsə qorxutmağı seçirlər. Təbii ki, aciz azyaşlı vəziyyətdən çıxış yolunu intihara əl atmaqda görür. Düşünür ki, bu yolla problemi həll edə bilər: “Valideyn deyir ki, dərsdən iki alsan evə gəlmə. Bəs hara getsin, nə etsin? Uşaq dərsdən “iki” alıbsa, deməli müəllim dərsi yaxşı başa sala bilməyib, o cümlədən də valideyn bu hazırlıq prosesində övladına dəstək ola bilməyib. Belə halda uşaq danlanacağı, döyüləcəyini bilərək yanlış yola əl atır, evdən qaçır, yaxud da intihara edir. Problemlərin yaranmasının qarşısını almaq üçün şagirdlə yanaşı valideynlərin də maariflənməsinə ehtiyac var”.Psixoloqun sözlərinə görə, bəzən hormonol dəyişikliklər də yeniyetmələrdə müəyyən problemlərin yaranmasına səbəb olur: “Yeniyetmə bəzən onda gedən hormonal dəyişiklikləri anlamır. Bu səbəbdən də normadan kənar davranışlar müşahidə edilir. Buna görə, hər bir müəllim uşaq psixologiyasını dərindən öyrənməlidir. Psixoloqlar uşağın inkişafını aşkara çıxarmalı, inkişaf etdirməli, onların imtahanlara hazırlanmasına dəstək olmalıdır”.T.Verdiyeva qeyd edib ki, diplomlu psixoloqların əksəriyyəti sadəcə olaraq nəzəri biliklər alırlar: “Nəzəri biliklərlə yanaşı təcrübə də önəmlidir. Təəssüflər olsun ki, kifayət qədər peşəkar psixoloji xidmət mərkəzləri yoxdur. “Psixoloji xidmət haqqında əsasnamə” təsdiqlənməyib, ümumiyyətlə bu haqda qanun yoxdur. Təəssüflər olsun ki, bu gün digər ixtisas sahibləri də özlərini psixoloq kimi tanıdaraq cəmiyyətə yanlış informasiyalar ötürür. Onlar efirdən tanınmaqla auditoriya yığırlar.Belələri orta məktəblərdə də var. Bu gün rus dili- ədəbiyyatı fənnini tədris edən müəllimlərin iş saatı azaldığı üçün ixtisasartırma ilə psixoloq kimi fəaliyyətə başlayırlar. Əlbəttə, bu şəxslər psixoloq qədər peşəkar ola bilməz. Lakin qeyri ixtisas sahələrindən fərqli olaraq onların hansısa köməyi dəyə bilər. Çünki digər ixtisasları bitirən şəxslərin nə pedaqogika, nə də ki, psixologiyadan xəbəri var. Təəssüflər olsun ki, təcrübəli psixoloqların sayı azdır”.Psixoloqun sözlərinə görə, baş verən intihar hallarında Verter sindromunun da rolu var: “Hüqonun Verterin Əzabları əsəri işıq üzü gördükdən sonra intiharların sayı artdı. Bir müddət hətta bu əsərin satışına da qadağa qoyuldu. Verter sindromu da burdan yaranıb. Təəssüflər olsun ki, bu gün azyaşlıların intiharında müəllim, valideyn münasibətləri ilə yanaşı, medianın da təsiri var. Media intiharlarla bağlı təbliğedici məlumatlar yaymamalıdır. Böhran vəziyyətində olan şəxslər bu cür məlumatları görərək çıxış yolu kimi intihara əl adırlar”.Mövzu ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məktəblərdə fəaliyyət göstərən psixoloqların hamısının ixtisası bitirdiyini bildirib: “Lakin hər məktəbdə psixoloq kadrı var, ya yox bunu dəqiq deyə bilmərəm. Bu haqda məlumatsızam”.Nigar Məhərrəm





Həftənin ən çox oxunanları