Yuxarı

Dollara 2 manat həddi

Dollara 2 manat həddi

Natiq Cəfərli: “Bugünkü məzənnə dolların özü ilə bağlı proses deyil” Əkrəm Həsənov: “Böyük ehtimalla da payızda 1 dollar 2 manatı vurub keçəcək” Səbuhi Rəhimli: “Ümumiyyətlə, dollar 1.50 dən aşağı heç vaxt düşməyəcək” Son 2 ayda dolların məzənnəsi manat qarşısında dəyərdən düşür. Bu ilin 1 fevral tarixində 1,92 manat səviyyəsinə qalxan dollar/manat rəsmi məzənnəsi bu gün 1,7031 səviyyəsinə enib. Banklar artıq dolları 1,65 manata satır. Qeyd edək ki, aprelin 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7031 manat təşkil edib. Bəzi iqtisadçılar mart-aprel ayları üçün dolların bahalaşacağı proqnozlarını vermişdilər. Amma bu aylarda dolların bahalaşcağı ilə bağlı verilən proqnozlar özünü doğrultmur. Əksinə son günlər dolların məzənnəsində ucuzlaşma hiss olunur. Maraqlıdır, dolların ucuzlaşması prosesi yaxın aylar üçün də keçərlidirmi? Ümumiyyətlə, dolların gələcək məzənnəsi ilə iqtisadçılar hansı proqnozları irəli sürürlər? İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə deyib ki, bugünkü məzənnə dolların özü ilə bağlı proses deyil, Azərbaycanda dünyada gedən prosesdən fərqli vəziyyətdir: “Deməli, bu orqanik, təbii bir proses deyil. Problem manat kütləsindədir. Manatın kifayət qədər dövriyyəsi azalıb. Mərkəzi Bank sərt pul siyasəti yeridir və manatı dövriyyədən yığır. Manat dövriyyədə azaldıqca, dolları almağa da sərbəst manat kütləsi azalır. Amma bu da öz növbəsində iqtisadi aktivliyi zəiflədir. Son zamanlar ticarət dövriyyəsində, idxalda ciddi azalmalar var. Çünki alıcılıq qabiliyyəti aşağı düşüb, iqtisadi aktivlik zəifləyib. Uzun zaman bu siyasətlə valyutanın məzənnəsini bu səviyyədə saxlamaq hökumətə də sərf etməyəcək. Bir müddət sonra yenidən manat kütləsinin artmasını gözləmək olar. Hətta dünənki müşavirədə prezident də qeyd etdi ki, büdcə öhdəlikləri tam yerinə yetirilməlidir. Tam büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün büdcə ayırmaları tam xərclənməlidir. Bu həm də o deməkdir ki, bu günə qədər büdcədən də ayırmalarda kifayət qədər azalmalar müşahidə olunurdu, vəsait az ayrılırdı. Manat kütləsinin dövriyyəsi artdıqca yenidən dollara tələbatın da yüksəlməsi gözlənilir. Dediyim kimi bu təbii bir proses deyil. Dünyada dollar ucuzlaşırsa, Azərbaycanda makroiqtisadi göstəricilərdə ciddi bir dəyişiklik yoxdur. Yeganə dəyişiklik neftin qiymətində müəyyən sabitliyin yaranmasıdır ki, 55 dollar civarında sabitləşib. Başqa heç bir iqtisadi dəyişiklik yoxdur ki, manat təbii şəkildə möhkəmlənə bilsin”. İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə kurs məsələsi ilə bağlı qısamüddətli proqnoz vermək çətindir. Çünki Mərkəzi Bank Neft Fondu ilə birləşib istədiyi kursu müəyyən edə bilər: “Yanvarın 31-də dolların kursu 1.92-yə çatanda, hələ o zaman yazmışdım ki, ola bilsin ki, yaxın ərəfədə dolların məzənnəsi aşağı düşsün. Yəni, bunun bir oyun olduğunu elə o vaxtdan demişəm. Bu oyun hələ davam edir. Əslində manat bahalaşmayıb, dollar ucuzlaşmayıb. Sadəcə, Mərkəzi Bank manat kütləsini sıxıb. Manat azaldığı üçün hamı əlində olan dolları satmağa gətirir və dollar ucuzlaşır. Təbii ki, bu çox davam edə bilməz. Bu gün iqtisadiyyatımızda ödəniş sistemi iflic vəziyyətdədir. Ona görə ki, pul çatmır. Bu çox davam edə bilməz. Maksimum payız ayına qədər ola bilər”. Ekspert hesab edir ki, iyun ayından dollar yenidən bahalaşmağa başlayacaq: “Böyük ehtimalla da payızda 1 dollar 2 manatı vurub keçəcək. Bu da onun sayəsində olacaq ki, Mərkəzi Bank pul kütləsini çoxaldacaq. Yəni, Mərkəzi Bank banklara kreditlər verməyə başlayacaq. Sadəcə, böyük ehtimalla yaxın aylarda bir neçə bankın bağlanmasını görəcəyik”. Astroloq Səbuhi Rəhimli də dolların taleyi ilə bağlı proqnozlarını açıqlayıb. O, deyib ki, dolların ucuzlaşması uzun müddət davam etməyəcək: “Ümumiyyətlə, dollar 1.50 dən aşağı heç vaxt düşməyəcək. Bunu 2016-ci il üçün də demişdim. Elə o proqnozda da qalıram”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları