Yuxarı

Neft pullarını “yeyən” qurum

Neft pullarını  “yeyən” qurum

  Azərbaycan İnvestisiya Şirkəti gərəksiz quruma çevrilib Əkrəm Həsənov: “Şirkət bu günə kimi Azərbaycan iqtisadiyyatına heç bir töhfə verməyib” Neft gəlirləri hesabına ölkə iqtisadiyyatının inkişafına investisiya qoymaq, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına dəstək üçün yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC əslində neftin pullarını batırmaqla məşğul olurmuş. Bu barədə ölkənin baş auditorunun-Hesablama Palatasının 2016-cı il üçün fəaliyyətinə dair hesabatında yer alan faktlardan məlum olur. Hesabat  qurumun kollegiyasının aprelin 5-də keçirilmiş iclasında müzakirə olunub və təsdiqlənib. Hesabatda “Azərbaycan İnvestisiya Şirkəti” 2007-ci ildən etibarən 2015-ci ilə qədər olan fəaliyyəti barədə göstərilir ki, bu dövlət səhmdar cəmiyyəti cəmi 11 səhmdar cəmiyyətə səhmlər və paylar üzrə 88 milyon 615 min manata yaxın vəsait yatırıb. Lakin sənəddə qeyd olunub ki, təhlil ilə əhatə olunan dövrdə (2014-2015-ci illər) müvafiq sərəncamla müəyyən olunmuş dividentlərin, o cümlədən, "Azərbaycan İnvestisiya Şirkəti"nə iştirak paylarına (səhmlərinə) görə səhmdar cəmiyyətlər tərəfindən ödənilən 12 milyon 70 min manat məbləğində dividendlərin də tam və ya qismən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilməsi aparılmayıb. İctimaiyyətdə həm Hesablama Palatasına, həm də Azərbaycan İnvestisiya Şirkətinə münasibət birmənalı deyil. Bəzi müstəqil ekspertlər hesab edirlər ki, Hesablama Palatasına ehtiyac yoxdur. Onsuz da Palatanın apardığı yoxlamaların nəticəsi olmur. Belə ki, yoxlama zamanı hansısa qurumda batırılan pullarla bağlı faktlar ortaya çıxa da, heç bir tədbir görülmür. Bəzi ekspertlər isə hesab edir ki, Azərbaycan İnvestisiya Şirkətinə ehtiyac yoxdur. Bunu qurumun normal fəaliyyətinin olmaması ilə əlaqələndirirlər. AİŞ fəaliyyətə başladığı dövrdən bu günə kimi Azərbaycan iqtisadiyyatına heç bir töhfə verməyib. Bu şirkət nəinki Azərbaycanda qeyri-neft sektoru inkişaf etdirib, hətta demək olar ki, son illər xarici sərmayəçilərin ölkəni sürətlə tərk etməsinə rəvac verib. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektoruna kifayət qədər diqqət göstərilmir. Baxmayaraq ki, ölkə rəhbəri investisiya mühitilə bağlı müasir dövrün tələbinə uyğun hər cür fərmanlar və sərəncamlar verib. Ancaq nəticə etibarilə sözügedən şirkət haqqında doğru-düzgün məlumat yoxdur. Azərbaycan İnvestisiya Şirkətinin gördüyü tədbirlərlə bağlı cəmiyyətdə demək olar ki, heç bir məlumat yoxdur. Əgər 2006-cı ildən yaranan bir şirkətin tutarlı bir fəaliyyəti olsaydı, hər halda onun gördüyü işlər də göz qabağında olardı. Qeyri-neft sektorunun bugünkü vəziyyəti şirkətin necə işlədiyinin göstərcisidir. Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, AİŞ İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərir: “Qurum həm öz, həm də dövlət hesabına Azərbaycan iqtisadiyyatına investorlar cəlb etməklə investisiya qoyur. Şirkətin əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Prinsip etibarilə bu, çox lazımlı bir qurumdur. Çünki Azərbaycanda ən iri investor elə dövlətin özüdür. Dövlətdə olan pul heç kəsdə yoxdur. Buna görə də neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına istifadə edilməsi lazımlıdır. Sadəcə, bunun hansı formada aparılması önəmlidir. Hesablama Palatasının AİŞ-də apardığı yoxlama barədə məlumatlı deyiləm. Amma təəccüblənmirəm. Çünki AİŞ qeyri-şəffaf fəaliyyət göstərir. Vəsaiti hara, necə qoyur, yatırdığı pulu açıq elan, yoxsa müsabiqə yolu ilə elan edib-etmədiyini bilmirik”. Əkrəm Həsənov onu da qeyd edib ki, AİŞ-nin müşahidə şurasının sədri İqtisadiyyat naziridir: “Doğrudur, AİŞ-in müşahidə şurasına Neft Fondunun, Maliyyə Nazirliyinin, Əmlak Komitəsinin, hətta Mərkəzi Bankın müavini də daxildir. AİŞ İqtisadiyyat Nazirliyinin nəzdində olsa da, bu qurum ən səmərəsiz, ən qeyri-effektiv nazirlikdir. İndiyə kimi bu nazirliyinin real nəsə etdiyini görməmişik. Faktiki olaraq heç bir işlə məşğul deyillər. Belə nazirliyin nəzdində olan bir şirkətdən başqa nə gözləmək olar?” Ekspert Hesablama Palatasının çox lazımlı bir qurum olduğunu da vurğulayıb: “Bu qurumun olması mütləqdir. Çünki Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Dövlət vəsaitlərinin necə və hara xərclənməsini, eləcə də nəzarəti həyata keçirir. Son dövrlər Palata aktiv fəaliyyət göstərir. Demək olar ki, böyük qurumlarda yoxlamalara aparır və ciddi qanun pozuntuları aşkarlayır. Palatanın yoxlamadığı yeganə qurum Mərkəzi Bankdır. Qalan bütün qurumları yoxlayıb, demək olar ki, hər yerdə də pozuntular var. Amma Hesablama Palatasının fəaliyyətinə səmərəsiz demək olmaz. Bu qurum gedib axtarıb, arayıb qanunsuzluğu üzə çıxarır. Palata hüquq-mühafizə orqanı deyil ki, kimisə cinayət məsuliyyətinə cəlb etsin. Bu artıq Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işidir. Onlar görürlər ki, Palata korrupsiya faktları aşkarlayıb. Bunu edən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək prokurorluğun işidir. Amma görmədim ki, Palatanın apardığı yoxlama nəticəsində prokurorluq kimisə cinayət məsuliyyətinə cəlb etsin. Bu, prokurorluğun özündə olan problemlərdən xəbər verir”. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları