Yuxarı

Ofşor hesablardakı milyardlarımız

Ofşor hesablardakı milyardlarımız

  Natiq Cəfərli: “Azərbaycanda da iş adamlarının bir çoxu qanuni qaydada vergidən yayınırlar” "Oxfam" təşkilatının açıqladığı rəqəmlər göstərir ki, 2016-cı ilin sonuna ABŞ-ın 50 ən iri şirkəti vergidən yayınmaq üçün ofşor hesablarında 1,6 trln. dollar saxlayır. 2015-ci illə müqayisədə bu rəqəm 200 mlrd. dollar çoxdur. Həmin şirkətlər arasında "Apple", "Microsoft", "Wall Mart" və "Pfizer" nəhənglər var. Hesabata əsasən, ofşorlarda ən çox vəsait saxlayan ABŞ şirkəti "Apple" korporasiyasıdır. Texnologiya nəhənginin ofşorlarda 200 mlrd. dolları var. İkinci yerdə qərarlaşan "Pfizer"in 193,6 mlrd. dolları, üçüncü yerdəki "Microsoft" korporasiyasının isə 124 mlrd. dolları ofşor zonalarda idarə olunur. "Oxfam"ın rəsmi nümayəndəsi Robbi Silverman (Robbie Silverman) bildirir ki, "ofşorlara qaçış vergidən yayınmaq üçün ən optimal variantdır. Hər il bu metoda əl atan ABŞ şirkətləri təxminən 135 mlrd. dollarlıq vergi ödənişlərindən boyun qaçırır". Maraqlıdır, Azərbaycandan nə qədər pul ofşor hesablarında saxlanılır? İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, əlbəttə ki, Azərbaycanla bağlı belə rəqəmlər tapmaq çətindir: “Çünki Amerika kimi ölkələrdə vergi şəffaflığı daha yüksək səviyyədədir. Yerli, böyük şirkətlərin hesabatlılığı şəffaf şəkildə hər dəfə öz saytlarında yerləşdirilir. Bu dövriyyədən və vergidən yayınmış fərqin ofşor zonalarda olması ehtimalını və rəqəmin məbləğini tapmaq üçün böyük çətinlik yaratmır. Azərbaycanda belə bir araşdırma, şəffaflıq olmadığından dəqiq rəqəm söyləmək çətindir. Amma son illər beynəlxalq hesabatlarda açıqlanmış rəqəm ondan ibarətdir ki, son 20 ilə yaxın dövrdə Azərbaycandan ofşor zonalara təqribən 48 milyard dollara yaxın vəsait çıxarılıb. Bu da həddindən artıq böyük bir rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycana son 20 ildə neft gəlirlərindən təqribən 130 milyarda yaxın vəsait daxil olmuşdu. Belə çıxır ki, bunun 30 faizdən yuxarısı ölkədən ofşor zonalar vasitəsilə çıxarılıb. Amma  hamısının korrupsiya sxemlərinin olub-olmaması da sual altındadır. Çünki Azərbaycanda da iş adamlarının bir çoxu qanuni qaydada vergidən yayınırlar. Elə ofşor zonalarının yaranmasının səbəbi də o idi ki, müəyyən mexanizmlər vasitəsilə  qanuni yollarla vergidən yayınma şəraiti yaradırdı. İş adamların bir çoxu beynəlxalq əməliyyatları ofşorlar üzərindən qurmağı üstünlük verirdilər. Ona görə də yeganə əlimizədə olan mənbə beynəlxalq müxtəlif hesabatlarda səslənən rəqəmdir”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları