Yuxarı

Bağlanacaq bankların adı məlumdur

Bağlanacaq  bankların adı  məlumdur

  Vüqar Bayramov: “Yaxın müddətdə bankların sayı 20-dək azalacaq” Kommersiya banklarının zərərlə işləməsi kiməsə sirr deyil. Ancaq banklardan hansının bazarda qalacağı, hansının bağlanacağı hələ bəlli deyil. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) isə hələ ki, müflis olan banklar haqqında bağlanma qərarı vermir. Bankların bağlanması haqqında qərarın verilməməsini isə ekspertlər bir sıra amillərlə əlaqələndirir. Əsas amillərdən biri kimi banklarda olan əmanətlərin geri qaytarılması üçün lazım olan vəsaitin olmamasıdır. Belə ki, bankların ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) verdiyi son məlumata görə hələ 736 milyon manat əmanət nəinki qaytarılmayıb, ümumiyyətlə, heç əmanət sahiblərinə kompensasiya belə ödənilməyib. Məlumatlara görə müflis vəziyyətinə düşmüş banklara konsildasiyaya (birləşməyə) getmək tapşırığı verilib. Bu addımı isə ilk olaraq “AtaBank” və “Caspian Development Bank” (CDB Bank) atdı və birləşməyə getdilər. Beləliklə, artıq CDB Bank üçüncü dəfədir ki, adını dəyişir. Bu bank adını dəyişməmişdən öncə üzərinə götürdüyü öhdəlikləri (cəlb etdiyi əmanətləri) yerinə yetirməyib. İddia olunur ki, yenə də birləşmədən sonra CDB Bank olaraq üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən boyun qaçıracaq. Ekspertlər bildirirlər ki, elə məhz buna görə də formal olaraq "AtaBank" ona deyil, o, "AtaBank"a qoşulur. Çünki reallıqda "Caspian Development Bank"ın vəziyyəti "AtaBank"dan daha yaxşıdır. Təsadüfi deyil ki, qoşulma nəticəsində Müşahidə Şurasının sədri məhz "Caspian Development Bank" tərəfdən olacaq. Bütün bunlar onu deməyə əsas verir ki, bankların birləşməsini də məhz öhdəlikləin yerinə yetirilməsi məqsədi ilə edirlər. Bəs sırada hansı banklar var? Hansı banklar bağlanacaq və ya birləşməyə gedəcək? Bütün bunların cavabını tapmaq üçün bankların vəziyyətinə baxmaq kifayət edir ki, yaxın gələcəkdə hansı bankların fəaliyyətini dayandıracağı məlum olsun. Digər tərəfdən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ötən gün verdiyi müsahibədə deyib ki, Azərbaycanın bank sektorunda konsolidasiya (birləşmə) prosesi davam edəcək: “Bilirik ki, bu günlərdə iki bank ("AtaBank" və "CDB Bank") birləşdi. İki bankın səhmdarları özlərində güc tapıb bu qərarı verib. Z.Nuriyev bu addımın digər banklara da nümunə olmalı olduğunu deyib. O, həmçinin əlavə edib ki, qarşıdakı dövrdə digər bankların da birləşməsinin şahidi olacağıq. Bankların sayı deyil, onların göstərdiyi xidmətlər vacibdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaxın günlərdə biz bir sıra bankların bağlanmasını və ya birləşməsinin şahidi olacağıq. Bağlanmağa namizəd olan bankların sayı isə kifayət qədər çoxdur. Bunlardan ilk yeri “Muğanbank” tutur. “Muğanbank”ın hal-hazırda aktivlərinin (gəlirinin) həcmi passivlərinin (borclarının) həcmindən 40-45 faiz çoxdur. Yəni, bank artıq öz öhdəliklərini yerinə yetirə bilmir. Son zamanlarda bankın daxili hesablarına ardıcıl 2 dəfə xaker hücumlarının olması da məhz bununla əlaqələndirilirdi. Qeyd olunurdu ki, bağlanmaq ərəfəsində olan bank öhdəliklərindən boyun qaçırmaq üçün bu cür üsullara əl atır. Digər müflis olmaq həddinə çatan bank isə “Nikoil Bank”dır. Belə ki, bu bankın 2016-cı il hesabatında nəzər salsaq, görərik ki, “Nikayil Bank” 750 milyon manat zərərlə işləyib. Bu kifayət qədər böyük məbləğdir. Bu isə onu deməyə əsas verir ki, “Nikoil Bank” artıq öz gücünə bazarda qala bilməyəcək və yaxın günlərdə ya birləşməyə gedəcək, ya da fəaliyyətini donduracaq. “TuranBank”da da eyni aqibət yaşanmaqdadır. Bu bankın da statistik göstəriciləri zərərlə işlədiyini göstərir. “TuranBank” 2016-cı ili 1.4 milyon manat zərərlə başa vurub. Ümumiyyətlə ekspertlər hesab edirlər ki, bu bankın fəaliyyətinə 2015-ci ildən xitam verilməli idi. Çünki, bu bank elə həmin dövrlərdən öz öhdəliklərini tam şəkildə yerinə yetirmirdi. Ancaq bankın niyə bu günə qədər bağlanmamasının səbəbləri məlum deyil. “Unibank” da böhran dövrünü sözün həqiqi mənasında güclə yola verməklə məşğuldur. Bunun ən bariz nümunəsi isə “Unibank”ın bir çox yerlərdə olan filiallarının bağlanmasını göstərmək olar. Məlumdur ki, “Unibank” sırf kredit faizlərindən gəlir əldə edən kommersiya banklarından biri idi. Artıq kredit siyasəti iflasa uğradığı üçün bu bankın demək olar ki, gəliri xərclərinin heç 20 faizini ödəmir. Məlumatlara görə, “Unibankın” bütün bunlarla yanaşı külli miqdarda xarici borcları da var. Qeyd edək ki, “Unibank” da bir neçə dəfə adını dəyişdirən banklar siyahısına aiddir və hər ad dəyişikliyi etdikdən sonra öz öhdəliklərini yerinə yetirməkdən imtina edib. AFB Bank da ağır dövrünü yaşayan banklar siyahısındadır. Ekspertlər iddia edirlər ki, bu bankın da xərcləri gəlirlərindən qat-qat çoxdur. Ehtimal olunur ki, bu bank da yaxın günlərdə ya birləşməyə gedəcək, ya da bağlanacaq. İqtisadçı-ekspert Vüqar Bayramov da bankların sayının azalması və ya azaldılması məsələsinin yenidən gündəmdə olduğunu deyib: “Monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları