Yuxarı

Maliyyə bazarına təhlükə

Maliyyə bazarına təhlükə

"Türkmən sindromu" ilə üz-üzə qala bilərik

 

"Vətəndaş öz pulunu sərbəst şəkildə banklardan çıxara bilmirsə, bu, artıq ciddi problemdir"


Fuad İbrahimov: "Verilən sərəncamlar icra olunmadığı üçün "bazar fiaskosu" yaranıb"

 

Ölkədə nağd pulun dövriyyəsi azaldıqca hökumət banklara müəyyən qadağalar tətbiq edir. Banklarda olan vəsaitlərin nağdlaşdırılmasına qoyulan məhdudiyyətlər bu gün də ciddi narazılıqlara səbəb olur. Hazırda Azərbaycan maliyyə sistemində gedən proseslər "Türkmənistan sindromu"nu xatırladır. Qeyd edək ki, Türkmənistan hökuməti bir müddət öncə vəsaitlərin nağdlaşdırılmasına müəyyən məhdudiyyətlər tətbiq etdi. Bu isə artıq öz "effektini" verməyə başlayıb.


Belə ki, artıq İstanbulun qızğın ticarət və ucuz mehmanxanaları ilə tanınan, gediş-gəlişli mərkəzi Aksaray məhəlləsinin küçələrində son zamanlar yüzlərlə  Türkmənistan vətəndaşını görmək olar. Onlar bankomatların qarşısında növbəyə dayanaraq hesablarında olan vəsaitlərini nağdlaşdırırlar. Türkmənistanda nağd valyuta mübadiləsinə rəsmi qadağa qoyulması və ölkə banklarının nağd pul verməsini məhdudlaşdırması ölkə vətəndaşlarını öz hesablarındakı pulları götürmək üçün müxtəlif yollar axtarmağa vadar edib. Nəticədə də Türkmənistan vətəndaşları pullarını nağd vəsaitə çevirmək üçün ölkə xaricinə üz tutublar. Azərbaycanda da proses bu yöndə inkişaf edir. İstisna edilmir ki, qısa müddət sonra azərbaycanlılar da eyni üsula əl atacaqlar. Bu gün banklar hər dəfə 15 min manat olmaqla 1 ayda 2 dəfə vəsaitin nağdlaşdırılmasına icazə verir. Bu isə banklarda milyonlarla vəsaiti olan şirkətlərin alternativ yol axtarmasını məcburi edir.


İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət" qəzetinə açıqlamasında eyni halın Azərbaycanda da müşahidə olunacağını istisna etmədi. F.İbrahimov hesab edir ki, bunun qarşısını almaq üçün yeganə yol sərbəst valyuta siyasətinə keçməkdir:


"Ümumiyyətlə, son dövrlərdə bank sistemində müəyyən çətinliklər yarandı. Bu səbəbdən də bir sıra vətəndaşlar banklarda olan pullarını geri ala bilmədilər. Bu hal bir neçə bağlanmış bankda müşahidə olundu. Misal üçün "Standart Bank"ın adını çəkə bilərik. Bu günə qədər də əmanətçilər uyğunsuzluqdan əziyyət çəkirlər. Depozitlərdən sığortalanma həddini aşanlar ciddi problemlərlə üz-üzə qalıblar. Banklarda olan vəsaitlərin nağdlaşdırılmasına qoyulan qadağaları da nəzərə alsaq ciddi məhdudiyyətlər yaranacaq. Vətəndaş öz pulunu sərbəst şəkildə banklardan çıxara bilmirsə, bu artıq ciddi problemdir. Bu baxımdan da kimliyindən asılı olmayaraq bu vəziyyətə düşənlər özlərinə sərbəst maliyyə mühiti axtaracaq. O, zaman hər kəs belə systemi olan ölkələrə üz tutacaq. Bizə ən yaxın olan ölkələr isə Tükiyə, Şimali Kiprdir. Bu cür məhdudiyyətlər bu gün tətbiq oluna bilər. O, zaman vətəndaşlar artıq xarici ölkələrə üz tutmağa məcbur olacaqlar. Ancaq indiki dövrdə bu çox səhv addım olar. İlk növbədə çalışmalıyıq ki, Azərbaycan regionun sərbəst maliyyə imkanları olan dövlətinə çevrilsin. Bunun üçün Sinqapur, Malayziya modellərini nümunə götürə bilərik. Əgər ölkəyə investisiyaların cəlb olunmalarını istəyiriksə, maliyyə siyasətinə azadlıq vermək lazımdır. Əgər buna məhdudiyyətlər, problemlər yaradacaqlarsa, şübhəsiz ki, hər kəs öz vəsaitini mərhələli şəkildə ölkədən çıxaracaq. Bu, artıq aksiomdur".


Ekspert həmçinin bildirib ki, verilən sərəncamlar icra olunmadığı üçün "bazar fiaskosu" yaranıb: "Belə olduğu halda isə riçaqlar işləmir. Bu isə o deməkdir ki, vəziyyəti düzgün qiymətləndirmirlər. Məsələn, valyuta mübadilə məntəqələri bağlanır, sonra yenə açılır.


Bu kimə lazım idi? Niyə bağladılar ki, niyə də açırlar. Xaricdə övladı təhsil alan valideyn valyutanı hardan olsa, tapıb göndərəcək. Bütün bu suallara aydınlıq gətirilmədən məntəqələri bağlayırlar. Vətəndaşı çıxılmaz vəziyyətdə qoymaq düzgün deyil".


Vilayət Muxtar

"





Həftənin ən çox oxunanları