Yuxarı

TAP əleyhinə təxribatlarda Rusiya izi

TAP əleyhinə təxribatlarda Rusiya izi

Natiq Miri: "Həm İtaliya, həm də Albaniyada baş verən etirazlar  Rusiyadan ayrılan maliyyənin sayəsində əmələ gəlir”

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinə qarşı müqavimət davam edir. Artıq bununla bağlı Albaniyada etirazlar başlayıb. Bir müddət əvvəl İtaliyanın cənubundakı Apuliya bölgəsində Azərbaycan qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisinə qarşı etirazlar keçirilmişdi. Əhali ilə polis arasında toqquşmalar baş vermişdi. Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi "5 Ulduz” hərəkatı və onun yaratdığı "No TAP” ictimai komitəsidir. Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edərək bildirmişdi ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil. 

Qeyd edək ki, TAP layihəsinin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanıb. Qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb. TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçı tikinti işlərini dərhal dayandırıb. Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır. Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.

Onu da bildirək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Maraqlıdır, TAP layihəsinə yönəlik təxribatların, müqavimətin nəticəsi nə olacaq? Bu qarşıdrmalar layihənin ləngiməsinə səbəb ola bilərmi?

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə bildirib ki,  bu təxribatların arxasında Rusiyanın dayanması heç kimdə şübhə yaratmamalıdır:

"Çünki TAP layihəsi Rusiyanın maraqları çərçivəsində deyil. Həm İtaliya, həm də Albaniyada baş verən bu təxribatlar məhz Rusiyadan ayrılan maliyyənin sayəsində əmələ gəlir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu qaz layihəsi Avropanın, Qərb dünyasının enerji təhlükəsizliyi maraqları çərçivəsindədir. Ona görə də bu əngəllərə rəğmən hər bir halda Avropa Birliyi strukturları imkan verməyəcək ki, bu cür qarşıdurmalar uzunmüddətli ləngimələrə səbəb olsun. Cənub qaz dəhlizinin tezliklə reallaşmasında Avropa Birliyi maraqlıdır. Bu strateji maraqlar Rusiyanın öz istəklərini həyata keçirməsinə imkan verməyəcək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları