Yuxarı

Bahalaşma anonsu verildi

Bahalaşma anonsu verildi

Natiq Cəfərli: "Bütün bu məlumatlara əslində ilkin mərhələdə psixoloji hazırılıq kimi baxmaq olar”

2016-cı ilin sonuna "Azərişıq” ASC-nin aktivləri 2 milyard 374,020 milyon manata çatıb. ASC-nin aktivləri 2015-ci illə müqayisədə 17,06 faiz və ya 346,097 milyon manat artıb. Hesabatdan aydın olur ki, şirkət ötən ili 31 milyon 288 min 554,94 manat məbləğində zərərlə başa vurub. Hesablama Palatası "Azərişıq” ASC ilə yanaşı digər bir sıra dövlət qurumlarının da zərərlə işlədiyi haqqında məlumat yayıb. Maraqlıdır, dövlət şirkətləri niyə zərərlə işləyir? Əslində bu məsələnin kökündə duran məsələ iqtisadi problemlərlə yanaşı, siyasi çalarlarla da bağlıdır. 

İqtisadi baxımdan analiz etsək, "Azərişıq” ASC-nin zərərlə işləməsi heç cür mümkün görünmür. Çünki "Azərişıq” ASC bu gün ölkədə elektrik enerjisi satan tək inhisarçı qurumdur. Bazarda "Azərişıq” ASC-yə rəqib olan digər bir qurum yoxdur. Digər tərəfdən ekspertlər bildirir ki, "Azərişıq” ASC elektrik enerjisini maya dəyərindən dəfələrlə baha qiymətə satır. Son dəfə isə Tarif Şurasının qərarı ilə enerji daşıyıcılarının qiymətinin bahalaşması bu müqayisəni daha da artırdı. Qeyd edək ki, bu gün "Azərişıq” ASC əhaliyə elektrik enerjisini 300 kilovata qədər 0.07, bundan yuxarı sərfiyyatı isə 0.11 manata satır. Bu isə kifayət qədər yüksək qiymətdir.

Ekspertlər hesab edir ki, "Azərişıq” ASC-nin zərərlə işləməsi daha çox "Azərenerji” ASC ilə yaşanan problemlərdən qaynaqlanır. "Azərenerji” ASC istehsal etdiyi enerjini "Azərişıq”a daha baha qiymətə satmağı planlaşdırır. Bu isə qiymətlərin yenidən bahalaşacağı mesajını verir. Hesablama Palatasının yaydığı məlumatlar isə psixoloji hazırlıq kimi qiymətləndirilir. 

"Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev də bu məsələdə məsuliyyət daşıyan əsas şəxslərdən biridir. Son zaman Pirverdiyev haqqında yayılan korrupsiya, yeyinti faktları da bu məsələdə kilid rolunu oynayır. Hesab olunur ki, "Azərişıq” və "Azərenerji” ASC-ni yararsız idarəetməsinin "fakturası” məhz Etibar Pirverdiyevə kəsiləcək.

"Monopolist şirkət olan "Azərişıq” niyə zərərlə işləməlidir ki?”

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində yaranan problemlərin, bu qurumların niyə zərərlə işlədiyinin əsil səbəblərinin araşdırılmadığını deyib. Ekspert əlavə edib ki, bu gün "Azərişıq”ın zərərlə işləməsinə bəraət qazandıracaq heç bir əsas yoxdur: "Hesablama Palatasının hesabatında Bakı Metropoliteninin də hələ də dotasiya hesabına işlədiyi göstərilir. Dotasiyaların böyük bir hissəsi Metropoliten işçilərinin maaşının ödənilməsinə sərf olunur. Çünki Metropolitenin özünün qazancı maaş ödəməyə çatmır. Bütün bu məlumatlara əslində ilkin mərhələdə psixoloji hazırılıq kimi baxmaq olar.

Bu növbəti qiymət artımını özü ilə bərabərində gətirə bilər. Amma söhbət ondan gedir ki, bu günə qədər dəfələrlə belə məlumatlar gedib, ancaq səbəbləri araşdırılmayıb. Yeganə inhisarçı, monopolist şirkət olan "Azərişıq” niyə zərərlə işləməlidir ki? Bunun məsuliyyəti kimin üzərindədir? Və ya hansı problemlər olub ki, bu qurum zərərə çıxıb? Baxmayaraq ki, Azərişıq enerjini maya dəyərindən dəfələrlə baha qiymətə əhaliyə, kommersiya müəssisələrinə satır. Problem ondadır ki, Azərişığın zərərlə işləməsi səbəbləri heç vaxt araşdırılmayıb.

Dövlətin nəzarətində olan bütün subyektlərdə aşağı-yuxarı eyni vəziyyət hökm sürür. Əksəriyyəti zərərlə işləyir ki, vergi ödəməsin. Bu gün bütün dövlət müəssisələrinin büdcəyə 1.4 milyard vergi borcu var. Halbuki sadə vətəndaşın, müstəqil şirkətlərin 1 manat borcu olan kimi sanksiyalar tətbiq olunur. Ancaq 1.4 milyard borcu olan dövlət şirkətlərinə heç bir sanksiya tətbiq edilmir. Bu da ölkədəki bərabərsiz iqtisadi vəziyyətin əyani sübutudur. Hesablama Palatasının yaydığı məlumat qiymət artımına mesaj olmaqla yanaşı, ciddi bir araşdırma predmeti də olmalıdır. Ciddi şəkildə araşdırılmalıdır ki, dövlət şirkətləri, iqtisadi subyektləri bu qədər yararsız idarə olunur və bunun nəticəsində həm xidmətin keyfiyyəti çox aşağıdır, həm də zərərlə işləyərək dövlətin vergisini ödəməkdən imtina edir. Açıqlanan rəsmi rəqəmlərə görə 100-ə yaxın dövlət şirkətinin 1.4 milyard vergi borcu var”.

"Zərərlə işləyən şirkətlərə nəzarət digər qurumlara verilə bilər”

Natiq Cəfərli deyib ki, bu gün dövlət qurumlarında yaranan əsas problem idarəetmənin yararsız olmasıdır. Ekspert həmçinin gələcəkdə bu qurumlarda struktur dəyişikliklərinin olacağını da istisna etməyib: "Ancaq idarəetmədə olan problemlərin qabardılması ilə problemlə həll olunmur. Azərbaycan reallığında bu məsələ adətən, idarəetmənin dəyişdirilməsi, yəni bir qurumdan alınaraq digərinə verilməsi ilə həll olunur. Ola bilər ki, gələckdə "Azərişığ”ın zərərlə işləməsini bəhanə edərək, idarəetmədə müəyyən struktur dəyişiklikləri olsun. Amma Hesablama Palatası rəsmi qurum olaraq illərdir bununla bağlı açıqlamalar verir, ancaq bir qurumda belə normal araşdırıma aparılmayıb ki, problemin səbəbləri araşdırılsın və ortalığa məsuliyyət daşıyan şəxslər çıxarılsın. Bu gün ən böyük problem məhz budur. Nə qədər ki, məsuliyyət olmayacaq, cavabdeh şəxslər məsuliyyətdən kənarda qalacaq, bu cür problemlər davam edəcək. Bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Ancaq istisna deyil ki, zərərlə işləyən şirkətlərə nəzarət digər qurumlara verilsin”.

Vilayət Muxtar

Cebhe.info





Həftənin ən çox oxunanları