Yuxarı

Ölkədən son illərdə böyük pul axını

Ölkədən son illərdə böyük pul axını

Rəşad Həsənov: "Arbitraj məhkəmələri yaradılmalı, hökumət sərmayəçiləri inandırmalıdır”

Azərbaycanın xarici ölkələrdəki sərmayələrinin həcmi artır. Hazırda Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 8 milyard dollara yaxındır. Xarici sərmayə portfelində əsas yeri Türkiyə tutur. Bundan başqa, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Yunanıstan, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında Azərbaycan şirkətləri iştirak edir. Xarici bazarlara yönəldilən maliyyə vəsaitlərinin böyük əksəriyyəti Azərbaycan Dövlət Neft Şirkətinin xətti ilə realizə edildiyindən daha çox neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrində realizə edilir. 

Türkiyə İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, 2010-2017-ci ilin fevral ayları arası dövrdə ölkəyə 140 milyard xarici investisiya qoyulub. Bu məbləğin 128 milyardı 20 olkədən gəlib. Maraqlıdır ki, Türkiyəyə ən çox investisiya qoyan ölkələr içərisində Azərbaycan 12-ci yerdədir. 2010-2016-cı illərdə Azərbaycandan Türkiyəyə 4 milyard 899 milyon dollar məbləğində yatırım edilib. Bu ilin yanvar-fevral aylarında isə 129 milyon dollarlıq investisiya yatırılıb. Azərbaycan yaxın beş ildə təkcə bir layihə üzrə - "Petkim-Holdinq"in yeni emal müəssisəsinin inşasına 5 milyard dollar investisiya qoyacaq. Gürcüstanın yanacaq-kommunikasiya şəbəkələri və dənizsahili neft emalı terminalları ARDNŞ-in maliyyə dəstəyi hesabına yaradılıb. Həmçinin, neft məhsulları satışı bazarının 75 faizi, eləcə də Gürcüstanın qazpaylayıcı şəbəkəsində əsas payçı kimi SOCAR çıxış edir. Hazırda Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi bir milyard dollar civarındadır. 

Böhranlı durumda olan Azərbaycan iqtisadiyyatının sərmayələrə ehtiyacının yüksək olduğu indiki vaxtda milyardlarla dollar vəsaitin xarici ölkələrin iqtisadiyyatına yönəldilməsi "nə dərəcədə zəruridir” sualını yaradır. Ölkə daxilində və ya xaricdə yatırım qoymasından asılı olmayaraq, hər bir investoru cəlb edən mühit olmalıdır. Bu baxımdan, Azərbaycan sərmayəçilərini xarici bazarlara cəlb edən səbəb ya ölkə daxilində əlverişli mühitin olmaması, ya da rentabelliyin digər dövlətlərdə daha yüksək olması ilə izah edilə bilər. 

Məsələni təhlil edən iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanın xarici sərmayələrinin artması normal haldır. Xüsusilə də neft gəlirlərinin kəskin artdığı dövrdə SOCAR-ın xarici investisiya siyasətini həyata keçirməsinə ehtiyac yaranmışdı. Səmərəli layihələrin seçilməsi və xarici ölkələrdə investisiya yatırılması məqsədəuyğundur. Bu da SOCAR-ın gəlirlərinin yüksəlməsinə səbəb oldu. Lakin şəffaflığın təmin olunması, vəsaitlərin səmərəli istifadə olunması qaydalarına da ciddi əməl edilməlidir: "Amma həmin layihələrin bir çoxu neftin 120-130 dollara satıldığı dövrdə hazırlandığı üçün onu dayandırmaq mümkün deyil. İndiki halda SOCAR-ın investisiya layihələrindən geri çəkilməsi ciddi zərərə gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında investisiya imkanları xeyli məhduddur. Son 25 ildə Azərbaycanda ilkin kapital formalaşmasında tarazlıq pozuldu və daha çox oliqarxizm meyilləri hiss olundu.

Kapitalın bir neçə nəfərin əlində cəmləşməsi ölkə iqtisadiyyatına maliyyə çıxış imkanlarını məhdudlaşdırır. Azərbaycan iqtisadiyyatına sərmayə yatırım imkanları o halda düzgün olardı ki, SOCAR-ın fəaliyyət göstərdiyi sahələrə uyğun olsun. SOCAR-ın gəlirlərinin diversifikasiya olunması neftin hasilatının və qiymətinin azaldığı bir dövrdə SOCAR-ın gəlirlərində sabitliyin təmin olunması məqsədi daşıyır. Türkiyə iqtisadiyyatına 20 milyard dollar həcmində Azərbaycan investisiyalarının axınından söhbət gedir. Bunun növbəti illərdə də həyata keçirilməsi ilə bağlı öhdəliklər var.

"Star” neft emalı zavodunun inşası yekunlaşmaq üzrədir ki, bu da gələcəkdə SOCAR-a maliyyə vəziyyətini müəyyən qədər tarazlamağa kömək edə bilər. Amma limanın tikilməsi mübahisəlidir. Çünki iri həcmdə investisiya layihələrinin həyata keçirilməsində SOCAR-ın təcrübəsi, eləcə də gəlir baxımından neft daxilolmalarının yaradacağı risklər belə layihələr daxil olan zaman nəzərə alınmalıdır. Ancaq Türkiyəyə sərmayə axınında yalnız SOCAR deyil, eyni zamanda özəl sektor da iştirak edir. Türkiyənin daşınmaz əmlak bazarına Azərbaycandan ciddi axın var. İnvestisiya mühitinin liberal olmaması, investisiya təminatındakı boşluqlar, məmur müdaxilələrinin geniş yayılması Azərbaycan iqtisadiyyatını yatırımdan məhrum edib. Dil, mədəniyyət baxımından Türkiyəyə axın daha da artıb. Həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatına yönəldilməsi üçün hökumətin bu istiqamətdə müəyyən təşviqedici siyasətinə ehtiyac var. Əvvəllər neft gəlirləri hesabına büdcə xərcləmələrinə hesablanan şişmiş bir iqtisadiyyat var idi. Büdcə xərcləmələri müəyyən iqtisadi subyektlərin, şirkətlərin fəaliyyətini genişləndirir, iqtisadi inkişafa səbəb olurdu. Bank sektoru kredit sektorunu da sürətlə böyüdürdü ki, bu da iqtisadiyyatı dəstəkləyirdi. Kredit faizləri yüksək olsa da biznes aktivliyinə azacıq təsir edib yeni sahibkarlıq təşəbbüslərinin yaranmasını təşviq edirdi. Hazırda bank sektoru çöküb və iqtisadiyyata yatırımlar yoxdur. Belə bir şəraitdə yerli və xarici investisiyaların cəlb edilməsi üçün yeni strategiyanın hazırlanmasına ehtiyac var”. 

Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda investisiya mühitinin kifayət qədər riskli olması iş adamlarını xarici bazarlara üz tutmağa vadar edir. Məmur biznesi, oliqarxiya iqtisadiyyata mənfi təsir göstərir: "Amma qonşu Gürcüstan iqtisadiyyatı hər gün liberallaşdırdı. Bu da azərbaycanlı investorların Gürcüstana axması üçün şərait yaratdı. Rusiya böyük dövlət olduğu üçün orada investorlar daha aşağı qiymətləndirlir. Bu axınların baş verməsində hökumətin hazırladığı təşviqedici proqramlar da mühüm rol oynayırdı. Türkiyədə daşınmaz əmlakın xarici vətəndaşlar tərəfindən alınmasına icazə 2014-cü ildə verilib. Bu da Azərbaycandan Türkiyəyə sərmayə axınını sürətləndirdi. Bu da biznes mühtinin cəlbedici olmasından qaynaqlanır”. 

Xatırladaq ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra yaranmış maliyyə-iqtisadi böhranı aradan qaldırmaq üçün ekspertlər investisiyaların cəlb edilməsini təklif etmişdi. Dövlət başçısı İlham Əliyev də icra hakimiyyəti orqanlarına iqtisadiyyata sərmayələrin cəlb edilməsini tapşırmışdı. Lakin son iki ildə Azərbaycanın investisiya reytinqi beynəlxalq təşkilatlar tərəfindən aşağı qiymətləndirilib. Ölkə iqtisadiyyatına iri məbləğdə yeni sərmayələrin cəlb olunması müşahidə edilməyib. 

Rəşad Həsənovun fikrincə, Azərbaycanın investisiya-biznes reputasiyası üzərində işlər görülməlidir. Hökumət gördüyü tədbirlərin səmimi olduğuna yerli və xarici sərmayədarları inandıra bilməlidir. Eyni zamanda, hüququn aliliyinin təmin olunması üçün məhkəmə sistemində islahatlar aparılmalıdır. Ekspert xüsusi olaraq, Azərbaycanda Sinqapur modelinə bənzər, beynəlxalq heyətdən ibarət arbitraj məhkəməsinin yaradılmasını təklif edir. Xarici valyutaların daxil olmasına isə üstünlük verilməlidir. Çünki xarici sərmayəçilər özləri ilə valyuta ilə yanaşı, həm də yeni texnologiya gətirə bilərlər. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları