Yuxarı

TAP-a erməni səddi

TAP-a erməni səddi

Elçin Mirzəbəyli: "Həm "5 ulduz” hərəkatı, həm də ermənilərin fəal ekoloji təşkilatlarıprosesdə iştirak edirlər”

Ölkə başçısı bu günlərdə öz çıxışında Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyətin sabit olduğunu qeyd edib. Onun sözlərinə görə ölkədəki hazırkı iqtisadi vəziyyət dayanıqlıdır: "Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıbdır, xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər.Əlbəttə, bu gün qarşımızda duran vacib məsələlərdən biri Cənub Qaz Dəhlizinin başa çatdırılmasıdır.Azərbaycan bu istiqamətdə də öz tərəfdaşları ilə uğurlara imza atıbdır."Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir.

Mən sözlərimi əsaslandırmaq üçün bəzi rəqəmləri də səsləndirə bilərəm.Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir."Şahdəniz-2” layihəsinin icrası 93 faizə çatıbdır.İkinci layihə Cənubi Qafqaz kəməridir.Orada icra səviyyəsi 85 faizdir.Üçüncü layihə Trans-Anadolu qaz kəməri - TANAP-dır.Burada işlərin 72 faizinin görülməsi təmin edilib.Dördüncü layihə Trans-Adriatik kəməri - TAP-dır.Orada isə icra səviyyəsi 42 faizdir.Onu da qeyd etmək istəyirəm ki, plana görə TAP-ın icra səviyyəsi bu günə 45 faiz olmalı idi.Yəni ki, o səviyyəyə yaxındır.Mən bunu xüsusilə vurğulamaq istəyirəm.Çünki Azərbaycan ictimaiyyəti bilir ki, TAP layihəsini əngəlləmək üçün indi böyük səylər göstərilir, qruplar təşkil olunur, ekoloji məsələlər bəhanə kimi ortalığa atılır.Bizdə olan məlumata görə, bunun arxasında böyük pullar dayanır.Yəni, o qruplar süni şəkildə, heç bir əsası olmadan təşkil edilir.Amma aydındır nə üçün, bu layihəni dayandırmaq, yaxud da ki, ləngitmək üçün?Bütün bunlara baxmayaraq, TAP layihəsinin icrası plandan cəmi 3 faiz geridədir.Ona görə, əminəm ki, bu layihənin icrasında da heç bir problem olmayacaq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə bildirib ki, ölkə başçısı çıxışında real situasiyanı ictimaiyyətin diqqətinə çatdırıb:

"Əslində proqram çərçivəsində çox ciddi ekoloji tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihəni həyata keçirən şirkətlər kəmərin keçdiyi ərazilərin ekoloji cəhətdən daha da yüksək səviyyəyə çatdırılması və qorunması istiqamətində iş görür, nəinki ekologiyaya ziyan vururlar. Bütün bu prosesin arxasında İtaliya parlamentində 20 faiz səslə təmsil olunmuş "5 Ulduz” siyasi hərəkatı dayanır.Həmin qrupun Azərbaycana qarşı münasibətləri kəskindir və onlar ayrı-ayrı dövlətlərin iqtisadi maraqlarını ifadə etdiyi kimi çıxış edirlər.İtaliya mətbuatında "5 Ulduz” hərəkatının Rusiyanın hakim partiyası ilə yaxın əlaqələrinin olduğu barədə çoxsaylı məqalələr dərc olunur.

Əslində onlar Rusiya ilə yaxınlıqlarını gizlətmirlər.Eyni zamanda Rusiyanın ən böyük və dünyada ən çox neft-qaz çıxaran Qasprom şirkətinin bu siyasi hərəkatın seçki kampaniyasını maliyyələşdirdiyi də bildirilir.Bütün bu informasiyalar İtaliya mətbuatında mütəmadi yayılır.Çox güman ki, bu məlumatların da əsasında real faktlar dayanır”.

Politoloqun qənaətincə, TAP Avropanın enerji təhlükəsizliyinə ciddi dəstək verən layihədir:

"Ola bilsin ki, enerji layihələri vasitəsilə öz geosiyasi maraqlarını ifadə etməyə çalışan dövlətlər TAP layihəsinə qarşı bu cür təxribat xarakterli addımlar atsınlar. Oxşar təxribat xarakterli addımların sırasında Bakı-Tiblisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin çəkilişi zamanı həyata keçdiyinin şahidi olmuşuq. O vaxtı prosesdə Samsxe-Cavaxetiya regionunda yaşayan erməni QHT-lər və əhali aktiv şəkildə iştirak edirdi.  İtaliyada da oxşar vəziyyət var, həm "5 Ulduz” hərəkatı, həm də ermənilərin fəal ekoloji təşkilatları da bu prosesdə iştirak edirlər.

Təbii ki, bütün bunlara baxmayaraq İtaliya hökuməti layihəni ciddi şəkildə dəstəkləyir.Çünki bu ilk növbədə İtaliyanın öz maraqlarına uyğundur.Məlumdur ki, TAP-ın həyata keçirilməsi İtaliyanı qazpaylayıcı dövlətə çevirəcək.Bu da Avropanın enerji təhlükəsizliyində İtaliyanın mühüm yer alması anlamına gəlir.Nəzərə alaq ki, bu prosesdə maraqlı olmayan qüvvələr də var. Vaxtı ilə oxşar missiyanı Qazprom vasitəsilə Almaniya həyata keçirirdi.Ola bilsin ki, bu məsələdə Avropanın hansısa dövlətlərinin ayrıca maraqları da var. Amma buna baxmayaraq TAP layihəsi nəzərdə tutulan qrafik üzrə həyata keçirilir və vaxtında da başa çatdırılacaq”.

Qeyd edək ki, bu il yanvar ayının sonu İtaliyanın cənubundakı Apuliya bölgəsində Azərbaycan qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisinə qarşı etirazlar keçirilib. Əhali ilə polis arasında toqquşmalar baş verib. Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi "5 Ulduz” hərəkatı və onun yaratdığı "No TAP” ictimai komitəsi olub. Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir.Ümumiyyətlə, bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil.

Həmçinin TAP layihəsinə qarşı növbəti müqavimət may ayında Albaniyada qeydə alındı. Kəmərin ərazidən keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanıb.Qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb. TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçı tikinti işlərini dərhal dayandırıb.Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib.Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır.Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.

Onu da bildirək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır.

Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb.Borunun uzunluğu 878 km təşkil edir.Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər).

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları